“Qarabağa qayıdış” təşəbbüs qruplarının hazırlanması

584

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022 -ci il kiçik qrant müsabiqəsi”nə təqdim olunan layihəmiz belə adlanır.
Sosial İqtisadi İnkişaf Uğrunda ictimai birliyimiz sentyabr ayının 1-dən etibarən adı çəkilən layihənin icrasına start verib. 3 ayı əhatə edəcək layihəmizdə keçmiş məcburi köçkünlərin təşkilatlanmasına üstünlük verilir.
Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, erməni qəsbkarlarından azad etdiyimiz tarixi torpaqlarımıza Böyük Qayıdış üçün böyük işlər görülməlidir. Bu sahədə ilkin araşdırmalardan sonra bəlli olur ki, 30 ilə yaxın bir dövrdə dədə-baba torpaqlarından qaçqın və didərgin düşən insanların bir qismi geriyə getməyə hazır deyil. Bəziləri yaşlanıb və tək yaşamaq iqtidarında deyil, gənclərin çoxu asudə vaxtın keçirilməməsindən və onlara aid iş sahələrinin kifayət qədər olmamasından, bəzi insanların müharibənin fəsadlarının tam aradan qaldırılmaması və yenidən erməniləri görmək istəmədiklərini, minalara düşmək kimi qorxu yaşayırlar. Bəzi insanlar bir neçə dəfə köç yaşayıb və yorulub. Elə ailələr var ki, şəhərdə yaşayıb və kənd həyatına dönmək istəmir. Bizim təşkilatımız da könüllü olaraq azad etdiyimiz torpaqlara dönüşlə bağlı tədqiqatlar aparmışdır. Bəzi ailələrin qorxuları geriyə dönüşdə yaxşı müəllimlərin, repititorların tapılmaması, övladlarının sinif yoldaşlarından, özlərinin işləyərək alışdıqları kollektivdən ayrılmasından narahatdırlar.
Təcrübə göstərir ki, müharibə keçmiş bütün ölkələrdə sülhyaratma prosesi daha çətin olur. Müharibə zamanı və sonra insanların qorxu içində olması təbiidir. Ona görə də onlar üçün psixoloji reabilitasiya işləri də aparmaq lazımdır. Bundan başqa könüllülük prinsipi əsasında təşəbbüs qrupları yaradılmalıdır ki, onlar geriyə dönüş zamanı insanlarla maarifləndirici mövzularda dəstək ola biləcək söhbətlər apara bilsinlər . Eyni zamanda, sosial şəbəkələrdən istifadə etmək bacarıqlarına yiyələnməyin vacibliyini göstərmək lazımdır. İcma yarada bilmək imkanları və tələbatların öyrənilməsi, ictimai fəalların qüvvəsindən istifadə etmək bacarıqlarını üzə çıxarmaq və insanlarda özgüvənin artması üçün dəstək kampaniyaları keçirmək və təşkilatlanmaq, komanda formasında işləmək vacibdir. Bu təşəbbüs qruplarını sonra sülhyaratma proseslərinə və danışıqlara da cəlb etmək olar. Belə fəaliyyətin həyata keçirilməsinə ciddi ehtiyac vardır və layihəmiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə öz töfhəsini verəcəkdir. Layihə dövründə məqsədimiz yaratdığımız keçmiş məcburi köçkünlərdən ibarət dəstək və təşəbbüs qruplarının işğaldan azad etdiyimiz tarixi torpaqlara qayıdış zamanı əhalinin problemlərinin üzə çıxarılmasına və həllinə diqqətin yönləndirilməsidir. Layihəmiz 3 ay boyunca Sumqayıt şəhərində məskunlaşmış keçmiş məcburi köçkünlər arasında keçiriləcək. Müxtəlif yaş səviyyəsini əhatə edən hər biri 10 nəfər olmaqla 4 fokus qrup və hər biri 20 nəfərdən ibarət 2 təlim keçiriləcək. Hazırda layihəmizin hazırlıq dövrüdür.
Ümid edirik ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi qrant layihəsini uğurla başa vurub, dövlətimizə vətəndaş dəstəyi göstərdiyimiz üçün qürur hissi keçirəcik.

Sevda Məmmədova
SİİU ictimai birliyin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər