Havalar soyuduqca, istilik sistemlərinə tələb artır. FED.az xəbər verir ki, daha az yer tutduğuna, müasir təhlükəsizlik tələblərinə xavab verdiyinə görə, hazırda Bakı sakinləri ən çox kombilərdən istifadə edirlər. Təhlükəsiz olması ilə yanaşı, kombilər daha təkmil idarə oluna bilir, ayrı-ayrı otaqlarda temperatur tənzimlənməsinə imkan verir ki bu da yanacağa və enerjiyə qənaət üçün sərfəlidir.
Payız-qış mövsümünün başlanması ilə Bakıda kombilərin qiyməti də artmağa başlayıb. İstilik sistemləri üzrə mütəxəssis Vüqar İmamverdiyev FED.az-a bildirir ki, kombilərin qiyməti əsasən gücünə görə dəyişir.
Belə ki, hazırda bazarda ən çox Türkiəyə, Rusiya, Almaniya, Koreya və Çin istehsalı olan kombilər var. Ən keyfiyyətli kombilər alman istehsalı olanlardır.
Hazırda satışda olan kombilərin gücü və qiyməti aşağdakı kimidir:
24-lük kombi
Bu kombilərin gücü 24 kilovatdır. Qiyməti minumum 700 manatdan başlayır. Ötən ilə nisbətən qiymətlər bu il 100-150 manat artıb. 24-lük kombilərə 7-8 ədəd panel qoşmaq mümkündür və normal təmirli 100 km2-lik bir evi isidə bilir.
28-lik kombi
Gücü 28 kilovat olan bu kombilərin qiyməti 800 manatdan başlayır. 1 il ərzində qiymətdə 100-120 manat artım müşahidə edilib. Bu kombilərə 12 ədəd panel quraşdırmaq olur. 130-140 km2-lik izolyasiyalı evi tam şəkildə isidə bilər.
32-lik kombi
Güc 32 kilovat, qiyməti 1100 manatdan başlayan bu kombilərin son bir il ərzində qiymətində 100-150 manat arasında artım olub. 18-20 ədəd panel qoşmaq olar. Sahəsi 150-160 km2 olan evi isitmək olur.
35-lik kombi
Gücü 35 kilovat, qiyməti 1300 manatdan başlayır. Son 1il ərzində qiymət artımı 100-150 manat arasında olub. 200 km2-lik bir evi isitmək olur. Bu kombilərə 30-35 ədəd panel quraşdırmaq olar.
50-lik kombi
Gücü 50 kilovat olan kombinin qiyməti 3 min manatdan başlayır. Qeyd edək ki, böyük kombilərin qiymətində artım olmayıb. 40-45 ədəd panel qoşmaq mümkündür, 400 km2-lik evi isidə bilir.
Divar tipli qazanlar
Gücü 100 kilovat olan kombinin qiyməti 5 min manatdan başlayaraq artır. Qiymət artımı müşhidə edilməyib. 800-1000 km2 bir evi isidə bilər. Bu kombilərə 90 ədəd panel qoşmaq mümkündür.
Kombi sisteminin yaxşı işləməsində radiatorların keyfiyyəti də xüsusi rol oynayır. Radiatorda olan seksiyalar evin sahəsinə uyğun hesablanır. Radiatorun 1 seksiyası 1,6 kv/m sahəni isidir.
V. İmamverdiyev onu da qeyd edib ki, evlərə quraşdırlan kombilərin daha yaxşı istilik verməsi üçün ilk növbədə, ev tam izolyasiya olmalıdır.