“Qolsuz keçən və tempi aşağı olan oyunları şərh etməyi sevmirəm”

998

“Dortmundda başıma çox maraqlı hadisə gəldi”

Yalçın Çətin – bu ad azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. Nə də olsa, Türkiyənin Dövlət Televiziyası olan TRT-nin idman şöbəsinin tanınmış əməkdaşı bizim azarkeşlərin yaddaşında qardaş ölkə futbolunun önəmli qarşılaşmalarını özünəməxsus şərh etməsi ilə qalıb. Hər halda, “Qalatasaray”ın UEFA kubokunu qazandığı mövsümdə bu turnirdə keçirdiyi matçların bir çoxunu, eləcə də Türkiyə millisinin Dünya və Avropa üçüncüsü olduğu dönəmdəki qarşılaşmaların əksəriyyətini məhz məşhur teleaparıcı Yalçın Çətinin şərhi ilə dinləmişik. Elə bu dəfə də Türkiyənin tanınmış idman şərhçisini dinləməli olduq. Amma indiki halda onun bizim suallarımıza verdiyi cavabları dinlədik.

–         Idman mətbuatına gəlişiniz necə olub?

–         1992-ci ildə hazırda da çalışdığım TRT kanalının təşkil etdiyi imtahandan uğurla keçərək idman şərhçisi kimi işə başlamışam.

–         İlk dəfə şərh etdiyiniz oyunu xatırlayırsınızmı?

–         İlk  şərh etdiyim oyun yaxşı yadımdadır. Həmin qarşılaşma Türkiyə kuboku çərçivəsində keçirilən “Çanakkale Dardanelspor”- “Ankaragücü” matçı idi.

–         TRT kanalının idman şərhçiliyi baxımından standart və tələbləri nələrdir?

–         Bu baxımdan TRT kanalının şərhçilər qarşısında qoyduğu əsas şərtlər matçı tamaşaçılara türk dilində qüsursuz çatdırmaq və qarşılaşma zamanı oyunu obyektiv şərh etməkdir.

–         Şərh etdiyiniz matçlar arasında sizin üçün ən unudulmazı hansıdır?

–         Düzü, unudulmaz oyunlar kifayət qədərdir, amma ən əsas AVRO-2008-in 1/4  final mərhələsindəki Xorvatiya-Türkiyə qarşılaşmasını yaddan çıxara bilmirəm. Xüsusən də, Semih Şentürkün matçın 120-ci dəqiqəsində rəqib qapısına yol tapmasını.

–         Maraqlıdır, şərh etdiyiniz qarşılaşmalar arasında sizə darıxdırıcı gələn oyun olubmu?

–         Belə qarşılaşmalar çox olub. Xüsusən qolsuz keçən və tempi aşağı olan oyunları şərh etməyi sevmirəm.

–         Şərh etdiyiniz qarşılaşmalar zamanı başınıza gəlmiş və tamaşaçıların fərqində olmadığı maraqlı hadisələrdən yaddaşınızda iz buraxanı varmı?

–         “Qalatasaray”ın UEFA kubokunu qazandığı mövsüm Dortmund Borussiya”sı ilə səfərdə keçirilən qarşılaşma zamanı başıma çox maraqlı hadisə gəlmişdi. Matçın başlamasına az qalmış mənə canlı yayımda olduğumuzu bildirdilər və mən oyunu şərh etməyə başladım. İlk hissə yekunlaşanda studiyadakı əməkdaşlarımız texniki qüsurlar səbəbindən qarşılaşmanın ilk hissəsinin efirə getmədiyini bildirdilər. Beləcə, bütün dünya türklərinə anlatdığımı düşündüyüm oyunu sadəcə yanımdakı kameramanımıza şərh etmiş olmuşdum.

–         Ən çox hansı həmkarınızın şərhçiliyi sizin üçün maraqlıdır?

–         Məni üzürlü sayın, amma bu barədə fikir bildirmək istəmirəm.

–         İndiyə qədər azərbaycanlı həmkarınızın şərh etdiyi hər hansı matçı izləmisinizmi?

–         Hələ ki, azərbaycanlı həmkarlarımın şərh etdiyi hər hansı matça bütövlükdə baxmaq imkanım olmayıb. Amma kiçik fraqmentlər şəkilində izləmişəm.

–         “Qalatasaray” və “Fənərbaxğa”dan avrokuboklarda nə gözləyirsiniz?

–         Həm bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində ilk matçına çıxacaq “Qalatasaray”dan, həm də Avropa Liqasında “Fənərbağça”dan gözləntim yüksəkdir. İnşallah, ölkəmizi yaxşı təmsil edər və mümkün qədər irəli gedərlər.

–         Bəs Türkiyə milli komandasının 2014-cü ildəki dünya çempionatına vəsiqə qazanma şanslarını necə dəyərləndirirsiniz?

–         Açığı, Türkiyə milli komandasının dünya çempionatına vəsiqə qazana biləcəyini düşünmürəm. Riyazi baxımdan şanslarımız davam etsə də, imkanları yüksək qiymətləndirmək olmaz. Amma bununla belə, inamı tam itirmək də yersizdir. Nə də olsa, axı ümid sonda ölür.

 

Tural Məmmədov

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər