“QƏBƏLƏ”NİN VİTSE-PREZİDENTİ: “YƏQİN Kİ, “SUMQAYIT”LA OYUN FUTBOLÇULARA DƏRS OLAR” – MÜSAHİBƏ

1084

“Əslində, oyun maraqlı alındı, gərgin keçdi. Təəssüf ki, son 15-20 dəqiqəlik bölümdə həm say, həm də hesabdakı üstünlükdən komandamız yararlana bilmədi. Boşluq yarandı və cəzasını da çəkdilər”.

Bunu “Report”un Şirvan bürosuna müsahibəsində “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının III tur matçı barədə danışarkən deyib.

 Sizcə, uzatma dəqiqələrində buraxılan qol nəyin nəticəsidir: Saymazyana münasibətin, yoxsa..?

– Arxayınlığın. Hesabda da, oyunun gedişatında da üstün idik. Rəqibi saymamaq deməzdim, amma komanda olaraq, xeyli boşaldılar və rəqibi dəyərləndirmədilər.

– Bunu bağışlanmaz qol saymaq olar?

– Ümumiyyətlə, səhvlər olmasa, qol da vurulmaz. Ümumi yanaşdıqda ciddi bir şey, problem görmürəm. Amma bu cür oyunla biz qalib gəlməli idik. Yəqin ki, baş məşqçi Sənan Qurbanov futbolçulara öz sözünü deyəcək və mən də komandadaxili toplantıda fikirlərimi bildirəcəyəm. Belə boşalmalar olmamalıdır. Yenə deyirəm: Həm sayda, həm də hesabda üstün olduğun halda, sona 5-6 dəqiqə qalmış bu cür boşalmaq olmazdı.

Komandamızda “3 dəqiqəni də yola verək” deyə arxayınlıq yarandı. Baş məşqçimiz rəqib azlıqda qaldığı vaxt müdafiəçini hücumçu ilə əvəzlədi. Bunu ona görə etdi ki, əksinə, daha da hücuma meylli oynayaq. Amma üstünlükdən yararlanmaq lazım idi. Olur, belə şeylər də olur.

– Arxayınlığın ilk turda “Səbail” üzərindəki 3:0 hesablı qələbə ilə əlaqədar olduğunu demək olar?

– Yox, buna inanmıram. Ondan sonra “Neftçi” ilə oynamışıq və sonadək hücumda olmuşuq. Dəyərləndirə bilmədiyimiz kifayət qədər qol epizodu da yaratmışıq. Gərgin keçən matçın 90-cı dəqiqəsində komanda sürətli hücuma çıxırsa, futbolçuların arxayınlığından və ya fiziki hazırlıqsızlığından danışmaq olmaz. Bunu mən “Neftçi” ilə oyun barədə dedim. “Sumqayıt”la matçın sonlarında baş verənlər isə yəqin ki, futbolçulara bir dərs olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər