Qarabağ münaqişəsi, yaxud “Nəhəng müharibə” qoxusu – ANALİZ

1050

Ətrafımızdakı geosiyasi durum “barıt çəlləyi”ni xatırlatmaqdadır

Dağlıq Qarabağda aeroportun açılması rəsmi Bakı və Yeravan arasında gərginlik yarada bilər. Bu barədə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov Dağlıq Qarabağda Bako Saakyanla görüşünün yekunu barədə danışarkən söyləmişdi. B.Saakyanın mətbuat katibi David Babayan xəbər verib ki, həmsədrlərlə digər məsələlərlə yanaşı, əsas bayram günlərində (Yeni il, Novruz bayramı, Uşaqların Müdafiəsi Günü və sair) atəşkəsin pozulmasının istisna olunması da müzakirə olunub. Öz növbəsində amerikalı həmsədr Robert Bradtke söyləyib ki, Bako Saakyanı Barak Obamanın ikinci prezidentliyi dövründə “ABŞ-ın Qarabağ “düyünü”nün sülh yolu ilə həll olunması istiqamətində ciddi irəliləyişlərin əldə olunması üçün inadkar iradə nümayiş etdirəcəyinə” inandırıb.

Hakim elitalar sülhə hazır deyillər

“Praktiki olaraq heç kim həmsədrlərin münaqişə regionuna növbəti görüşündən hansısa ciddi nəticələr gözləmir. ATƏT-in Minsk Qrupunun növbəti görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə hissolunacaq dəyişiklik gətirməyəcək”. Bunu MDB ölkələri İnstitutunun Qafqaz bölməsinin rəhbəri Feliks Stanevskiy Regnum İA-nın əməkdaşına müsahibəsi zamanı deyib və əlavə edib ki, kimsə ayrı cür də düşünə bilər…
“Hadisələrin hansı gedişatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində inkişaf perspektivlərinin yaranmasına səbəb ola bilər?” sualına cavabı zamanı ekspert Ermənistan və Azərbaycandakı ictimai fikri qarşı-qarşıya qoyub. “Nə qədər ki, Ermənistan və Azərbaycan ictimai fikirləri arasında münaqişə mövcuddur, problemi həll etmək olmaz.” Belə ki, mən bütün erməniləri və azərbaycanlıları, həm də onların ölkə hüdudlarından kənarda yaşayan soydaşlarını nəzərdə tuturam”, – deyə politoloq hazırda hər iki ölkədə ictimai fikrinin lazımi səviyyədə “yetişmədiyini” qeyd edərək bildirib.

Bir məqam da var ki, cari ilin parlament seçkilərindən sonra idarə etdiyi koalisiyanı tərk edən, amma özünü müxalifətçi də elan etməyən “Çiçəklənən Ermənistan” partiyasının lideri, milyonçu Qaqik Tsarukyan böyük bir mediaholdinqə sahibdir. Lakin məsələ burasındadır ki, Q.Tsukaryan özü hakim oliqarx elitanın bir hissəsi sayılır. Bu cəhətdən həm Ermənistanda, həm də Azərbaycanda idarəçi oliqarx elitaların daxilində bu problemə yekdil bir yanaşma və əks tərəflə danışıqlara getmək üçün siyasi iradə olsaydı, münaqişəni çox tez bir zamanda çözmək olardı. Əslində, mediaməkana nəzarət etməklə və ictimaiyyəti sülh danışıqlarının bizim “qələbəmiz” rəqibin isə “məğlubiyyəti” olduğuna inandırmaq elə də çətinlik törətməzdi. Böyük ehtimalla müvafiq vəziyyətlərdə siyasi elita birliyinin “çalışqanlığı” və prosesin geridönməzliyi qarşısında cəmiyyət, sanki, özü “aldadılmasına” sevinir. Axı məhz qalib kimi yaşamaq və həyatdan zövq almaq daha rahat və asandır. Məhz bu hal da Qəzza bölgəsi və İsrail arasında atəşkəsə dair müqavilənin imzalanmasından sonra müşahidə olunur. Hər iki tərəf qalibiyyəti bayram edir. Nəticə birdir, ya hakim elitalar münaqişənin nizamlanmasına hazır deyillər, ya da onlar hansısa səbəbdən özlərinə belə bir “dəbdəbə”ni rəva bilmirlər. Güman ki, hər iki faktor rol oynayır. Çünki bu halda onlar hakimiyyətdə qalmalarına imkan verən ictimai fikri manipulyasiya edən ideoloji asılılığın bütöv bir sistemindən dərhal məhrum olurlar. Liberal-demokratik islahatların olmaması, özü də bütün sferalarda, ideoloji cəhətdən əsaslandırılması Qarabağ münaqişəsi ilə bağlı xarici bir təhlükə, hədə sayılır. İstənilən əks fikir, istənilən müxaliflik, bir qayda olaraq, “düşmən qüvvələr”in təsiri kimi elan olunur. Demokratik islahatlar, o cümlədən demərkəzləşmə, hakimiyyətin digər qollarının gücləndirilməsi (yerli və qanunverici) məhz bu xarici təhdid, hədəyə görə təxirə salınır – elan olunmamış müharibə durumu hakimiyyətin maksimal mərkəzləşdirilməsini tələb edir. Bu cəhətdən hər iki elita çox bənzərdirlər.

Məsələn, hakim koalisiyanın tərkibinə daxil olan “Orinats erkir” partiyasının bəyanatında deyilir ki, “Çiçəklənən Ermənistan”ın Parlamentli Respublika üsul-idarəsinə keçidi onun siyasi kursu ilə uyğun deyil, eyni zamanda hazırkı geosiyasi şərtlərlə də uyuşmur.

“Nizamlanmamış Dağlıq Qarabağ münaqişəsi, qeyri-stabil regional inkişaf, nizama salınmamış erməni-türk münasibətləri güclü, mərkəzləşdirilmiş və demokratik hakimiyyətin olmasını tələb edir”. Bu, partiyanın bəyanatında deyilir.

Paradoks isə bundadır ki, müharibə şəraitində və çətin geosiyasi durumda yaşayan İsrailə hazırda parlament idarəsi forması mane olmur. Bu adi səbədən Azərbaycan və Ermənistan yavaş-yavaş hərbi-siyasi təhlükəsizliyin beynəlxalq sistemin regionunda müxtəlif, amma böyük miqyasa malik olan əksfikirli maraqların elementlərinə çevrilirlər.

Amma münaqişənin nizamlanmasında əsas vasitəçilər şübhəsiz ki, regionda bu əkslikləri idarə edən nəhənglər ABŞ və Rusiyadır.

 

Və bütün problem də bundadır ki, regiondakı geosiyasi reallıqları nəzərə almaqla Qarabağ münaqişəsini nizamlamaqda bu iki qlobal “başçı”ların maraqlarını bir araya sığdırmaq, razılaşdırmaq praktiki olaraq qeyri-mümkündür. Lakin ən pisi isə başqa məqamdır…

 

“Akula”lar döyüşə hazırlaşır

 

Demək olar, bütün ciddi ekspertlər qeyd edirlər ki, hazırkı mərhələdə Qarabağ münaqişəsinin nizama salınmasının perspektivlərinə ayrıca, lakin regionda baş verən geosiyasi proseslərin qətiyyən mərkəzi sayılmayan elementi kimi baxmaq vacibdir. Bununla belə, çox az adam “akula”ların digər vacib geosiyasi regionlarla qonşu olan regionumuzun bütün perimetrləri üzrə müharibəyə hazırlaşmasına fikir verir. Medianı daimi olaraq izləyənlər yaxşı bilirlər ki, rus rəsmiləri bu barədə hansı iddialı bəyanatlar verirlər.

Məsələn, 20 Noyabr tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja təşkilatın 20 illiyi ilə bağlı beynəlxalq konfransda çıxış edərkən deyib ki, ABŞ-ın Əfqanıstandan qarşıda duran gedişi ilə əlaqədar Mərkəzi Asiyada vəziyyətin kəskinləşməsindən sonra Özbəkistan yenidən KTMT-nin tərkibinə keçə bilər. Nikolay Bordyuja söyləyib ki, Özbəkistan KTMT-nin tərkibinə keçdikdən sonra olduğu müddətdə təşkilatın bütün tələb və vəzifələrini qəbul etməli olacaq. O, əlavə edib ki, Özbəkistan təşkilata üzv olacağı təqdirdə əvvəlki siyasətini, yəni təşkilatın üzvlərinin müştərək tədbir və təkliflərindən imtinanı davam etdirə bilməyəcək. Nikolay Bordyuja qeyd edib ki, 2014-cü ildə ABŞ-ın Əfqanıstanı tərk etməsi bölgədə təhlükəsizliyin zəifləməsi ilə müşayiət olunacaq və bu da nəinki Özbəkistan, həm də bölgənin digər ölkələrinə də təsir edəcək.

Bu cəhətdən ABŞ-ın ordusunu Əfqanıstandan çıxarması ilə əlaqədar “akula”lar yeni müharibəyə hazırlaşırlar. Maraqlıdır ki, Rusiya da Orta Asiyadan olan tərəfdaşlarına Əfqanıstandan gələn təhdidlə bağlı müvəqqəti koalisiyanın yaradılmasını da təklif etmir. Lakin rəsmi Moskva Orta Asiyadan olan tərəfdaşlarına güclü təsir edərək, hətta onları hədələyərək KTMT-nin “çətir”i altında cəmlənməsini məcbur edir. Bu da o ölkələrin Rusiyanın sərt hərbi-siyasi nəzarəti altına keçməsi deməkdir. Əks halda Rusiya onları terroristlərin və radikal islamçı qruplaşmaların “caynağına” keçirəcəyini vurğulayıb. Bundan əlavə, Rusiya MDB-dən olan tərəfdaşlarını Avrasiya İttifaqına cəlb etmək üçün təsiri, təzyiqi ciddi şəkildə artırır.

ABŞ da yeni geosiyası vəziyyətə hazırlaşır. Əvvəla, rəsmi Vaşinqton bəyan edib ki, silahlı qüvvələrinin Əfqanıstandan tam olaraq çıxarılmasından söhbət belə gedə bilməz. İkincisi isə, ABŞ Orta Asiyada Rusiyaya olan hərbi-siyasi təsirini gücləndirməsini məhdudlaşdırmağa səy göstərir. ABŞ artıq bəyan edib ki, regiondakı silahlarını və hərbi texnikasını “saxlamaq üçün” ayrı-ayrı ölkələrə “ötürə bilər”, o cümlədən də Özbəkistana. Belə çıxır ki, söhbət ABŞ-ın yüksək potensiallı münaqişə regionlarında müvəqqəti hərbi bazalarının yaradılmasından gedir…

Bu müharibə təhlükəsinin yaranmasında Türkiyə faktoru da böyükdür. NATO Suriya məsələsində Türkiyəyə böyük imkanlar yaradır, ona demək olar ki, hər mənada güzəştə getmək istəyir. Məsələn, Türkiyə NATO-dan Suriyanın aviasiya təhlükəsinə görə müdafiə əldə etmək istəyir. Söhbət rəsmi Ankaranın müasir Hava Hücumundan Müdafiə (HHM) Patriot komplekslərinin ölkəsində yerləşdirilməsindən gedir. Hazırda bu müasir HHM komplekslərinə yalnız ABŞ, Almaniya və Hollandiya sahibdir. Berlin və Amsterdam artıq bəyan ediblər ki, Ankara ilə həmrəylik naminə həmin qurğuların Türkiyədə yerləşdirilməsi imkanlarına nəzər yetirəcəklər. Alyansın baş katibi Anders Foq Rasmussen söyləyib ki, Patriot Kompleksi Türkiyədə sərhəddən olan təhlükə zamanı müdafiə üçün istifadə olunacaq. Bu, baş verərsə, Türkiyə Suriyanın istənilən təyyarə və vertolyotunu, hətta Suriya ərazisindən hərəkət edərkən belə vurmağa müyəssər olacaq.

Təbii ki, Moskva Patriot kompleksinin Türkiyə ərazisində yerləşdirilmə imkanlarına neqativ yanaşdı. Rusiya Türkiyəyə Suriya ilə dialoquna öz potensialından istifadə edərək başlamağı məsləhət görür.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə heç də az olmayan aqressivliklə Rusiyanın cavabını verib. O, Rusiyanı Türkiyənin öz təhlükəsizliyini təmin etməyə haqqı olduğu daxili işlərinə qarışmaqda ittiham edib. Əslində, Rusiyanın reaksiyası qeyri-adekvat görünür, çünki rəsmi olaraq Patriot kompleksləri müdafiə xarakteri daşıyır, hücum yox. Bir də ki, Türkiyə özü ilə sərhəddə olan Ermənistanda Rusiya qoşunlarının olmasına etiraz etmir. Rusiyanın narahatlığı isə aydındır. Məsələ İranın nüvə proqramı ilə “kəsişir”. Türkiyə həmin kompleks sistemini qurarsa, onda İranın və Rusiyanın işləri çətinə düşür. Rusiya isə bunu birbaşa deyə bilmir. Hətta bununla bağlı iranlı general Türkiyəni hədələməkdən də çəkinməyib. Sitat: “Patriot kompleksini yerləşdirmək Türkiyəyə baha başa gələcək”.

Bax belə,2012-ci il tamamlandı, görək regiondakı proseslər 2013-cü ildə necə davam edəcək. Yəqin ki, buildən dünya nəhəngləri tərəfindən növbəti ciddi addımlar atılacaq.

 

Hazırladı: Elnur Ağayev

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər