“2020-ci il Azərbaycan xalqı üçün Zəfər ili oldu! Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş etdi!”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Tahir Mirkişili bildirib ki, iqtisadi cəhətdən 2020-ci il bütün dünya üçün çətin və mürəkkəb bir il oldu. Əslində, dünya iqtisadiyyatının 2020-ci ildə 3.3% böyüməsi proqnozlaşdırılsa da, pandemiyanın yaratdığı fəsadlar nəticəsində 4.9% azaldı. 2018-ci ildən başlayaraq sürətlənən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında da artım sürətlənmiş və 2020-ci ildə ÜDM-in 3% artması proqnozlaşdırılırdı. Lakin eyni pandemiyanın yaratdığı fəsadlar nəticəsində iqtisadiyyatımız 4%-dən bir az çox azaldı. Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısından əsas məqsədlərdən biri azalmanı minimum etmək, əhaliyə və sahibkarlara dəstək vermək olmuşdur. Azərbaycanda hər 2 istiqamətdə dövlət başçısı İlham Əliyevin tapşırığı ilə miqyaslı işlər görülmüş, 3.5 milyard manata çatan iqtisadi dəstək proqramı icra edilmiş, 5 milyon vətəndaşı əhatə edən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, iqtisadi islahatlar da aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir.
“Belə bir şəraitdə iqtisadiyyatın minimum kiçilməsinə nail olunmuş və növbəti illərdə iqtisadi artımı təmin edə biləcək sahələrdə isə artım qeydə alınmışdır. Belə ki, qeyri-neft sektorundakı 11%-lik, kənd təsərrüfatı sahəsindəki 2%-lik artım iqtisadi artım mənbələrin dəstək mexanizmlərinə aktiv reaksiyasından xəbər verir. Eyni zamanda, inflyasiyanın 3%-dən az olması, manatın məzənnəsinin sabit olması da mühüm nailiyyətlərdəndir. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya çatması regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”,-deyə komitə sədri vurğulayıb.