Qazaxıstan nümayəndə heyəti Sumqayıta niyə gəldi?

712

“STP son dərəcə gözəl, müasir və diqqətəlayiq təcrübədir”

Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Sumqayıt Texnologiyalar Parkı (STP) ilə tanış olub.

SalamNews-un məlumatına görə, STP-nin icraçı direktoru Sahib Musayev qonaqlara məlumat verib ki, respublikamızda aparılan intensiv irimiqyaslı tikinti–quraşdırma işləri, qabaqcıl Avropa texnologiyalarının gətirilməsi, onların əsasında yeni zavodların yaradılması və yeni iş yerlərinin açılması məqsədi ilə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən keçmiş İEM-2-nin ərazisində Sumqayıt Texnologiyalar Parkı inşa edilib.

Sonra qonaqlar avtobuslara minərək parkın fəaliyyətdə olan 12 müəssisəsi ilə tanış olublar. Məlumat verilib ki, parkın 245 hektarlıq ərazisində daha beş zavodun inşası davam edir. Ümumilikdə burada 30 zavod fəaliyyət göstərəcəkdir. Müəssisələri gəzən qonaqlara görülən işlər barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, texnoparkda artıq müasir texnologiyalar əsasında ölkə üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika, ağır maşınqayırma sənayesi məhsulları, plastik borular istehsal olunur.

Bununla yanaşı, qaynar sinkləmə, dəqiq emal mərkəzləri, yüksək gərginlikli elektrik avadanlığının, mis və alüminium elektrotexniki çubuqların istehsalı müəssisələri və digər zavodlar fəaliyyət göstərir. Vurğulanıb ki, Sumqayıt Texnologiyalar Parkının inşası minlərlə iş yerlərinin açılmasına səbəb olub. Hazırda burada 4600 nəfər işləyir ki, bu da iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına kömək edir.

Qazaxıstan Baş nazirinin müavininin parkla tanışlıqdan sonra fikri belə olub: “STP son dərəcə gözəl, müasir və diqqətəlayiq təcrübədir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər