Qış günəşi

1317

Fani dünyada aldadıcı, xarici görüntüsüylə daxili fərqli olan şeylər çoxdu. Qış günəşi də məhz belə xüsusiyyətlərə malikdi. Pəncərədən baxanda görürsən ki, aydın səmada günəş parıldayır. Amma onun istisinə qızınmaq həvəsiylə küçəyə çıxanda fikirlərin alt-üst olur, qış günəşinin şüalarıyla qızına bilmirsən. Eləcə də, günəşli havaya güvənib, sabahkı günə hansısa planlar qurursan, elə bu bazar günü olduğu kimi yuxudan oyanıb görürsən ki, dünən parıldayan günəşdən əsər-əlamət yoxdu, bayırda yağış yağır, külək vıyıldayır. Bu romantik mövzunu boşuna açmamışam. “Qarabağ”ın “Kəpəz”i boyük hesabla məğlub edib, turnir cədvəlinin ilk pilləsinə yüksəlməsindən sonra belə qənaətə gəldim ki, bizim futbolun da bəzi məqamları qış günəşinə bənzəyir. Sentyabrın 23-də Tovuz səfərindən üç xalla dönən “Qarabağ” növbəti qələbəni bayram etmək üçün düz 36 gün gözləməli oldu. Bu zaman kəsiyində ardıcıl üç oyunda sülhə razılaşan Ağdam təmsilçisi Lənkərandakı məğlubiyyətdən həmən sonra ev oyununda “Qəbələ”yə də təslim oldu. Qarşısına yüksək hədəflər qoyan bir klubun beş qarşılaşmada qələbəyə həsrət qalması ciddi həyəcan siqnalı idi. Buna qədər AZAL-a 2:6 hesabıyla məğlub olan Qurban bəyin komandası onsuz da imicinə ağır zərbə vurmuşdu. Hətta ilk “altılığ”dan kənar qalmaq təhlükəsi yaşayan “köhlən atlar” yaşananlardan nəticə çıxarmışa bənzəyir. Əfran İsmayılovun komandanı tərk etmək həvəsinə düşməsi bir anda “Qarabağ”da klubdaxili problemlərin baş qaldırdığından, tezliklə digər əsas heyət üzvlərinin də klubdan ayrılmasıyla Qurban bəyin döyüş meydanında tək qalacağından belə xəbər verirdi. Yaxşı ki, xarizmatik çalışdırıcı “Qarabağ”ı böhrandan çıxara bildi. Cəmisi bir ay bundan əvvəl çoxlarının hesabdan sildiyi komanda ardıcıl beşinci məğlubiyyətsiz oyununu keçirdi. Üstəlik “Turan”la oyundakı bərabərlikdən savayı qalan bütün duellərdə “Qarabağ” meydanı qələbəylə tərk edib. Tovuz təmsilçisiylə görüşü izləmək imkanım olmadığından “köhlən atlar”ın xal itkisinin dəqiq səbəbi haqda fikir bildirməyə çətinlik çəkirəm. Amma qalan dörd oyundakı qalibiyyətin canlı şahidiyəm və “Qarabağ”ın qələbələri sıralamasının “sirri” haqqında bəzi qənaətlərim var. Aydın məsələdi ki, turdan-tura rəqiblər dəyişdikcə Qurban bəy də komandasının oyun sxemində dəyişikliyə əl atır. Müşahidə edə bildiyim yeganə dəyişməyən məqam “Qarabağ” bütün oyunlara eyni motivasiyada çıxmasıdı. “Kəpəz”lə qarşılaşmanın artıq 22-ci dəqiqəsində 2:0 öndə olan futbolçuların arxayınlaşmaması, rəqib qapısına ardıcıl həmlələr etməsi sevindirici idi. Çünki, vaxtsız arxayınlıq hissləri bir çox hallarda sonradan böyük fəsadlara yol açır. Elə bir-neçə tur bundan əvvəl “Simurq”la oyunu xatırlayaq. Həmin qarşılaşmada da “Qarabağ” fasiləyə qədər rəqibi iki cavabsız qolla məyus etmişdi. Amma futbolçuların qələbəyə erkən inanması, üstəlik də referilərin Zaqatala təmsilçisinə hədiyyə etdiyi penaltidən sonra hesab arasındakı fərqin minimuma enməsi oyunun son dəqiqələrini drammatikləşdirmişdi. Görünür, Qurban bəyin yetirmələri “Simurq”la oyunda yaşananlardan da lazımi nəticələr çıxara bilib. Son iki mövsümdə “Qarabağ”da aparıcı futbolçuların yerilər olmasına adət etmişik. Xüsusən də, “Qarabağ” deyəndə ilk ağıla gələn isimlər Rəşad Sadıqov, Rauf Əliyev və Əfran İsmayılov idi. Hazırda durum bir qədər fərqlidi. Millinin kapitanı uzun müddət zədələrdən əziyyət çəkdiyindən sabit çıxış edə bilmir. Raufla Əfran isə “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi”nin təklif etdiyi fantastik məbləğlər qarşısında keçirdikləri ciddi psixoloji böhranın fəsadlarını yaşayır. Artıq heç kimə sirr deyil ki, bu iki futbolçunun uzun müddətdi itib-batmasının, əvvəlki formalarından uzaq düşməsinin əsas səbəbi böyük pullar qazanmaq həvəsiylə girişdikləri transfer sövdələşmələridi. Taleyin qismətidi ki, Raufun “Xəzər Lənkəran”a, Əfranınsa “Neftçi”yə keçidi son anda baş tutmadı. Deməli, bu iki gənc onları yetişdiyib, ölkə futboluna bəxş edən Qurbanova qarşı davranışlarında diqqətli olmalıdılar. Ən azından anlamalıdırlar ki, onların futbol səhnəsində itib-batmasından təkcə “Qarabağ” yox, bütövlükdə milli futbolumuz zərər görür. Əfranla Raufun enişli-yoxuşlu həyat yolundan Qurban bəy minumum itkiylə çıxmağı bacardı. Çalışdırıcı “Neftçi”ylə oyundan sonrakı mətbuat konfransında qələm əhlinə Əfranı yenidən futbolumuza qazandıracağını söylədi. İsmayılovun “Kəpəz”ə qarşı sərgilədiyi oyun, vurduğu qol çalışdırıcının sözlərinin gerçəkləşəcəyinə inanmağa əsas verir. Riçard Almeydanın çətin məqamda liderliyi üzərinə götürməyi bacarması, Vaqif Cavadovun da yavaş-yavaş keçmiş günlərini xatırlatmağa başlaması da “Qarabağ” adına sevindirici məqamlardandı. Qurban bəyin çağrışlarımıza səs verib, “çərçivədə” Fərhada güvənməyə davam etməsi də qazanılan son uğurlarda az rol oynamayıb. Bütün bunlara rəğmən Qurban bəy və yetirmələri bir vacib məqamı unutmamalıdılar. Yazımın əvvəlində vurğuladığım kimi Azərbaycan futbolunda qış günəşinə bənzəyən aldadıcı məqamlar xeyli çoxdu. Odu ki, bir an belə ehtiyatı əldən vermək, ardıcıl qazanılan qələbələrin istisinə qızınıb, xumarlanmaq olmaz. “Qarabağ”ın milli futbolumuz adına görəcəyi işlər çoxdu. Bu mənada komanda da turnir cədvəlinin üst pillələrini hədəfləməyə, Avrokuboklarda bizi sevindirməyə çalışmalıdı. Adətən “Qarabağ”ın futbolçuları Quzanlıya gedən yolun uzun və yorucu olmasından, qitə kubokları səbəbindən yay fasiləsində dincələ bilmədiklərindən şikayətlərnirdilər. Artıq bütün bu bəhanələrə əl yeri yoxdu. Deməli, arzu edilməz hansısa uğursuz nəticədən sonra ancaq özünüzü günahlandırmalı olacaqsınız. Tanrı sizi o günlərdən qorusun.

 

Amal Abuşov, “Futbol+”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər