QONŞU ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏR AZƏRBAYCAN ÜÇÜN PRİORİTETDİR

622

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib. Görüş zamanı media rəhbərlərinin suallarını cavablandıran Prezident İlham Əliyev çox mühüm məsələlərə münasibət bildirib.
Rusiya ilə Azərbaycan arasında olan münasibətlər müttəfiqlik səviyyəsinə çatıb.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb.
Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusundadır.
Həm azərbaycanlı, həm də qeyri-azərbaycanlılardan ibarət Azərbaycan vətəndaşlarının rus dilində təhsil almaq üçün geniş imkanlarının olduğuna diqqət çəkən cənab Prezident İlham Əliyev bildirdi ki, Rus sektoruna məktəblərdə tələbat çoxdur. 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.
Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu fakt Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.
Azərbaycan üçün ən cəlbedici tərəfdaş Türkiyədir
Prezident İlham Əliyev KİV rəhbərləri ilə görüşündə Azərbaycan-Türkiyə münasibətləri və müttəfiqliyi barədə ətraflı məlumat verdi. Ölkə başçısı bildirdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq – bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib.
Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.
Azərbaycanın ən böyük qaz istehlakçısı Türkiyədir. Türkiyədən sonra İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin adları çəkilə bilər. Keçən il cəmi 19 milyard kubmetr qaz ixrac olunub, bu il daha çox olacaq. Lakin Azərbaycan üçün ən cəlbedici tərəfdaş Türkiyədir.
Azərbaycan hər iki ölkənin, həm Rusiyanın, həm də Türkiyənin müttəfiqidir. Azərbaycan iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz. Sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır.
Postmüharibə dövrü və yeni reallıqlar
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Preziden İlham Əliyev aparıcı rusiya mediasının nümayəndəlirinin iştirakı ilə keçirilən görüşdə bir daha Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkə başçısı bildirdi ki, müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir. Təqdim olunmuş xəritənin dəqiqliyi 25 faiz təşkil edir.
Dövlətimizin başçısı vurğuladı ki, ötən il bərpa işləri üçün 1 milyard 300 milyon dollar ayrılmışdı. Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq.
İşğal dövründə qaçqınlar üçün fəal şəkildə evlər tikilirdi. Hər il təxminən 5-6 min ailə, təqribən 30 min insan yerləşdirilib. Onlardan təqribən 70 faizi normal yaşayır. Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikilib. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və qaytarılıb. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar hərbi cinayətlərin sübutları olacaq.

Son vaxtlara qədər əsas problemlərdən biri Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması idi. Siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi – nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə çatdırmaq çox önəmlidir. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik.

Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş Azərbaycan həqiqətlərinin və regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan arasında hələ də informasiya mübarizəsinin getdiyi bir dövrdə haqlı tərəf olaraq öz mövqeyimizi dünyaya çatdırmalıyıq. Bu baxımdan görüş vacib məqamlarla yadda qaldı və dünya ictimaiyyətinə bir daha postmüharibə dövrünün reallıqları çatdırıldı. Eyni zamanda erməni mənşəli jurnalistin Prezidentimizə ünvanladığı qərəzli suala dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva tutarlı cavab verdi.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər