“Qara qutu”lar danışır – Yaddaş

2086

(Laçın rayonu uğrunda gedən döyüşlərin iştirakçısı olmuş Çingiz Məmmədovun gündəliyi əsasında)

Telefon zəng çalırdı. Özü də sanki bir az yüksək səslə və həyəcanla. Səriyyə nənə həyətdən özünü yetirib dəstəyi qaldırdı.

– Alo.

– Nənə, uşaqlardan bizdə kim var?

Xəttin o başından səsi gələn Çingiz idi.

– Heç kim, ay bala, nə olub ki? – deyə Səriyyə nənə narahatlıqla soruşdu.

– Heç nə.

Səriyyə nənənin “yox, ay başına dönüm, elə bil nəsə olub, axı” sözlərini isə Çingiz eşidə bilməzdi, çünki o, artıq dəstəyi asmışdı. Ancaq ana oğlunun səsindəki təlaşı hiss etmişdi. Səriyyə nənənin narahatlığı əbəs deyildi. Ermənilər Dağlıq Qarabağda həmlələrə açıq-aşkar başlamışdılar…

Az sonra isə kənddə səs-küy qopacaq, qonşu rayonlarda ermənilərin etdiyi hücumlardan sonra kəndin onsuz da pozulmuş rahatlığı bir az da pozulacaqdı… Artıq hər kəs təhlükənin daha da yaxınlaşdığını, düz evinin kandarında olduğunu hiss edəcəkdi…

***

Güləbird Laçının iki ən böyük kəndindən biri idi. Kənd camaatı daha çox əkinçilik və heyvandarlıqla məşğul olurdu. Düzdür, Dağlıq Qarabağda baş verənlər Güləbirdin də yaşamına təsir etmişdi, ancaq gündəlik həyatındakı rutinləri dəyişdirməmişdi. Yalnız posta çıxmaq, əkinçilərlə birgə biçənəklərə yollanmaq kənd gəncləri üçün sanki əlavə normativə çevrilmişdi.

Kənddə hamı gözəl başa düşürdü ki, digər rayon və kəndlərimiz kimi Güləbird də heç nədən sığortalanmayıb və kəndin, kənd camaatının mühafizəsi daha çox özlərinin sayıqlığından asılıdır.

***

… Birdən xəbər yayıldı ki, erməni silahlıları əkin sahəsindəki kənd traktorçularına hücum edib.

Çingiz, Şahin, Yəhya və Əlyar Mətləbin maşını ilə əkin sahəsinə yola düşürlər. Bir azdan Cicimli kəndindən olan polis əməkdaşları da hadisə yerinə yetişirlər. Başqa qonşu kəndlərdən də gələnlər var. Ancaq təhlükə artıq demək olar ki, tamamilə sovuşub. Gəray düşmənə cavab verib və qarşı tərəf geri çəkilməyə məcbur olub.

Gəray şəhər polis idarəsinin əməkdaşıdır və kənddə polis əməkdaşı kimi yeganə avtomat silahı da məhz ondadır… Bu, Güləbirdə edilmiş ilk həmlə, bu kənddə ermənilərlə baş verən ilk atışma və bir də son illərdə bu kəndi həyacanlandıran ən ciddi hadisə idi.

***

1992-ci ilin soyuq yanvar günləri Laçın da Azərbaycan Milli Ordusunun ilk bölmələrinin yaranmasına şahidlik edir.Könüllülərdən ibarət hərbi hissələr yaradılır. Bakıdan arabir gələn rəsmilər ordunun vəziyyəti və müharibənin ayrı-ayrı detalları ilə maraqlanır. Arif Paşayev Laçın batalyonunun komandiri təyin olunur.

Güləbirddəki hərbçilərə rəhbərlik isə Xurşuda həvalə olunur. Kəndin könüllüləri artıq kəndin yuxarısında – Qız qəbri deyilən ərazidə səngər qazıblar. Getdikcə kəndin polis əməkdaşlarının sayı da artır –  Qorxmaz,Vüqar, Əlvan da artıq polis sıralarındadır.

Bütün bunlar nə qədər yaxşı idisə və nə qədər bir az rahat nəfəs almağa imkan verirdisə, bir o qədər də narahatlıq yaradırdı – çünki hər şeyin bu qədər ciddi şəkil alması artıq müharibənin – güllə-boranlı, dəhşət və qan qoxuyan günlərin yaxınlaşdığından xəbər verirdi.

Bəlkə də, həmin qış günlərində heç kimin ağlına gəlməzdi ki, bu gələn bahar özü ilə xoş heç nə gətirmir. Tezliklə çox şeylər baş verəcəkdi –  Azərbaycan iki alınmaz qalasını onca günün içində itirəcək, bir-birindən böyük kəndlər, Şuşa və Laçın bir-birinin ardınca düşmənə təslim ediləcək, bir neçə uğurlu əməliyyatın döyüş planı tamamlanmasına az qalmış düşmənə satılacaq, saysız-hesabsız qurbanlar veriləcəkdi…

***

18 Aprel 1992-ci il. Bakı şəhəri. Müdafiə Nazirliyinin binası. Eynəyini azacıq burnunun üstünə itələmiş polkovnik “İzvestiya” qəzetinin 14 aprel 1992-ci il tarixli buraxılışını vərəqləyir. Polkovnik Maksim Yusinin “Rus diplomatiyasının Qarabağ gedişi” adlı məqaləsinin bir neçə məqamını diqqətlə – ikinci dəfə gözdən keçirir: “Mənimlə Stepanakertdə görüşən yerli döyüş dəstələrinin birinin komandiri söyləyir ki, əgər azərbaycanlılar blokadanı götürməsələr, biz güc bahasına Ermənistana dəhliz – yol açacağıq. Bu döyüşlərdə 10 min nəfər itirsək belə, qalan 190 mini xilas etmiş olacağıq… Ermənilərin strateji məqsədi öncə Şuşanı, ardınca Laçını ələ keçirmək, daha sonra isə ensiz ərazini tutmaqla Qarabağı Ermənistanla birləşdirməkdir. Nəhayət, əlverişli şəraitdə müharibə aparmaqla Azərbaycanı onların suverenliyini tanımağa məcbur etmək”. Və daha bir məqam: “İran və Türkiyə Azərbaycanın potensial müttəfiqləri ola bilərdilər. Lakin Ankara Avropa Birliyi ilə onsuz da yaxşı olmayan münasibətlərini korlamaq istəməyərək sözdə, simvolik olaraq Azərbaycanı müdafiə etdiyini bildirdi. Rəsmi Tehran isə ölkənin şimalında Azərbaycan separatizminin baş qaldırmasından qorxaraq səssiz qaldı”.

May ayının 4-dür. Laçından keçərək Şuşaya tərəf üz tutan maşınların ardı-arası kəsilmək bilmir. Şuşa yolu Güləbirdə çox yaxınlıqdan uzanıb getdiyindən kənddən Şuşaya doğru yol alan maşınları bircə-bircə də saymaq olardı. İlk əvvəllər heç kim heç nə başa düşməsə də, artıq iki gündən sonra hər şey aydın idi – Şuşa boşaldılırdı, şəhər kütləvi şəkildə köçürülürdü. Bəli, hər şey bu qədər bəsit baş verirdi – zarafat deyildi, bir vaxtların alınmaz qalası heç vaxt olmadığı qədər müqavimətsiz, gücsüz və qürursuz görünürdü. Artıq Laçın üçün vəziyyət bir az da qəlizləşirdi, Şuşanın itkisindən sonra döyüş meydanında açıq oynamaq qaçılmaz idi. Qüvvələr nisbətinin fərqi isə qarşı tərəfin xeyrinə olduğundan Laçının da aqibəti qaranlıq görünürdü. Bircə bu yaxşı idi ki, Laçında belə düşünməyənlər çox idi.

Mayın 8-ci günüdür. Şuşa-Laçın yolu tam bağlıdır. Artıq hər şey aydındır: Şuşa bütünlüklə təslim edilib. Güləbird Şuşadan cənuba – geriyə doğru hərəkət etməkdə olan ordunu, əhalini, heyvanatı tənha yalquzaq baxışları ilə yola salır…

***

… Şuşanın işğalından bir gün sonra Daxili İşlər naziri Tahir Əliyevin, Laçın polkunun komandiri Arif Paşayevin, Laçın Rayon Polis İdarəsinin rəisi Akif Səlimovun və DTK-nın yerli bölməsinin rəisi, mayor Rasim Şirəliyevin iştirakı ilə müşavirə keçirilirdi. Həmin toplantıda A.Paşayev bildirdi ki, Milli Ordu əks kəşfiyyatının verdiyi məlumata görə, ermənilər Qarabağ tərəfdən üç istiqamətdə Laçına hücuma hazırlaşırlar. Hücumun ayın 11-də başlanması gözlənilir. Birinci istiqamət Laçın şəhərindən şimalda, Fingə kəndindən aşaraq Pircahan-Laçın yoluna yönəlməlidir. Məqsəd şimala çəkilə biləcək qüvvələrə zərbə endirmək, rayonu iki yerə ayırmaqla idarəetməni iflic etməkdir.

İkinci istiqamət Turşsu-Laçın şossesi, Yexsaoq erməni kəndi tərəfdən Laçın dağına çıxaraq yuxarı Laçından (Laçın kənd) şəhərə girmək, erməni kəndi – Qaladərəsi ərazilərindən enərək Ağanus-Laçın yolunu bağlamağa hesablanmışdı. Məqsəd şəhəri tam olaraq ələ keçirmək, rayonun Qubadlı istiqamətində olan kəndləri ilə əlaqəni kəsməkdir.

Üçüncü istiqamət erməni silahlılarına Laçın rayonunun cənub ərazilərinin, Dağlıq Qarabağın Hadrut rayonunun Arpagədik, Xozaberd kəndləri istiqamətlərindən enərək Laçın-Qubadlı yolunu bağlamağa imkan verməli idi. Bu istiqamət üzrə məqsəd isə Laçın koridorunu aça bilməsələr, Qubadlı yolunu bağlamaqla Laçın rayonunu bütövlükdə respublikadan təcrid edib, əhalini çox sayda əsir götürmək, Güləbird, Cicimli kəndlərini Ermənistanla birləşdirən yollardan istifadə etməklə Ermənistanla birləşmək idi.

… Artıq Güləbirddə də gözəl başa düşürlər ki, qadın və uşaqları kənddə saxlamaq təhlükəni və həyacanı artırmaqdan başqa bir şey deyil. Və beləliklə, bir neçə günün içərisində qadın-uşaq kənddən çıxarılır – kənd bütünlüklə müharibəyə, qanlı döyüşlərə köklənir. Laçını tərk edən əsgərlərdən xeyli silah-sursat alınaraq güləbirdlilərə paylanır.

***

May ayının sonuncu on günlüyüdür. Güləbirdli gənclər bir neçə istiqamətdə postlarda növbə ilə keşik çəkirlər – bir qrup Mazutlu-Uçangab istiqamətində, bir qrup Qız qəbrində, bir qrup Böyük Dərədə, bir qrup isə Nəzərxirmanında. Atəş səsləri isə artıq adi qarşılanır, müharibə hər an, hər adımda hiss olunur. Həmişə qaynayan, minik və yük maşınlarını daşıyan Laçın yolu indi yalnız əsgərlərin və hərbi texnikanın ixtiyarındadır. Elə Güləbirddə də daha xoş əhval-ruhiyyəni, işinə-gücünə tələsən kənd əhlini müharibə görüntüsü və müharibə həyəcanı ilə dolu olan, azsaylı əlisilahlılar əvəz edir.

Ayın 20-22-də isə bizim silahlı qüvvələrimiz Mığıdərə və Malxələfi də itirir. Postlardan qonşu kəndlərin necə alova, tüstüyə qərq olduğu açıq-aydın görünür. Elə həmin gün də Güləbird ilk şəhidini verir – postdan kəndə – kəndin girəcəyindəki körpüyə qayıdan uşaqlar qulaqlarına inanmaq istəmirlər: Əhliman şəhid olub. Əhliman və Köhnəkənddən bir oğlan. Dəhşətdir – heç kəs bu acı həqiqəti qəbul edə bilmir, amma nə yazıqlar ki, artıq Əhliman onlarla olmayacaq… Hava artıq qaralıb, kənd uşaqları ermənilərin eybəcər vəziyyətə saldıqları Əhlimanın meyitini kənddəcə dəfn edirlər…

***

Tank qarşısındakı hədəfləri fərq qoymadan darmadağın edir – kəndin bir neçə yerindən tüstü qalxır. Ermənilərin Malxələfdə xüsusilə  cəmləşdiyi ehtimal edilən iki binanın dağıldığı çox uzaqdan da aydın görünür. Hərbi dəstələrimiz bir neçə istiqamətdə kəndə yaxınlaşır.

Ermənilər silah-sursatlarını belə götürmədən kəndi tərk edib qaçmalı olurlar. Beləliklə, piyada dəstələrimiz Malxələfə daxil olur, kənd tamamilə azad edilir.

Bir az sonra isə xəbər gəlir ki, tank kəndə 400-500 metr qalmış minaya düşüb. Ermənilər isə Qayğı qəsəbəsi və “Qoz bağı” istiqamətlərində əks həmləyə başlayır. Kənddəki hərbi dəstələrə isə heç bir əlavə kömək gəlmir. Bizim hərbi birləşmələr Malxələfi qurtaracağına və Mazutluya doğru geri çəkilməyə məcbur olurlar. Atışma yenidən başlanır, bir tərəfdən tankın sıradan çıxması, bir tərəfdən güllə ehtiyatının azalması, bir tərəfdən isə aclıq və yorğunluq bizim hərbi dəstələri mövqelərini geri çəkməyə vadar edir. Dəstələrimiz arasında əlaqənin itməsi isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Və təəssüf ki, səhər saatlarında azad edilən kənd axşam saatlarında yenidən itirilir.

***

Otaqda bir-birindən bir az aralı düzülmüş 5-6 çarpayı vardı. Lap başdakı çarpayıdakı əsgərin iniltisi ürək sızladırdı. İrigövdəli, 23-25 yaşlı gənc qolunu itirmişdi. Deyilənə görə, Laçın istiqəmətində gedən döyüşlərdə erməni qrantamyotunun mərmisi düz onun qolundan  dəymişdi. Amma o, otaqda ən ağır yaralı deyildi. Sadəcə, ən sonuncu gələn idi. Düz onun yanındakı çarpayıda Şuşa ətrafındakı döyüşlərdə yaralanmış polis kapitanı uzanmışdı – əgər buna uzanmaq demək olardısa – kapitan az qala bədəninin yarısını itirmişdi, düşdüyü mina onu ayaqlarından məhrum etmişdi. Hamının “Papanin” kimi tanıdığı xəstəxana elə bir gün ola bilməzdi ki, yaralı əsgər qəbul etməsin.

Çingiz də Güləbirdə xidmət edən sumqayıtlı, bir neçə gün öncə yaralanmış əsgərlərdən birinə baş çəkmək üçün burada idi.

***

Avqust-sentyabr aylarını Güləbird top mərmiləri altında keçirir. Bununla belə camaat doğma kəndini tərk etmir. Sentyabrın sonlarında isə nəhayət, Lənkəran-Qusar batalyonu yardıma gəlir. Kənd bu batalyonu həm sevgi, həm də heyrətlə qarşılayır. Əsasən talış və ləzgilərdən ibarət olan batalyon çox əla silahlanmışdı. Güləbird yəqin ki, bu günə qədər bu həcmdə hərbi texnikanı köksü üstə almamışdı… Məqsəd isə ən qısa zamanda Laçının geri alınması idi. Qızartı yüksəkliyi demək olar ki, hər gün bizim yüksəkliklərdən qrad atəşinə tutulurdu…

***

– İlanlar eşitmir.

– Qarışqalar yatmır.

– Kirpilər suda batmır.

– Pişiklər şirini hiss etmir.

– Sürüdəki dişi fillər sıra ilə balalayır.

– Kişilər həyatlarının 3350 saatını üzlərini qırxmağa sərf edir.

İnqilab peçin yaxınlığındakı kravatda uzanıb balaca kitabçadakı maraqlı faktları gözdən keçirirdi. Radiodan isə Oqtay Ağayevin səsi eşidilirdi:

… Yadındamı ötən günlər
Qəm çoxalıb, ömür azalıb
Üzümüzdə, alnımızda
O illərdən izlər qalıb

Gəl əzizim, keçənləri
Yada salaq dönə-dönə
Ötən günə gün çatarmı?
Calasan da günü-günə…

“İnqilab, sabah “Susuz dağ”a hücum olacaq, sonra isə ola bilər ki, “Qızartı”ya” – posta çıxmağa hazırlaşan Alış sakit səslə, adi tərzdə dedi…

Bəzən həyacanla, emosionallıqla gözlədiyimiz hadisələr çox adi, sıradan alınır. Bəzən isə əksinə – vərdiş etdiyimiz nəsnələrin altından ən gözlənilməz sürpizlər çıxır…

***

Çingizin gündəliyindən:

03.10.92. “Susuz dağ”a hücum başlanır. Bizi də postdan geri çağırırlar. Hacı, mən, Şəmşir kömək üçün kəndə qayıdırıq. Əməliyyat çox güclü alınır. Bəhruzun atdığı qrantamyot mərmisi düz ermənilərin sığınacağına duşmüşdü. Onlar 9 nəfər itki verərək postu qoyub qaçmışdılar. Həmin gecə güclü yağış başlayır. Biz acından birtəhər olmuşuq. Ocaq qalayıb yanında oturmuşuq. Artıq yağış kəsib, ancaq şaxta sanki iliyə işləyir. Səhəri gün biz meyitləri də götürüb Güləbirdə gəlirik. Meyitlərdən biri isə Dəyhanlı İsa müəllimin imiş. Sən demə, ermənilər onu Laçından çıxanda girov götürüblərmiş… Həmin gün o, Fərəcanda dəfn olunur.

***

Güləbird körpüsünün yaxınlığında xeyli əsgər var idi. Batalyon komandiri Əlyar əlini yerə dayadığı avtomata sıxıb aram-aram türk jurnalistin suallarını cavablandırırdı. Komandir 8 ay öncəki əməliyyat barədə – Daşaltı kəndinə edilmiş uğursuz hücum barədə təəssüflə danışır, jurnalist isə qeydlər aparırdı:

– Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndinin düşməndən azad edilməsi olduqca ciddi əhəmiyyətə malik idi. Çünki həmin vaxt – söhbət yanvar ayından gedir – Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu var idi. Kərkicahan işğal olunduqdan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Təkcə Laçın yolu qalırdı ki, oranı da Daşaltı kəndi də işğal olunduğundan ermənilər atəş altında saxlayırdılar. Belədə, Daşaltını azad etmək üçün xüsusi əməliyyat hazırlandı. Əməliyyatda könüllülərdən ibarət 3 bölük və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edirdi. Əməliyyat yanvarın 25-də axşam saat 10.00-da başlandı və növbəti günün axşam saatlarında uğursuzluqla başa çatdı.

Amma sonralar bu əməliyyat barədə çox fikirlər səslənəcəkdi, kimi sadəcə, taktiki səhvlərin, qruplar arasında rabitə əlaqəsinin olmamasının, əməliyyat sirrinin yayılmasının ucbatından Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələrinin düşmən pusqusuna düşdüyünü, kimi isə hətta əməliyyat zamanı hərbçilərimizə bələdçilik etmiş şəxsin erməni olduğunu iddia edəcəkdi.

Bu faktlar isə dəyişməz olaraq qalacaqdı: 150-yə qədər hərbçimizin iştirak etdiyi əməliyyat zamanı 70-ə yaxın əsgər və zabitimiz şəhid oldu, 55 hərbçimiz itkin düşdü, 9 nəfər isə əsir götürüldü. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə hadisə yerinə baxış keçirilsə də həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmadı…

***

10.10.1992. Saat 16.00 radələridir. Ermənilər “Qız qəbri” istiqamətindən kəndə hücuma keçirlər. Güləbirddəki bütün qüvvələr kəndin ayağındakı körpüyə tərəf çəkilməli olur. Ermənilər körpünü və ətrafını tank və qrantamyotlarla atəşə tuturlar. Mərmilərdən birinin qəlpələri beyləqanlı oğlanın həyatına son qoyur, Rizvan başından yüngül yaralanır. Ermənilər atəşi davam etdirərək irəliləyir, bizimkilər isə kəndin xəstəxanasına doğru çəkilirlər. Muradxanlı kəndində olan dörd tankımızsa müəmmalı şəkildə yardıma gəlmir. Geri çəkildikcə dəstələr arasında rabitə itir, qüvvə bir qədər də zəifləyir. Ən öndəki dəstədə cəmi doqquz nəfər qalıb: Rizvan, Ramiz, Məhərrəm, İnqilab, Qorxmaz, Cəlal, Səxavət, Habil və Çingiz. Ağır texnika ilə silahlanmış ermənilərin qarşısında – bizimkilərdə olan ən iriçaplı silah Cəlaldakı pulemyotdur…

Dəstəyə Rizvan başçılıq edir. Rizvan uşaqlara ermənilərin bir az da irəliləməsinə imkan yaratmağı tapşırır. Və beləliklə, qarşı tərəfin rahatlığından istifadə etmək vaxtıdır.

Çingizin gündəliyindən:

Biz birdən onları atəşə tuturuq, güclü atışma başlayır, pulemyotun səsi vahimə yaradır. Ermənilərin tankının səsi isə artıq gəlmir. Qışqırtıları eşidilir, çaş-baş qalırlar. Tərslikdən bizim patronlarımız da qurtarmaq üzrədir. Çaydan keçib Həkərli kəndində bizi gözləyən tankların yanına gedirik. Rizvan əsəbiləşib, “əclaflar, hamınızı güllələyəcəm” deyə qışqırır.

Daha sonra biz bir BMP götürüb Güləbirdə tərəf qayıdırıq. Körpüyə çatır, burdan kəndə atmağa başlayırıq. Səhərə kimi elə körpüdə qalırıq.

12.10.92. Səhər işıqlanmamış kəndə daxil oluruq. Sən demə, ermənilər tankı qoyub qaçıblarmış. Kənd yenidən bizdədir. İlahi, bundan böyük sevincmi, bundan böyük qələbəmi olar?! Biz bir-birimizi öpüb, qucaqlayır, təbrik edirik.

***

20.01.1993. Qanlı yanvar günü. Biz Cəfərəbaddan Qızartıya hücuma keçirik. Bizim bölük erməni postunun sağ tərəfinə keçir, bakılı Süleyman Türklər, Kamil isə 20 nəfərlə Qızartının arxasına keçir. Biz axşamdan öz yerimizi tutmuşduq, ancaq soyuq və aclıq hər kəsi əldən salmışdı. Artıq işıqlanır. Gözlərimin qarşısında bir erməni postda var-gəl edir, ancaq hələ atmaq olmaz…

Bir az sonra atışma başlanır, mənim bölüyüm erməni postunun 50 metrliyinə qədər irəliləyib. Elə bu vaxt  məndən 20 metr arxada qaxlı Zeynəddini vururlar, ardınca 5 nəfər də yaralanır. Muxtar müəllimgilin bölüyünün də vəziyyəti ağırlaşır, Abdulla yaralanır, az sonra Kamil də güllə yarası alır. Bu vaxt Valehin tankla atdığı mərmi palıd ağacını göyə sovurur, ağacın altında qalmaqdan bizi sadəcə, təsadüf xilas edir. Biz çətinliklə Muxtar müəllimgilin qüvvələri ilə birləşirik.  Ermənilərə isə Gorus rayonu tərəfdən bir vertalyot köməyə gəlir. Və biz geri çəkilməyə məcbur oluruq. Geri qayıdarkən döyüşün nə qədər ağır keçdiyini hiss edirik. İlahi, bu dar cığırlarda insan qan gölündən hərəkət etmək olmur. Hər tərəf qanlı əsgər paltarlarıdır. Bizim 20-yə yaxın yaralımız və bir şəhidimiz var idi. Mən Zeynəddinin meyitini Güləbirdə gətirirəm. Əmisi oğlu da oradadır. Biz Məhiyəddinlə cibimizdə olan 2400 manatı ona verib, meyiti Qaxa yola salırıq.

Yanvar ayı ərzində Qızartı istiqamətində edilən çoxsaylı hücumlar heç bir nəticə vermir. Təəssüf ki, hər dəfə ağır itkilərlə geri çəkilməli oluruq. Qızartı artıq “qan çanağı”dır.

***

“27 avqust 1993-cü il. Biz bu gün Güləbirdi itirdik. 12 şəhid versək də, kəndi qoruya bilmədik və artıq bir neçə saatdır ki, kəndin ayrı-ayrı yerlərindən tüstü qalxdığını görürük”, – deyə arabir döyüş əməliyyatları barədə qeydlər edən Çingizin vərəqlərindən bir neçəsinə qan bulaşmış gündəliyində yazılmışdı…

Epiloq əvəzi

“… Bax, kəndin düz bu hissəsində biz erməniləri atəşə tutduq. Onlar gözlənilməz hücumdan başlarını itirib geri qaçmağa başladılar. Biz onları təqib etməyə başladıq, qaçıb canlarını qurtara bilsələr də, bir neçəsi yaralanmışdı”, – deyə Güləbird poçtunun qarşısında, Hərbi Akademiyanın şəhərdən gəlmiş tələbələri ilə keçmiş döyüşçü söhbətləşirdi.

Vüsal MƏMMƏDOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər