Qeyri-neft sektorunun qabaqcıl ünvanı – Sumqayıt Texnologiyalar Parkı

833

Sumqayıt Texnologiyalar Parkında yeni layihələr reallaşdırılır

stp…Texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrılıb. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir.

İlham ƏLİYEV

Azərbaycan Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb edir.
Sumqayıt Texnologiyalar Parkı bu sahədə reallaşan ilk layihədir. Park 17 zavodu birləşdirir. Müəssisədə dünya standartlarına cavab verən müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Burada 500 kilovoltluq güc kabelləri buraxılan iki izolyasiya xətti var. Belə məhsullar MDB və Yaxın Şərq regionunda yalnız Azərbaycanda istehsal olunur.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıyan Sumqayıt Texnologiyalar Parkı 250 hektar sahədə yerləşir. Burada 4500-dən çox işçi çalışır. Müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən Kabel Zavodudur. Zavodun məhsullarından məişət avadanlıqlarında, kontakt sistemində geniş istifadə olunur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur.
Sumqayıt Texnologiyalar Parkının ikinci ən böyük müəssisəsi Polimer Məmulatları Zavodudur. Burada su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir. Gündə 500 ton polimer məhsulları hazırlamaq gücünə malik müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət göstərir.
Qeyd edildiyi kimi, texnoparkda yüksək avadanlıq və texnologiyalardan istifadə edilir ki, bunun da sayəsində müəssisədə dünya standartlarına cavab verən məhsullar buraxmaq mümkündür. Texnoparkın Sendviç Panellər Zavodu fasad və arakəsmə divarları, peneplas, profnastil, tor panellər və metal torlar, Texniki Qazlar Zavodu maye və qaz halında oksigen, azot, arqon, maye və quru buz halında karbon istehsalı ilə məşğuldur. Cihazlar Zavodu isə Qafqazda ilk elektron cihazlar istehsal edən müəssisədir.
Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırma Zavodunda tikinti-quraşdırma, elektroenergetika, maşınqayırma və digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı körpülü kranlar, hidroturbinlər, külək generatorları, Dəqiq Mexanika Zavodunda qeyri-standart avadanlıq və mürəkkəb konstruksiyalı maşın mexanizmi elementləri, eləcə də digər məhsullar hazırlanır. Texnoparkda günəş kollektoru qazanları, həmçinin bir çox sahələrdə tələbat duyulan yüksək keyfiyyətli, standartlara uyğun məhsullar istehsal edən digər müəssisələr də fəaliyyət göstərir.
Bu gün Sumqayıt Texnologiyalar Parkının məhsulları ölkəmizdə tikilən elektrik stansiyalarını, yarımstansiyaları yüksək gərginlik kabelləri və digər zəruri məmulatlarla təmin edir. Ağır Maşınqayırma Zavodunun istehsal etdiyi müxtəlif markalı maşınlara da artıq Azərbaycanın yollarında rast gəlmək olar.
Sumqayıt Texnologiyalar Parkının ixrac potensialı da yüksəkdir. Bu səbəbdən texnoparkın müəssisələrində hazırlanan çoxçeşidli, rəqabətqabiliyyətli malların dünya bazarına çıxarılması üçün xeyli iş görülüb. Hazırda Gürcüstana, Qazaxıstana, Əfqanıstana, Hindistana və bir sıra ölkələrə müxtəlif çeşidli mallar göndərilir. Bununla bərabər, BP şirkəti ilə neft sektorunda bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Yeri gəlmişkən qeyd edək ki, bu günlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Sumqayıt Kimya Sənaye Parkında olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, qonaqlara SKSP-də görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib.
Görüşdə sənaye və sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkı, parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri dövlət büdcəsindən maliyyəşdirilir. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb. Hazırda sənaye parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, 110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir. Birinci mərhələ üzrə SKSP-də 5-7 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, sənaye parklarında rezidentlərin qeydiyyatının “bir pəncərə” sistemi ilə həyata keçirilməsi, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olması bu parkların üstünlüklərindəndir. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.
Qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində ümumi sahəsi 10 660 kv.metr təşkil edən Peşə Tədris Mərkəzi ilə də tanış olublar. Burada 500 nəfər təhsil alacaq. Mərkəzdə auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq. Eyni zamanda mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Tədris mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” (“dual education”) modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə tutulub.
Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar millət vəkillərinin diqqətinə çatdırılıb. Məlumat verilib ki, ümumilikdə Sumqayıt Kimya Sənaye Parkında istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.
Qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri, Aqrokimya Azərbaycan” MMC, eləcə də “SOCAR Polymer” layihəsi çərçivəsində görülən işlərlə də tanış olublar. Onlara məlumat verilib ki, “Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik polad boru, qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar istehsal edir. “Azertexnolayn” MMC-yə məxsus Polad Boru, Polietilen Məmulatları və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsulların 75 faizi ixrac edilir. Artıq “Azertexnolayn” MMC tərəfindən bu ilin 9 ayında istehsal edilən 47 milyon manat həcmində müxtəlif borular, mexaniki və hidrotexniki avadanlıqlar “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac olunub.
“SOCAR Polymer” MMC isə sənaye parkının ərazisində Polipropilen Zavodunun tikintisini davam etdirir. Artıq ərazidə polipropilen istehsalı üçün lazım olan bütün obyektlərin tikintisinə başlanılıb. Hazırda tikintidə 1100 nəfər çalışır. Yüksəksıxlıqlı polietilen istehsal edən zavodun inşasına başlandıqdan sonra tikintidə çalışanların sayı 1500 nəfəri ötəcək. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ dollarıdır. Polipropilen Zavodunun 2017-ci ilin sonu, Yüksəksıxlıqlı Polietilen Zavodunun isə 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. “SOCAR Polymer” layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi “Aqrokimya Azərbaycan” MMC isə Türkiyə, Almaniya, ABŞ və İtaliya texnologiyası əsasında ildə 57 min ton maye halında və 1000 ton toz halında pestisidlər istehsalını həyata keçirəcək. Layihə dəyəri 16 mln. dollar olan zavodun fəaliyyətə başlaması ilə 100 nəfər daimi işlə təmin olunacaq.
Hazırda SKSP-nin 4 rezidenti –
“SOCAR Polymer”, “Aqrokimya Azərbaycan”, “Ferro Ərintilər Zavodu”, “MST Engineering” tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma işləri aparılır.

Rüstəm KAMAL,
Ağaəli MƏMMƏDOV (foto)
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər