Qəhrəman Azərbaycan Ordusu Zəfər tariximizi yazdı

768

8 Noyabr tarixində xalqımız Vətən Müharibəsində əldə etdiyimiz Qələbənin birinci ildönümünü, Zəfər Gününü qeyd edəcək. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarix yazdı. 30 il ərzində işğal altında olan torpaqlarımızı azad etdi, döyüş meydanında tarixi ədaləti bərpa etdi. Sözsüz ki, ikinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizi bir çox amillər şərtləndirdi. Ötən dövr ərzində həyata keçirilən uğurlu diplomatik siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, ən əsası ordu quruculuğu sahəsində görülmüş kompleks işlər Qələbəmizi daha da yaxınlaşdırdı.

Son 17 il ərzində dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirildi. Ötən dövr ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Prezident İlham Əliyevin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu təkcə regionda deyil, həm də dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutdu. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu.

Qoşunların maddi-texniki bazasının davamlı olaraq yaxşılaşdırılması, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, milli kadr hazırlığının uğurla davam etdirilməsi, orduda struktur islahatlarının həyata aparılması, nizam-intizamın möhkəmləndirilməsi  Azərbaycan Ordusunun daha da güclənməsinə imkan verdi. Bunun nəticəsidir ki, Azərbaycan ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə, Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir qüvvəyə çevrilib.

Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir.

44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Doğrudur,  2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.

Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır”kimi miflərə birdəfəlik son qoyuldu.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər