Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilmişdir. Üçtərəfli görüş birgə Bəyanatın imzalanması ilə başa çatmışdır.
Tərəflər əvvəllər imzalanmış üçtərəfli razılaşmaların həyata keçirilməsinin gedişi, ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və digər məsələləri müzakirə etmişlər.
Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş zamanı dövlətimizin başçısı xatırlatdı ki, bugünkü görüş regional məsələlərə həsr edilib, iki il əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub və indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Azərbaycan lideri bildirdi ki, “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur“.
Üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bəyanat da elə Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsipi və Qarabağ münaqişəsinin tarixdə qalmasını əks etdirdi. Ermənistanda, eləcə də Rusiyadakı erməni diasporunun nümayəndələrinin ümidləri yenidən puça çıxdı.
Birgə Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi üçün bütün razılaşmalara dönmədən riayət edilməsi vurğulanır.
Görüş başa çatdıqdan sonra Rusiya Prezidenti yerli jurnalistlərin suallarını cavablandıraraq bildirdi ki, danışıqlar zamanı razılıq əldə edilməmiş məsələlər də var. “Onlar barədə danışmaq olarmı? Olar, ancaq lazım deyil. Çünki əgər onlar indiyədək nizama salınmayıbsa, mətbuatın, ictimaiyyətin diqqətini onlara cəlb etmək lazım deyil. Sadəcə, sakit şəraitdə, qapalı rejimdə onların razılaşdırılmasına nail olmaq lazımdır. Bu, çox incə məsələlərdir, hər iki tərəf üçün həssasdır və mənim onları tərəfdaşlarımın razılığı olmadan qabartmaq hüququm yoxdur”.
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə gəldikdə isə 2020-ci ilin noyabrında, münaqişə başa çatanda imzalanmış birgə Bəyanatda qeyd olunduğunu dedi. “Burada əlavə etməli heç nə yoxdur”, – dəyə V.Putin bildirdi.
Onu da vurğulamaq lazımdır ki, dövlətimizin başçısı ikitərəfli görüş zamanı bir daha bəyan etdi ki, sülh müqaviləsinin yalnız Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipi əsasında imzalanması mümkündür.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcəkdir.
Sübhan QULİYEV, “Sumqayıt” qəzetinin redaktoru