Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
sumqayitxeber.com publika.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hannes Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub.
Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib.
***
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, yaralının heç bir həyati təhlükəsi yoxdur: “Belə hadisə baş verib. Amma Halldoursson bununla bağlı kluba məlumat verməyib. Özü yaralını xəsəxanaya çatdırıb və gecə də onunla maraqlanıb. Yaralının hər hansı bir həyati təhlükəsi yoxdur. Sadəcə bu gün ayağına görə əməliyyat olunacaq”.