"Qarlı dağlar və gözəl meşə zolağı... Baxanda göz oxşayır" - Prezident Qax barədə

1867
“Qax rayonunda aqroparkın yaradılması çox gözəl hadisədir. Çox şadam ki, bu torpaqlarda gözəl bağlar salınıb, işlər görülüb. Mənə verilən məlumata görə, burada, ilk növbədə, dövlət öz dəstəyini göstərib və özəl sektor sərmayə qoyub”.
 Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
Dövlət başçısı deyib ki, aqroparkların yaradılması artıq ölkəmizdə dövlət proqramıdır və bu proses geniş vüsət alıb: “Bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır. Ümumiyyətlə, 45 aqroparkın yaradılması nəzərdə tutulur və bu aqroparklarda işləyən insanların sayı minlərlə, on minlərlə olacaqdır. Təkcə Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır. 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq arqoparklarıdır. Beləliklə, bu dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına böyük xeyir gələcək, məşğulluq artacaq, insanlar işlə təmin olunacaqlar, yaxşı əməkhaqqı alacaqlar və ölkəmiz idxaldan asılılığı aradan qaldıracaqdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, Qax aqroparkının yaradılmasına dövlət xətti ilə 13 milyon manat investisiya qoyulub: “Bütün infrastruktur dövlət xətti ilə yaradılıb. Bundan əlavə, yeni açdığım kənd yolu da bu aqroparkın fəaliyyətinə əlavə dəstək olacaq. Bu kənd yolunun uzunluğu 44 kilometrdir və bölgələrdə salınan ən uzun kənd yollarından biridir. Ümumiyyətlə, Qax rayonunun inkişafı üçün bu yolun böyük əhəmiyyəti var. Dövlət, eyni zamanda, aqroparkın yaradılmasına güzəştli şərtlərlə kredit şəklində 2 milyon manat pul ayırıb və qalan işləri özəl sektor görüb. Dövlət-özəl sektor tərəfdaşlığı Qax aqroparkının timsalında əyani şəkildə özünü göstərir. Beləliklə, bizim siyasətimiz burada öz əksini tapır”.
“Azərbaycanın, xüsusilə bu ərazinin çox gözəl təbii şəraiti, gözəl iqlimi, münbit torpağı var. Sadəcə olaraq, biz bu imkanlardan böyük səmərə ilə istifadə etməliyik. Burada müasir suvarma sistemlərinin, ilk növbədə, pivot, damcılama sistemlərinin quraşdırılması, əlbəttə ki, məhsuldarlığın artırılmasına xidmət göstərəcək. İki min hektar ərazisi olan aqroparkın böyük hissəsi müasir suvarma sistemləri altındadır və burada salınan gözəl meyvə bağları – badam bağları artıq reallıqdır. Hələ bir il bundan əvvəl buralar boş torpaq idi, heç nə bitmirdi, heç bir iş görülmürdü. İndi baxanda göz oxşayır. Qarlı dağlar və gözəl meşə zolağı, o meşə zolağı ki, bar gətirəcək və Azərbaycan vətəndaşları bundan istifadə edəcəklər”, – dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, infrastruktur layihələri Qax rayonunda da icra edilir, əvvəlki illərdə icra edilib, bundan sonrakı illərdə də icra ediləcək: “Qeyd etdiyim kimi, kənd yolları salınır. Qax rayonunda qazlaşdırmanın səviyyəsi təxminən 70 faizə yaxındır. Biz 5 il bundan əvvəl içməli su, kanalizasiya layihəsini istifadəyə verdik. Qax şəhəri və bir neçə kənd indi 24 saat ərzində təmiz içməli su ilə təmin edilir. Böyük xəstəxana yenidən qurulub, Olimpiya İdman Kompleksi, turizm infrastrukturu yaradılıb və Qaxa gələn turistlərin sayı getdikcə artmaqdadır”.
“O ki qaldı, ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalına, keçən il Qax rayonunda tütünçülük, baramaçılıq, fındıqçılıq üzrə respublika müşavirəsi keçirilmişdir və bu sahələrə verilən dəstək öz nəticəsini göstərir. Mənə verilən məlumata görə, fındıq bağlarının sahəsi təxminən 30 faiz genişləndirilib, 900 min hektara çatıb.
Tütünçülüklə bağlı. Əgər üç il bundan əvvəl cəmi 300 hektarda tütün əkilmişdisə, hazırda 600 hektarda tütün əkilir və qurutma kameraları gətirilib quraşdırılır. Baramaçılığa gəlincə isə, Qax artıq bütün ölkəyə bu sahədə xidmətlər göstərəcək. Çünki bu gün açdığım Qax Damazlıq İpəkçilik Stansiyasının fəaliyyəti bütün ölkəmizi əhatə edəcək. Əgər üç il bundan əvvəl cəmi 200 kiloqram barama tədarük olunmuşdusa, bu il 500 ton barama tədarük edilib və daha da artacaq”, – dövlət başçısı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Qax rayonunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq: “Bu aqroparkın yaradılması dediyim sözlərə əyani sübutdur. Burada işləyən vətəndaşlara uğurlar arzulayıram. Arzu edirəm ki, Qax aqroparkı ölkəmizin ən qabaqcıl aqroparklarından birinə çevrilsin”. azxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər