“Qır-qızıla pul vermədik, gəlinliyi Sumqayıtdan seçdik” – Fotolar+ Video

2546

“Atam fəhlədir. Onunla işini dəyişməklə bağlı nə qədər mübahisə etsək də, fikrindən dönmür. Deyir ki, bacardığı qədər işləyəcək. Anam da hazırda sağlamlığına görə işləmir. Əvvəl Sumqayıtda zavodda işləyib”.

Bu sözləri hazırda Lüksemburqda dünyanın telekommunikasiya sahəsində lider şirkəti olan “Vodafone”da menecer işləyən 28 yaşlı Emin Quliyev deyir. O, qazandığı bütün uğurlarının başlıca səbəbini kasıb ailədə doğulmasında görür. Bu cümlə çoxu üçün inandırıcı olmaya, hətta bəzilərinə xülya kimi də görünə bilər. Ancaq Emin səmimiyyəti ilə bizi buna inandırır. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvətiylə Bakıya gələn şirkətin ən gənc meneceri ilə Lüksemburqa qayıdışının sonuncu günündə görüşüb söhbətləşdik.

“Qafqazinfo” Emin Quliyevlə müsahibəni təqdim edir:

– Belə deyək, çoxu kasıb ailələrdə doğulur. Amma sizin kimi uğur hekayəsi yaza bilmirlər. Daha hansı keyfiyyətlərinizlə fərqlənirsiniz? 

– Bu məsələdə əvvəlcə, valideynlərimin mənə verdiyi tərbiyənin rolu böyük olub. Böyüdükcə fərd kimi öz şəxsi keyfiyyətlərimin üzərində işləmişəm. Bundan sonra prinsip və hədəflərimi müəyyən etmişəm. Birinci növbədə, optimistəm. Çünki insan çətinliklərə optimist yanaşanda nəticəsi yaxşı olur. Başıma elə hadisələr gəlib ki, əvvəl çox pis olmuşam və bunu uğursuzluq kimi qəbul etmişəm. Ancaq zamanla onun xeyrini görmüşəm. İkincisi isə səmimiyyətimlə qazandığım dostlarımdır ki, onlarla sevincimi bölüşürəm. Üçüncüsü, çalışqanlıqdır. Universitet illərimdə də, Fransada magistr təhsili alanda, hazırkı işimdə də çalışqanlığımı göstərirəm.

– Fransa yolunuz necə başladı? 

– Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin xüsusi istedadlar qrupunda almışam. Həmin təhsil mənim karyerama həqiqətən də yaşıl işıq açdı. Təhsilim ingilis dilində idi. Oxuduğum zaman fərqli sertifikatlar da almışam. 4-cü kursdan işləməyə başlamışam. İşlədiyim və təhsil aldığım müddətdə xaricdə təhsil alıb karyera qurmağı hədəfləyirdim. Bunun üçün təqaüdlərə sənəd göndərirdim. O da böyük əziyyət oldu. Çoxsaylı imtina məktubları gəldi. Sonda Fransa Təhsil Nazirliyinin ən yaxşı təqaüdü olan “Eyfel”i qazanmışam. Həmin təqaüdü almış ilk və yeganə azərbaycanlıyam.

– Sözügedən təqaüd Fransada sizə hansı imkanları verirdi? 

– “Eyfel” təqaüdü Fransaya gediş-gəliş imkanlarından başqa, bir sıra üstünlüklər verir. Aylıq 1200 avro pul verilirdi. 1200 avro bəzən hər hansı fransalının aylıq maaşına bərabərdir. Kirayədə də endirim verilirdi. Yaxşı dolanırdım.

– Adaptasiya məsələlərini necə həll etdiz?

– Orada bir neçə məqamda şok yaşadım. Amma mənə çox ciddi təsir etmədi. Bəlkə də məni gözləyən şeyləri bilirdim. Məsələn, biz burada bütün bazarlığı, bərbəri həftəsonuna salırıq. Orada isə həftəsonu hər yer, hətta apteklər də bağlı olur. İndi isə öyrəşmişəm. Artıq bilirəm ki, həftəsonları hara getmək olar.

– “Vodafone”dan iş təklifini necə aldınız? 

– Azərbaycandan xaricə gedəndə məqsədim Avropada karyera qurmaq idi. 2015- ci ilin sentyabrında Fransada magistr təhsilinə başladım. Oktyabrdan artıq şirkətlərə CV göndərirdim. Bununla bərabər, dərslərimi də oxuyurdum. İlin tələbəsi seçilmişdim. Ancaq karyera qurmağa daha çox fokuslanmışdım. Lakin pasportuma görə digərlərindən fərqləndirilirdim. Şirkətlər baxıb deyirdilər ki, çox yaxşı təcrübən var. Amma viza məsələlərinə görə bizi arxa plana salırdılar. İki dəfə İngiltərədə sadəcə iş görüşməsi üçün olmuşam, amma viza məsələsində dəstək vermədilər. 6 ay mənəvi əziyyət çəkdim. Hətta dizimi yerə qoydum ki, bu qədər də olmaz. Ancaq iki gün içində 3 yerdən təklif gəldi – Dubay, Lüksemburq və Fransa. Lüksemburqdakı təklif  “Vodafone”dan praktika keçməklə bağlı idi. Buna görə də ora köçdüm və praktikamın beşinci ayında iş təklifi aldım. Macarıstana ezamiyyətə göndərdilər. Dedilər ki, 3-4 ildən sonra menecer vəzifəsində çalışacam. Ancaq çox keçmədi, 2018- ci ildə Lüksemburqdakı ofisdən menecer təklifi aldım.

– “Vodafone”da işgüzar münasibətlər necə qurulub? Sirr deyilsə, nə qədər əmək haqqı alırsınız?

– Burayla ora arasında korporativ dəyərlər çox fərqlidir. Mən burada 3-4 şirkətdə işləmişəm. “Vodafone” kimi şirkətləri uğurlu edən səbəb onların korporativ dəyərləridir. Orada hər kəsə vəzifəsinə görə yox, fikirlərinə görə hörmət edirlər. Şirkətdə praktika keçəndə təklifimə görə məni direktorla görüşdürdülər. O zaman müdir dedi  ki, bu şəxsi burada saxlayın. Üstünlüklərdən biri də odur ki, bu yaxınlarda yoldaşımla bərabər 4 ədəd 2000 manat dəyərində eynək aldıq və bu pulu şirkət ödədi.

10 min manata yaxın maaş alıram. Azərbaycan üçün bu maaş yüksəkdir. Ancaq Lüksemburqda xərclər də yüksəkdir. Ev kirayəsi orada 2000 manatdan başlayır. Ən ucuz bərbər 30-40 manatdır. O pulun qalanını Azərbaycana göndərsəm, böyük məbləğ edir. Ancaq orada qalıb ev almaq istəsəm, bu 20-30 il çəkə bilər.

– Həyat yoldaşınız da sizin kimi aktivdir. Onunla necə tanış olmusunuz? 

– 2 il əvvəl avqustda bizim təhsillə bağlı feysbuk üzərindən müzakirəmiz başlamışdı. Daha sonra zamanla fərqli müzakirələrimiz oldu. Onunla daha dərin mövzuları müzakirə etməyə başladıq. Gördüm ki, bu qadın mənim ruh əkizimdir. Sonra onu görmək üçün Macarıstandan Bakıya gəldim. Gördüm ki, o mənim illərlə axtardığım qadındır. Mənim həyat yoldaşı seçimi barədə uzun bir siyahım var idi. Axırda fikirləşdim ki, yəqin tək qalacam. Çünki bu siyahını tamamlamaq mümkün deyil. Sonra gördüm ki, belə biri var imiş və axtardığımın hamısını onda tapdım.

– Siz bir qadında nə axtarırdınız ki, onu məhz xanımınızda tapdınız?

– Həmişə düşünmüşəm ki, həyat yoldaşım savadlı və dərin düşüncəli biri olmalıdır.  Mütləq ali təhsili olmalıdır kimi şərtim olmayıb. Mən ali təhsili olmayan orta təhsilli o qədər adamla görüşmüşəm ki, onlar həqiqətən də dərya olub. Ona görə də birinci odur ki, dərin düşüncəyə sahib olmalısan. Hər hansı bir məsələni geniş müzakirə edə bilməliyik. Tanış olandan sonra gördüm ki, o, ideal biridir. Hətta mən özüm ona layiq olmağa çalışıram. Digər məsələ isə qarşı tərəfin çalışqan olmasıdır. Bəzən elə olur ki, ya oğlan, ya da qız öz həyat yoldaşına arxayın olub həyatı axarına buraxır. Mənsə istəmişəm ki, həyatı həyat yoldaşımla birgə gedək. Bəzən oğlanlar öz xanımlarının karyera qurmasına mane olur, ya da dəstək olmurlar. Ancaq mən istəyirəm ki, həyat yoldaşımı irəli çəkim, onun karyerasına dəstək olum. Çünki mənə görə xanımlar da bir şəxsiyyətdir və parlamalıdırlar. Mən hər yerdə fəxr edirəm ki, həyat yoldaşım şirkət rəhbəridir.

– Toyqabağı bir statusunuz yaxşı mənada müzakirələrə səbəb olmuşdu. Siz bahalı toy alışverişinizdən imtina etmişdiniz. Xərcləri minimallaşdırmışdınız. Buna valideynlərinizi necə razı saldınız?

– Düşündük ki, biz pulları bahalı qır-qızıla sərf etməli deyilik. Pulu yaxşı gəzintiyə və yeməyə verməliyik. Yeniyetməlik dövründən ailəm mənə azadlıq vermişdi.  Elə olub ki, evə gec gəlmişəm, ofisiant işləmişəm. Amma ailəm mənə həmişə inanıb. Təbii ki, toy siyahısını tam ixtisar edə bilmədik. Bir yerdə oturub müzakirə apardıq və müsbət qərara gəldik. Bizdə gəlinliklərin qiyməti 2000-3000 manatdan başlayır. 1000 manata olan gəlinliklər köhnə model sayılır. Fotoqrafların bəziləri bir fotosessiya üçün 10 min manata qədər pul istəyir. Ancaq o şəkillər nədənsə bəzən süni alınır. Fotomuzu dostumuz çəkdi. Gəlinliyi Sumqayıtdan zövqlə seçdik. Ən sadə üzüyü aldıq. Biz pulumuzu yığdıq və sonda özümüzə bir biznes qurduq.

– Toydan sonra dincəlmədiniz? Çünki istirahətə önəm verirsiniz…

– Sloveniyada qəşəng bir yerdə dincəldik. Bizim feysbukda məşhur olan ”bala, bir yerdə oturun” həştəqi var. Atam bizə bunu deyirdi. Demək olar ki, hər ay bir ölkəyə gəzməyə gedirik. Ən azından həftəsonu hər hansı bir ölkədə oluruq.

– Həyat yoldaşınız hansı şirkətin rəhbəridir?

– Xanımım Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. Almaniyada magistr təhsili alır. Paralel olaraq Lüksemburqda beynəlxalq şirkətdə praktika keçir. Biz birlikdə öz şirkətimizi qurmuşuq. Bu yaxınlarda qeydiyyatdan keçdik. Avropaya və qlobal bazara startap hazırlayırıq. Sentyabrda bazara çıxmağı planlaşdırırıq. Ona görə də biznesimiz üzərində gərgin işləyirik. Startapımız ofis işçilərinin qidalanması ilə bağlı problemin həllinə yönəlib. Belə ki, ofis işçiləri qidalanmasına görə iki yerə bölünür. Maaşı çox yüksək olsa da işə yemək gətirənlər var. Çünki sağlam qalmaq istəyirlər. Digər qrup isə yeməyi bişirmək istəsə də, onların buna bacarığı yoxdur. Biz onları birləşdirən mobil proqram yaradacağıq. İlkin mərhələdə Hollandiya, Danimarka və Lüksemburq bazarına girməyi planlaşdırırıq. Bu mövzuda investorlara açığıq. Növbəti ildən planlayırıq ki, ən azı 5000 manat gəlir götürək.

– Sizi örnək alanlara uğurlu olmaq üçün nə məsləhət verərdiniz?

– Bəzən düşünürlər ki, irəli getmək və ya vəzifə sahibi olmaq üçün cəmiyyətdə mütləq hər hansı vəzifəli qohumun olmalıdır. Bu faktor cəmiyyətdə müəyyən dərəcədə var. Ancaq deyərdim ki, prinsipial olan şəxslər həmişə uğur qazanır. Mənim qrup yoldaşlarım da hansısa kasıb ailənin övladı olublar. Ancaq ambisiyalarının arxasınca gedərək uğur qazanıblar. Məsləhətim odur ki, ailənin maddi durumunun yaxşı və ya pis olması vəziyyətini tamamilə qırağa qoysunlar  XXI əsrdə vəziyyət elədir ki, istənilən bir şəxsi bir günə vəzifədən çıxara bilərlər. Həmişə ailədən asılı olan insanlar seçim etməkdə çətinlik çəkir. Daim öz üzərlərində işləməyə davam etsinlər. Bizdə belə bir psixologiya var ki, universitetə  girdimsə iş tapacam. Heç bir universitet şirkətə işçi hazırlamır. İnsan öz üzərində işləməlidir ki, iş tapa bilsin. Heç bir şirkətə müsahibəyə gedəndə o səndən diplomunun rəngini soruşmur. Soruşur ki, sən bu şirkətə əlavə nə qazandıra bilərsən? Ona görə sənə maaş verə bilərlər. Sosial baxımdan da aktiv olmaq lazımdır. Uğur üçün sadəcə əziyyət çəkmək, fokuslanmaq və ambisiyalı olmaq lazımdır.

Günel Türksoy

Foto-Video: Pərvin Zeynal 

Çəkilişdə göstərdiyi köməyə görə “The Place” restoranına təşəkkür edirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər