Qazın qiyməti artdı…Sumqayıt sakinləri nə düşünür?

1211

Bu günlərdə Tarif şurası tərəfindən xalqda ikrah doğuracaq bir qərar qəbul edildi. Xalqa satılan qazın qiyməti min kubmetrinin qiyməti 47.2 manatdan 100 manata (2.1 dəfə) qaldırıldı! Tarif şurasının əhalinin istehlak etdiyi qazın qiymətini iki dəfədən də çox artırması ictimaiyyətin kəskin etirazına səbəb olub. Artıq Azərbaycan Dövlət Neft Şirkətinin tabeçiliyinə verilən “Azəriqaz” bu artımı israfçılığın qarşısının alınması və xərclərin ödənilməsi ilə izah edib. Qəbul edilən qərara qarşı Sumqayıt sakinlərinin münasibətini öyrənmək üçün sumqayıtxeber.com olaraq şəhərdə kiçik sorğu apardıq.

 Sona İsmayılova: -Bu qərar  xalq üçün biraz gözlənilməz hadisədir. Öz sərvətimiz bizə baha qiymətə satılır. Başqa xalqlar bəlkə də buna gülürlər. Xalqın malı xalqa satılır. Görəsən, bizim fikrimiz dövlətə maraqlı deyil?!

 Zərxanım İbayeva: – Qazın qiymətinin artırılması təbii ki, cəmiyyətin aşağı təbəqələri üçün bir az problem yarada bilər. Dövlət üçün bu strateji bir məhsuldur və onu özümüzə bu qiymətə satması yaxşı anlamda deyil. Amma elə bir sistem qurmaq olar ki, kasıb ailələrə yardım olsun. Elə ailələr var ki, ancaq təqaüd hesabına bütün ehtiyaclarını ödəməyə çalışırlar. Bundan başqa, bu orta səviyyəli adamlar üçün elə də böyük bir problem deyil.

 Ayaz Baxşəliyev:Qazın qiymətinin artırılmasının həm müsbət, həm də mənfi tərəfi var. Müsbət cəhət odur ki, bu qərar israfçılığın qarşısını alacaq, insanlar daha da qənaətcil olacaqlar. Mənfi cəhət isə odur ki, xalq bundan ziyan çəkəcək, dəqiq desək, aşağı təbəqə. Pul yoxdursa, demək, qaz da yoxdur.

 Günel Əbilova: – Qaz ixrac edən bir dövlət üçün bu ağlasığmaz bir qiymətdir. Axı özümüz ona-buna qaz satırıq. Demək qaza tələbatımız daha çoxdur, elə isə qiymət niyə qalxmalıdır. Həm də insanların aldığı əmək haqqıyla bu üst-üstə düşmür.qiymətlərin iki dəfə qalxması bizim üçün gözlənilməz qiymətdir.

 Natiq Məmmədov:-  Qazın qiymətinin artırılmsına qarşı münasibətim çox pisdir. Bunu yaxşı qiymətləndirmirəm. Hazırki vəziyyətdə, böhranın şah vaxtında, camaatın işsiz – gücsüz vaxtında qiyməti niyə qaldırıblar? Mən şəxsən bunu başa düşə bilmirəm. Dövlət xalq haqqında nə fikirləşir? Zavodları bağlayıb insanları işsiz qoymaqları yetmirmiş kimi indi də qazın qiymətini artırıblar. Camaatın vəziyyəti çətindir, ödənişlərin necə olacağını düşünürlər.

 Gülər Bədəlova:Bu hadisə hamıda olduğu kimi mənim tərəfimdən də təbii ki, birmənalı şəkildə qəbul edilməzdir. Bu qədər çətinliklər içərisində yaşayan bir xalqın öz təbii sərvətlərindən də məhrum olması inanılmazdır. İnsanların əmək haqqını, təqaüdlərini artırmaqdansa qazın qiymətini artırırlar. Bu xalqımız üçün ədalətsizcəsinə qəbul edilən bir qərardır. Görəsən, nə vaxta qədər bu haqsızlıqlar davam edəcək? Buna son qoymaq lazımdır.

 Şəhərimizdə apardığımız kiçik sorğu  bir daha göstərdi ki, xalq bu qərarı haqlı olaraq dəstəkləmir. Axı ziyanına olan bir şeyi necə qəbul etsin?! Tarif şurasının bu qərarı xalqın hökümətə olan inamını azaltmaqdan başqa bir şey deyil!

Aynur Ayazqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • namiq genciyev
    İyul 5, 2009 - 00:13

    qazin qiymetinin qalxmasi neftin qiymetinin dushmesi ile bagli idi. adamlar evvelki neftden gelen pullari indi ala bilmediklerinden bunu xalqin cibinden chixarmaq isteyir. qazi qaldirmaqla bir nov yene evvelki pullarini qazanacaqlar. halal olsun bu millete ki bele dozumludu

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər