Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nəğd pula alıb-satmaq mümkün olmayacaq

848

Azərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişir. Yeni  qaydalar bu günlərdə təsdiqlənən “Nağdsız hesablaşmalar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, gələn ildən avtomobillərin alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

virtualaz.org xəbər verir ki, pandemiyanın pik dövründə Bakının maşın bazarlarında alver zəifləsə də, bu ildən bazar canlanıb, xüsusilə ikinci əl avtomobillərinin qiyməti artıb. Maşın alverçiləri deyirlər ki, rüsümlardan sonra nağdsız ödənişlərin tətbiqi qiymətlərə cüzi də olsa təsir edəcək. Baxmayaraq ki, onların çoxu yeni qaydalardan xəbərsizdir.

Ekspertlər isə yeni qaydanın tətbiqinin daha çox alıcıların işinə yarayacağını düşünürlər. Çünki alqı-satqı əməliyyatlarında istənilən halda aldadılan tərəf alıcılar olur.

“Onsuz da son illər bu işdən gəlirimiz azalıb…”

Eldar Alıyev 22 ildir maşın alveri ilə məşğuldur. Deyir ki, son iki ilədək qiymətindən və modelindən asılı olaraq satdığı hər maşından ən azı 1 500-3 000 manatadək gəliri olurdu. İndi satdığı maşınlardan ən yaxşı halda 500 manat qazananda sevinir.

“Bəzən aylarla əlimizdə olan maşını sata bilmirik. Hər keçən gün qiymətə təsir göstərir, maşın isə baxım, xərc tələb edir. Bazara gələn müştəri isə uzağı 20-25 min manatlıq, yanacağa qənaət edən ikinci əl maşını axtarır. Sənədləşdirmənin xərcini  də üzərimizə götürürük ki, sata bilək, müştəri qaçmasın”, – Eldar Alıyev bildirir.

E.Alıyevin sözlərinə görə, hibrid  avtomobillərinə təlabat ildən-ilə artır: “Bazara çıxan əksər satıcının kredit borcu var. Pandemiyada hamımız, xüsusilə yeni maşın alıb-gətirənlər zərərə düşdü. İndi nağdsız alqı-satqıda nə qədər vergi verəcəyimizi bilmirik. Yeni qayda haqqında az-çox eşitmişik,detallar açıqlanmadığından  narahatıq”.

Söhbətləşdiyimiz digər avtomobil taciri  isə deyib ki, yeni qayda haqda ilk dəfə bizdən eşidir. Sonuncu dəfə ötən həftənin istirahət günləri bazara çıxıb, ona bu barədə heç kim məlumat verməyib: “Ev satışı ilə bağlı qaydalardan xəbərdaram, bilirəm ki, alqı-satqı müqaviləsi olur, pul bank üzərindən köçürülür, vergilər tutulur. Konkret vergi məbləğləri bəllidir. Amma maşın alqı-satqısında nəğd hesablaşmanın qadağan ediləcəyini eşitməmişdim. Əgər belədirsə deməli dolanışığımız daha da pisləşəcək”.

Həmsöhbətimiz  deyib ki, bəzən aylarla satış olmur. Bir maşından əldə etdiyi qazanc 1 ay dolanışığa yetmir: “Adımız maşın alverçisidir, amma içi özümüzü, çölü özgələrini yandırır. Bazara çıxan alverçilərin çoxu borc götürüb maşın alır”.

Bakıdakı bir neçə avtomobil satışı salonlarına da zəng vurduq, onlar yeni dəyişiklikdən xəbərdar olsalar da deyirlər ki, hələlik prosesin necə təşkil ediləcəyi haqda məlumatları yoxdur. Çünki hesablamaların necə aparılacağı ilə bağlı detalların yaxın günlərdə açıqlanacağını onlara deyiblər.

 Qazanan alıcılar olacaq

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, bu qaydanın tətbiqinə çoxdan ehtiyac yaranmışdı. Çünki  yeni qaydanın tətbiqi ilə avtomobil alqı-satqısının uçotunun aparılması mümkün olacaq. Bu qayda istənilən halda vətəndaşların xeyrinə olacaq.

“Artıq xeyli müddətdir xüsusilə ikinci əl bazarında vətəndaşların aldadılmasının şahidi oluruq. Alıcı problemlə qarşılaşdıqda  maşını geri – aldığı adama  qaytara bilmir. Çünki avtomobil üçün ödədiyi məbləğlə bağlı hər hansısa bir sənədləşdirmə aparılmır. Nəticədə zərər çəkən alıcı olur”, – ekspert deyib.

Digər tərəfdən, uçotun aparılması vətəndaşların bəzi fırıldaqçıların toruna düşməsinin qarşısını alacaq. E.Cəfərov hesab edir ki, nağdsız hesablaşmalar qiymətlərin artmasına səbəb olmayacaq: “Avtomobil bazarında qiymətlər əsasən bir neçə amillərdən təsirlənir. Rüsumların artırılması, nağdsız hesablaşmalar qiymətlərə ciddi təsir edə bilməz. Əsasən beynəlxalq daşınaların bahalaşması avtomobillərin qiymətinə təsir edir”

Bank faizi, vergi…

Ekspert deyir ki, hələlik avtomobil alqı-satqısından nə qədər bank faizi, vergi tutulacağı haqda  konkret məbləğ açıqlaya bilmir. Amma istənilən halda faizlər avtomobilin dəyərinin 5-10 faizi civarında olmayacaq: “Alqı-satqı zamanı tərəflər arasında qarşılıqlı razılaşma da ola bilər. Vətəndaş öz maşınını satırsa, bank hesabı açdırmaq gərək deyil, vəsaiti poçt vasitəsilə köçürə edə bilər. Sahibkarlar, avtomobil alverçiləri  isə təbii ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və alqı-satqını vergini ödəyərək həyata keçirəcəklər. Alqı-satqı prosesi zamanı əlavə vaxt itkisi olmayacaq”.  

E.Cəfərov xəbərdarlıq edir ki, alıcılar satıcı ilə danışıqlara gedib müəyyən qanunsuzluqlara əl atmasınlar. Məsələn, məbləğin yarısının banka köçürülməsi və ya digər risklərə getməsinlər. Çünki belə sövdələşmələrdən ziyan çəkə, başları ağrıya bilər.

Azərbaycanda milyon yarım avtomobil var

Cəfərov onu da bildirib ki, avtomobillərin alqı-satqısının uçotunun aparılması vacibdir. Çünki Azərbaycanda milyon yarım avtomobil var. Hansı ki, onların tam yarısı yararsız, istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobillərin alqı-satqı zamanı məyyən risklər yaranır. Ekspert onu da deyib ki, pandemiyanın pik dövründə avtomobil bazarında satış zəifləyib, satıcılar zərərlə üzləşiblər, ikinci maşın bazarında  da tələb azalıb. Hazırda isə vəziyyət yaxşılığa doğru dəyşib, tələb artıb və təxminən 5 faiz bahalaşma var…

Ü.Xudiyeva

virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər