Qəhrəman vətən oğulları qanları, canları ilə 30 ilin həsrətinə son qoydular!

487

1828-ci il “Türkmənçay müqaviləsi”nin imzalanması ermənilərin Azərbaycan  ərazisində yerləşdirilməsinə səbəb oldu. Bu fakt heç yerdə bir tarixi olmayan bir toplumun dədə-baba torpaqlarımıza olan iddialarının əsasını qoydu.

1985-ci ildə ermənipərəst Mixail Qorbaçov SSRİ rəhbərliyinə gəldi. Bu fakt təcavüzkar ermənilərin daha da  azğınlaşmasına  səbəb oldu. Artıq ermənilər Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməyə başladılar. Hər addımda separatçı qüvvələrin yanında olduğunu sübut edən SSRİ rəhbərliyi həlledici addımlar atmaq üçün 1987-ci ildə Heydər Əliyevi tutduğu vəzifədən azad etdi. M.Qorbaçov özünə ciddi maneə hesab etdiyi nüfüzlü  siyasi xadim Heydər Əliyevi rəhbərlikdən uzaqlaşdırsa da onun haqq səsini, xalqına arxa-dayaq olmasını əngəlləyə bilmədi.

1988-ci ilin fevralında Azərbaycanın böyük şəhəri olan Sumqayıtda növbəti erməni təxribatı reallaşdı. Erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə daha öncədən planlaşdırılmış qətl və qarətlər törədildi. Bu hadisədən Ermənistanda yaşayan azərbaycanlıların tam deportasiya edilməsi və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSRİ-nin tərkibindən çıxarılıb təcavüzkar Ermənistana ilhaq edilməsi üçün məharətlə stifadə edildi.

Ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımızın qədim yurd yerimiz olan Qərbi Azərbaycan ərazisindən vəhşicəsinə qovuldu. Bu, erməni separatçılarının iyrənc planının bir hissəsi idi. 1988-1989-cu illər ərzində 250 mindən çox  soydaşımız departasiyaya məruz qalmışdı.

Erməni separatçı qruplarını dəstəkləyən SSRİ hakimiyyəti xalqımıza qarşı daha bir cinayət  işlətməkdən çəkinmədi. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərində qanlı qırğın törətdi. Qanlı hadisə nəticəsində 131 nəfər dinc əhali şəhid oldu, 700-dən çox  soydaşımız yaralandı.

Xalqımıza qarşı törədilən bu qanlı hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə milli istiqlaliyyət və müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi.

1991-ci ilin noyabrın 20-də Qarakənd üzərində 300 metr yüksəklikdə uçan helekopter erməni terrorçuları tərəfindən vuruldu. Həlak olanlar arasında Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri də var idi.

Bəşər tarixinin qanlı faciələrindən olan Xocalı soyqırımı erməni faşizminin iç üzünü  bir daha açdı. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Uzun illər dünya ictimaiyyəti ermənilərin törətdikləri bu terror aktlarına, soyqırımlara etinasız yanaşmış, Azərbaycanın haqq səsini eşitməmiş, beləliklə də münaqişənin uzanmasına rəvac vermişdir.

Dağlıq Qarabağ münaqişəsi başlandığı ilk gündən dünya ictimaiyyəti hadisəyə birtərəfli mövqedən yanaşmışdı. Eləcə də, ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün heç bir cəhd göstərməmiş və real addımlar atılmamışdır. Bu fəaliyyətsizliyin nəticəsi olaraq beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874 və 884) illərlə kağız üzərində qalmış və icra olunmamışdır. Təəssüf hissi ilə qeyd edək ki, məsələnin həllinin danışıqlar, diplomatik yollarla həllinə çalışan Azərbaycanın cəhdləri nəticəsiz qalmışdır.

Məkrli xislətini hər vasitə ilə reallaşdırmaqdan çəkinməyən erməni cəlladları bir milyondan artıq soydaşımızı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum etdilər. Onlara sarsıdıcı zərbələr vurmaqdan çəkinməyən ermənilər maddi-mədəni irsimiz, hər daşında tarix yaşadan yurd yerlərimizi də viran qoydular.

İşğala məruz qalmış ərazilərimizdə 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri məhv edilmişdir. Bununla yanaşı 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.

Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edən erməni faşistləri bununla kifayətlənməyərək, neçə illər ərzində ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, hər vasitə ilə onların rahat yaşamasına imkan verməmişdir.

Saysız-hesabsız erməni təxribatlarına, amansız soyqırımlara, ərazilərimizin işğalına rəğmən, humanizm prinsipini əsas tutan Azərbaycan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribat xarakterli bəyənatları və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu bir daha nümayiş  etdirməkdən çəkinməmişdir.

Lələtəpə və Tovuz döyüşləri Azərbaycan xalqının səbr kasasının dolduğunu göstərirdi. Ən ali tribunalarda səsləndirilən haqq səsimiz eşidilmirdi. Amma ardı-arası kəsilməyən erməni təxribatı davam etməkdə idi.  Nəhayət, 2020-ci il 27 sentyabrı….

27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının silahlı qüvvələri Beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Erməlilərin növbəti təxribatının qarşısını alan müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks hücüma keçdi. Şanlı tariximizə “Vətən Müharibəsi” adı ilə daxil olan 44 günlük mübarizə əbədi, əzəli ata-baba yurdlarının azad edilməsi, ilə nəticələndi:

Vətən Müharibəsinin ilk günündən “Qarabağ Azərbaycandır”- şüarının səslənməsi ilə hər  bir vətəndaşımız qarabağlı olmağı bacardı. Rəhbər-xalq birliyinin qarşısının alınmaz olduğuna hər kəsə şahid oldu. 30 ilin həsrətinə son qoyan qəhrəman vətən oğulları qanları-canları ilə tarix yazdılar. Ordumuzun hər bir qələbəsini qürurla xalqına çatdıran Ali Baş Komandan cənab İlham Əliyev millətinin müqəddəratını həll etdi. Bu xalqın müzəffər sərkərdəsi, müdrik rəhbəri ədaləti bərpa etdi.

İllərdir səsimizi eşitməyənlər müzəffər ordunun şücaətinə şahid oldu. İllər bir-birini əvəz edəcək, nəsillər  dəyişəcək, amma tarix yazan sərkərdə  və onun igidlərinin şərəf səlnaməsi dillərdə dastan olaraq danışılacaq. Qəhrəmanlar yurdu olan Azərbaycan haqq yolundan dönməyəcək və növbəti qələbələri uğrunda şərəflə mübarizə aparacaq.

 Səadət Allahverdiyeva, Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubun böyük mütəxəssisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər