Qələmdən silaha sarılanlar

865

Qələmdən silaha sarılanlar
Uşaq ədəbiyyatının incilərini yaradan Abdulla Şaiq yazırdı ki, hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amilini elm və əxlaqı aşılayan müəllim yaradır. O müəllim ki, cəmiyyətin maariflənməsində müqəddəs dəyər hesab olunur. Müəllim gələcəyin təməlidir, onlar bəşər üçün ən faydalı olanı öyrədir, aydınlığa gedən bir yolda çıraq təsiri bağışlayır. Mənim üçün dünyada nə qədər elm sahəsi varsa, onların bir açarı və lideri var – müəllim. Bu ucalıq cəmiyyətin şərəfi və dəyəridir. Müəllim olmazsa, cəmiyyət büsbütün uçurumun kənarında yer alar. Niyyəti, məramı cəmiyyəti “manqurtlaşmaqdan” xilas edən bu incilər içərisində iki vəzifəni bir anda yerinə yetirə bilən şəxslər də oldu. Bunlar eyni anda qələmdən silaha sarılan bir neçə müəllim kütləsi idi. Bu yerdə Sədi Şirazinin “Bustan” əsərindən bir parça lap yerinə düşür:
Bir ağıllı adam, bir də qəhrəman, Adını yüksəldər sənin hər zaman. Kim ki qılınc, ya da qələm tuta bilməsə, Ona heç acıma, yıxılıb ölsə.
Qələm tutmağı öyrədən həmkarlarımdan Qarabağ savaşında iştirak edənlər də oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq savaşı başlayar – başlamaz Vətən kəlməsinin müqəddəsliyini aşılayan bu müəllimlər könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Müəllim kimi sənətinin haqqını verən bu oğullar döyüş qabiliyyətlərini də nümayiş etdirərək xidmətlərində fərqləndilər. Bir pedaqoq olaraq, qələm və silaha sarılan bu müəllimlərin həyatını işıqlandırmaq mənim üçün şərəf və qürurdur. Çünki hər bir Azərbaycan gənci öz qəhrəmanlarını tanımalı, istər onların qələmindən, istərsə də döyüş təcrübələrindən özlərinə bir pay götürməlidirlər.
Böyük zəfərdə sarsılmaz inamları və əzmləri ilə payı əvəzsiz olan müəllimlərdən Rahim Xubalıyev, Eyvaz Əyyub, Emin Piri, Məhəmməd Məhəmmədov kimi müəllimlər sözün əsl mənasında timsaldır. “Öncə Vətən!” kəlməsini deyən bu oğullardan incə təbiətli, şair ruhlu olanlar da az deyil. Emin Piri kimi ecazkar poetik nümunələr yaradan, Eyvaz Əyyub kimi unudulmaz və təsirli bir poeziya formalaşdıran bu oğullar artıq şagird qarşısında cümlə qurarkən qürurla öz adları olan nümunələr gətirməkdən çəkinmirlər. İndi onların yaradıcılığında vətən və qəhrəmanlıq ön plandadır. Məmməd Araz demişkən:
Nə zaman ki qələm gəlir əllərinə,
Vətən gəlir dillərinə.
Sözü sözdən seçməyi bacaran belə oğullar “Vətəndən pay olmaz!” şüarına əsasən, vətən qarşısındakı borclarından bir daha şərəflə çıxmağı bacardılar.
Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər