Qərib cinlər diyarında və ya futbol Azərbaycanda

1099

Tural Məmmədov

Mənə elə gəlir ki, futbol çox qəribə oyundur. O ki, qaldı bizim ölkəmizdəki futbola, o bir az da qəribə görünür adama. İndi deyəcəksiniz ki, axı nə fərqi var, onsuz da bu oyun dünyanın hər yerində eyni qaydalarla oynanılır. Razıyam, öz də iki əlli. Amma sözümü qəribçiliyə salmayın və iki əlli olmasa da, razılaşın ki, sanki bizimkilər futbol ounamaqdan daha çox futbolla oynayır. Yəqin çoxunuz məni qınaq obyektinə çevirməkdəsiniz. Bəlkə müəyyən mənada haqqınız da var. Gəl ki. futbol təsərrüfatımızdakı peşəkarlıqdan uzaq və qeyri-adi olayları gördükcə bu cür düşünməyə bilmirsən. Yaxşısı budur, keçim sözümün “mustafasına”, bəlkə onda mənimlə həmfikir olanların sayı artdı.
Düzü, bir neçə il öncə Olimpiya yığmamızın həkimlərinin İtaliya millisi ilə oyun zamanı meydana qulpu qırıq çantyla və kürəyində “Şəfa” yazılan gödəkçədə çııxmasının futbol fuksionerlərimiz tərəfindən adi qarşılandığını görəndə, adam az qala özü-özündən şübhələnir ki, yəqin qeyri-peşəkar elə mən özüməm.
Hərdən fikirləşirəm ki, bizim əksər azarkeşlərimiz hansısa klubun heyətində “lipa” aşkarlanmasına təəccüblənməz. Siz deyin, təxminən 12 il əvvəl “Kimyaçı”-“Şəfa” matçında birincilərin, 2003-cü ildə baş tutmuş “Qarabağ”- “Ümid” oyununda isə ikincilərin “lipa”dan istifadə etməsinə şahidlik etmiş azarkeş 2004-cü ildə UEFA İntertoto kuboku çərçivəsində keçirilmiş “Kazino SV Bregents”- “Xəzər-Universiteti” görüşündə cütlüyün taleyinin avstriyalıların heyətində “lipa” aşkarlanmasına görə komandamızın xeyirinə həll olunduğunu görəndə necə təəccüblənə bilər axı? Hələ mən vaxtıilə Olimpiya millimizdə qardaşının sənədləri əsasında çıxış etmiş dağıstanlı Rəşid Lahiyalovun əslində Şamil Lahiyalov olduğunu demirəm. Belə halları adi qarşıladığımızı son illərdə aşağı yaş qrupları üzrə çempionatlarda saysız “lipa”ların aşkarlanması da göstərir.
Onu deyim ki, bura qədər sadaladığım peşəkarlıqdan uzaq məqamlar indi deyəcəklərimin yanında necə deyərlər, toya gedəsidir.
Heç siz indiyə qədər hakimin oyunu saatsız idarə etdiyini görmüsünüz? Sizi bilmirəm, amma mən 2001-ci ilin dekabrında keçirilmiş “Xəzər-Universiteti”-“Ümid” qarşılaşmasını izləyərkən baş hakim Məhəmməd Məmmədovun matçın ikinci hissəsini saatsız idarə etdiyini görmüşəm. İnsafən, deyim ki, oyunun ilk hissəsində mingəçevirli hakimin saatı işlək idi. Öz aramızdır, Alllah betərindən saxlasın.
Təəssüf ki, yuxarıda qeyd etdiyim hadisələr Azərbaycan futbolunda hakimlikə bağlı yeganə unikal hadisə deyil. İş orasındadır ki, təxminən 7 il öncə “MKT Araz”-“Xəzər-Lənkəran” görüşünün sumqayıtlı hakimi Azad Mütəllimov “Xəzər-Lənkəran”lı Miroslav Saviçin baş zərbəsinə tuş gəlmiş və ona sillə ilə qarşılıq verməklə diqqəti cəlb etmişdi. Onu da deyim ki, oyunçunun hərəkəti matçın protokoluna yazılsa da, hakimin etdikləri əksini tapmamışdı.
Deyəsən, “yetənə yetən, yetməyənə bir daş atan” təkcə sumqayıtlı hakim deyilmiş. Belə olmasaydı, FİFA referisi Elçin Məmmədov AFFA-nın sabiq baş katibi Fuad Əsədovu döyməzdi. Sən demə Məmmədov həm də menecer imiş. Öz də “Sumqayıt”ın üzvü Ceyhun Sultanovun meneceri. İlk baxışdan burda qəribə heç nə olmasa da, referinin Ceyhun Sultanovun iştirakçısı olduğu matçlara təyinat alması başadüşülən deyil. Menecerlik fəaliyyətindən danışmışkən, deyilənə görə, “Sumqayıt”ın digər üzvü Murad Hüseynovun da meneceri milli komandamızda tərcüməçi kimi çalışan Aydın Rüstəmovdur və sözügedən futbolçunun milli komandaya yüksəlməsində Rüstəmovun rolu böyükdür.
Vallah, bu ölkədən nə desən, çıxar. Onsuz da ölkəmizdə hər sahəyə bir “barmaq” eləyən tapılır. Amma nədənsə təkcə futbolumuzun səviyyəsinə “barmaq” edən yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər