Prezident İlham Əliyev: “…Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır…”
Azərbaycan xalqının çoxəsrlik tarixi mühüm əhəmiyyət kəsb edən hadisələrlə zəngindir. Lakin, son iki yüz il ərzində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər qədər bizə sevinc bəxş edən bir hadisə olmayıb. Qazandığımız tarixi Qələbədən bir il keçsə də hələ də həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda bu barədə danışılır, müzakirə edilir, araşdırılır. Təbii ki, bu Qələbə xalqımız var olduqca geniş şəkildə qeyd olunacaqdır.
Ərazi bütövlüyümüzün bərpasından sonra xalqımız bu tarixi Qələbənin təntənəli şəkildə qeyd olunmasını, Qələbə paradının keçirilməsini, Azadlıq meydanında bu qələbəni qazanan Qəhrəman və Qalib Milli Ordunun gücünü, qalib Ali Baş Komandanın xalqa və dünyaya ünvanlayacağı mesajı səbirsizliklə gözləyirdi. Hər kəs bu paradda Şuşa işğaldan azad edildikdən sonra igid və cəsur döyüşçülərimizin qaldırdığı Qələbə Bayrağını görmək istəyirdi. Çünki xalqımız bu günləri illərlə gözləyirdi.
2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Qalib Azərbaycan Ordusunun, o cümlədən türk hərbçilərinin iştirakı ilə keçirilən Zəfər Paradı xalqımızın yaddaşına əbədi olaraq həkk olundu.
Bu tarixi gündə bütün dünya mediasının diqqəti Azərbaycanda idi. Qələbə paradında 150-yə yaxın hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilirdi. Bununla yanaşı parada ən çox diqqət çəkən məqamlardan biri Ermənistan ordusundan qənimət kimi götürülmüş hərbi texnikaların sərgilənməsi idi.
Azadlıq meydanındakı paradda Azərbaycan və türk hərbçilərinin çiyin-çiyinə irəliləməsi qürurverici bir hadisə kimi xalqlarımızın tarixində əbədi qalacaq. 44 günlük Vətən müharibəsində olduğu kimi, parad zamanı da ölkəmizdə bütün ictimai-siyasi qüvvələr bir yumruq kimi həmrəylik nümayiş etdirirdi. Bu həmrəylik xalqımızın Ali Baş Komandanına olan inamının, etimadın göstəricisi idi.
Zəfər paradını əhəmiyyətli edən amillərdən biri də Prezident İlham Əliyevlə yanaşı qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirak etməsi idi. Zəfər paradı cəmiyyət tərəfindən Qardaşlıq Zəfərinin rəmzi kimi qəbul edildi.
44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən amillərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin hər birinin bu haqq savaşında iştirak etməsi oldu. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu döyüşdə üzərinə duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bölmələri də üzərinə düşən vəzifələri uğurla yerinə yetirərək qələbəyə öz töhfələrini verdilər.
Prezident, Ali Baş Komandan İlham Əliyev bu döyüşlərdə xidmətləri olan hər bir əməkdaşı yüksək orden və medallarla təltif etdi. Bu möhtəşəm parad Azərbaycan şanlı Qələbəsini bütün dünyaya nümayiş etdirməklə yanaşı həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Bu parad eyni zamanda bir daha göstərdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 18 ildir həyata keçirilən ordu quruculuğu prosesi uğurla davam etdirilib.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun yüksək nizam-intizamlı, müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan bir Qalib orduya çevrilib.
Qalib ordumuz dünya güclərinə sübut etdi ki, regionda təkcə iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi cəhətdən güclü Azərbaycan var! Müasir Azərbaycan 30 il əvvəlki ölkə deyil. Bu gün Azərbaycanın həm dövlətini, həm də xalqını qorumağa qadir güclü bir ordusu var!
Bu mənada, ötən il 10 dekabr tarixində reallaşdırılan möhtəşəm parad tarixi ədalətin bərpasının, Azərbaycanın iqtidasi, hərbi gücünün, xalqının vətənpərvərlik ruhunun dünyaya nümayişi idi.
İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Gülşən Rustamova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı