“Qardaşlar” bizi necə ələ salır?

1029

“Bankir qardaşlar” Azərbaycan futbolunun başağrısına çevrilib. Hər dəfə söz düşəndə utanıb-qızarmadan “ortaya fakt qoyun” deyənlərin vicdanının sızlayıb-sızlamaması onların öz işləridir. Amma bu dünyada haqq-ədalət deyilən bir şey də var. Bolqar və gürcü ideoloqların planı heç nəyə yaramadı. “İnter”in çempionluq şansları artıq mümkünsüzdür. Tsxadadzenin komandasının çempionluğu bayram etməsi üçün “Simurq”un “kiçik xidmətləri”nin yetərsiz olması göz qabağındadır. İş ondadır ki, belələri ayıblarına kor olmaq əvəzinə bizi ələ salmağa davam edirlər. Yadınızdadısa, “İnter” “kiçik qardaşını” “Şəfa”da darmadağın edəndən sonra həmkarlarım Çixradzedən 90 dəqiqə ərzində susmasının, meydandakı futbolçulara göstəriş verməməsinin səbəbini soruşmuşdu. Özünü çox bilmiş kimi aparan gürcü də hazırcavab davranıb “tapşırıqlarımı yetirmələrimə oyundan əvvəl verirəm, məğlub olduğumuz halda meydandakılara nəsə desəm, bu onların üzərində əlavə təzyiq yaradar” demişdi. Sizə inandıq, cənab Çixradze. Ta o zamana kimi ki, özünüz öz yalanınızın üstünü açana qədər. “Bakı”nın təlim-məşq bazasında ağsaqqal azərkeşə qolunun zorunu nümayiş etdirdiyindən çalışdırıcının 10 oyunluq cəzalandırıldığını bilirsiz. Elə bu səbəbdən də “Qəbələ” ilə Zaqataladakı oyunda gürcü mütəxəssis ehtiyat oyunçular skamyasında yox, tribunada yer alıb. Bölgəyə ezam olunmuş əməkdaşımız reportajında qeyd etmişdi ki, əvvəlcə çalışdırıcının ətrafında yerli azərkeşlərin əyləşməsinə icazə verilsə də, sonradan onları polisin köməyi ilə ordan uzaqlaşdırıblar. Niyəsini isə klubun mətbuat xidmətinin rəhbəri Rüstəm bəy təxminən belə izah etmişdi: “Azərkeşlər çalışdırıcının yanında yer alsaydılar onun futbolçulara göstəriş verməsinə mane olacaqdılar”. Bu da xoruzun uzun quyruğu. Çixradzedən soruşmaq istəyirəm, necə olur ki, “İnter”lə oyunda futbolçularınıza göstəriş verməyi artıq psixoloji təzyiq hesab edirsiz, amma “Qəbələ” ilə qarşılaşmada bunun üçün xüsusi tədbirlər görülür? Ümid edirəm ki, gürcünu cəza müddətini başa vurana qədər “Simurq”dakı işindən uzaqlaşdırmazlar, inşallah gələn mövsüm də olsa bu sualı onun özünə ünvanlamaq imkanım olar. Əlbəttə, insan böyüklərdən öyrəndiyi kimi, “Simurq”un da bu cür davranışlarla “İnter”in yerişini yeriməyə çalışması məlum məsələdir. Bu yaxınlarda xəbər tutmuşam ki, “bankirlər”in radio kanalında “Milli futbol” adlı bir verliş var imiş. Dünyanın işinə bax, yarandığı 10 il ərzində bircə dəfə də olsun azərbaycanlı futbol mütəxəssisinə etimad göstərməyən klubun radiosunda milli futboldan danışılırmış. Hər halda həmin radioproqramı izləmədiyim üçün ətraflı təsəvvürüm yoxdur, bilmirəm orda hansı məsələlərə toxunulur. Amma ötən gün klubun rəsmi saytında istinadən verilən xəbərlərdə gördüyüm bəzi rəqəmləri görüb, lap dəhşətə gəlmişəm. Sitat: “İnStat Football” şirkətinin məlumatına görə, “İnter”-“Bakı” oyununda “bankirlər”in futbolçuları 133,8 kilometr məsafə qət ediblər”. Xəbərin davamında deyilir ki, komandanın 33 yaşlı makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski “Bakı”yla oyunda 13721 metr məsafə qət eliyib, yəni Slavço 90 dəqiqə ərzində təxminən 14 kilometrə yaxın qaçıb. Siz inanırsız? Mən yox. Tutaq ki, “Şəfa” stadionunda meydançanın uzunluğu 108 metrdi. 13721 metri 108-ə bölsək cavab 127 edər. Belə çıxır ki, Georgiyevski 90 dəqiqə ərzində dayanmadan qaçsa, dəqiqədə bir yarım dəfə meydançanın uzununa qaçmalıdır. Hələ topun oyunda olmamasını, zədə və digər səbəblərdən yaranan məcburi fasilələri nəzərə almıram. İnternetdə axtarış verən istənilən şəxs öyrənə bilər ki, dünyanın ən yaxşı futbolçuları Messi, Ronaldo, Məsut Özil kimi “ulduzlar” oyun ərzində orta hesabla 12-14 kilometr məsafə qət edirlər. İndi belə çıxır ki, 33 yaşı bolqar Messidən, Ronaldodan daha çox qaçmağı bacarır? Yaxud da, Ramin Musayevin sözü olmasın, Azərbaycan premyer-liqasının oyunlar İspaniya premyerosundan daha sürətlidir? Mütəxəssilərin yekdil rəyi belədir ki, orta səviyyəli futbolçular oyun ərzində 5-8 kilometr arası məsafə qət edirlər. Zidan və Fiqunun Avro 2004-də təxminən 11 kilometr qaçdıqları da bir çox mənbələrdə qeyd olunur. Hörmətli “İnter” klubunun başbilənləri, ya “İnStat Football” şirkətinin nümayəndələri sizi aldadır, ya da siz bizi. Yox, əgər sizin və şirkət nümayəndələrinin dedikləri həqiqətdisə, ona bu rəqəmlərlərlə dünya idman ictimayyətini də tanış etmək lazımdır. Georgiyevksinin yaşı artıq keçib, olsa bilsin ki, dünyanın top klubları 33 yaşlı makedoniyalıya maraq göstərməzlər. Heç olmazsa İlqar Ələkbərovun karyerasında dönüş yaratmasına yardımçı olun. Onsuz da, Tsxdadze gələn mövsüm onun mövqeyinə həmyerlisini gətirəcək, İlqar yenə də əvəzedici heyətdə gününü keçirəcək.

 Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər