Qazi adından sui-istifadə etmək yolverilməzdir – Sumqayıtda bu mövzuda tədbir keçirildi

821

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə yanvarın 19-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər təşkilatının sədri Sovet Şükürov çıxış edərək, dövlətimizin qazilərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, bütün bunların cəmiyyətdə də böyük məmnunluq doğurduğunu qeyd edib. O, bu kateqoriyadan olan vətəndaşların qayğılarının diqqət mərkəzində saxlanılmasının, onların sosial rifahının daha da gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da bu istiqamətdə mühüm addımların atıldığını bildirən Sovet Şükürov veteran və qazilərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib.

Bununla yanaşı, son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etdiyini vurğulayan S.Şükürov bu cür halların arzuedilməz olduğunu söyləyib. Təşkilat sədri onu da qeyd edib ki, öz hüquqlarının təminatında hansısa problemlə üzləşən hər bir qazi bununla bağlı əlaqədar dövlət orqanlarına müraciət etməli, onu narahat edən məsələnin qanuni müstəvidə araşdırılmasına nail olmalıdır. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman qazilərə dəstək verməyə hazır olduğunu bildirən sədr şəhid və qazilərin millətin baş tacı olduğunu bildirib.

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərə, şəhid ailələrinə göstərilən dövlət qayğısına diqqət çəkib: “Ölkəmizdə qazilərə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərildiyi hamıya məlumdur. Əminliklə söyləmək olar ki, Azərbaycan bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqətə görə dünyanın ən qabaqcıl dövlətidir. Şəhid ailələri və qazilərə olan bu qayğı “Azərbaycan modeli” kimi bir çox dövlətlər tərəfindən öyrənilməkdədir. Lakin qazilərə, şəhid ailələrinə qayğı göstərmək, sadəcə, dövlətin deyil, hər bir vətəndaşın borcudur və sevindiricidir ki, Azərbaycan cəmiyyəti bu baxımdan üzərinə düşən məsuliyyəti lazımınca dərk edir”.

Polkovnik qeyd edib ki, bütün müsbət tendensiyalara rəğmən, bəzən mənfi təzahürlərə də rast gəlinir. Bunlardan da biri bəzi şəxslərin özünü heç bir əsas olmadan qazi kimi təqdim etməsi ilə bağlıdır: “Təəssüflər olsun ki, bəzən heç bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış edən insanlara da rast gəlinir. Cəmiyyəti aldadan, eyni zamanda, dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar. Son vaxtlar qazi adından sui-istifadə edən bir neçə belə şəxsin ifşa edilməsi söylədiklərimizə nümunədir”.

O bildirib ki, bu gün cəmiyyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir. Əgər onlar hansısa problemlə üzləşiblərsə, bunun həlli üçün əlaqədar dövlət qurumlarına müraciət etməli, problemin qanuni şəkildə həlli üçün hüquqi imkanlardan yararlanmalıdırlar.

Cəlil Xəlilov: “Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı qazilərimizə hər cür dəstək göstərməyə hazırdır. Əgər hər hansı bir qazi hansısa problemini həll etməkdə çətinliklə üzləşirsə, hansısa məmur tərəfindən süründürməçiliyə məruz qalırsa, o zaman təşkilatımıza müraciət edə bilər. Unutmamalıyıq ki, irəli sürdüyümüz hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir”.

“Mən bütün qaziləri, veteranları 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram”, – deyən polkovnik vurğulayıb ki, uğura gedən yolumuz birliyimizdən, həmrəyliyimizdən keçir və bu birliyi qorumaq bizim üçün hər şeydən vacibdir.

Tədbirdə çıxış edən Qarabağ Əlillər Cəmiyyətinin sədr müavini Nəzakət İsmayılova da dövlətin qazi və şəhid ailələrinə diqqətini qeyd etməklə yanaşı, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış etdiyini bildirib. Hansısa qanunsuz təklif və təmənna ilə çıxış etməyin qazi adına, qazi statusuna yaraşmadığını deyən Nəzakət İsmayılova bu məsələyə hər kəsin həssas yanaşmasının vacibliyini vurğulayıb.

Çıxışında şəhidləri dərin ehtiram hissi ilə yad edən Nəzakət İsmayılova qeyd edib ki, xalqın şəhidlərə olan borcu, şəhidlərə olan sevgisi əbədidir və bu sevgi əsrlər sonra da öz paklığını, ülviliyini qoruyub saxlayacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlar minnətdarlıq hissi ilə xatırlanacaq.

Digər çıxış edənlər dövlətin qayğısını qeyd etməklə yanaşı, qazi adından sui-istifadənin yolverilməz olduğunu bildirib, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar. AZERTAC

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər