Gözəl gözəl xəbərlər alırıq. Filankəs milyarder həbs olundu. Filan müğənni biabır oldu. Filankəsin şirkəti bağlandı. Filankəsi işdən qovdular. Bu xəbərlərdə bunu deyən,danışan və ya yazan adamın sevinci açıq aydın hiss olunur. Bu xəbəri danışan insanın üzünə baxın. Sevincdən gözləri parıldayır. Nədən qaynaqlanır bu sevinc hissi? Günahkar bizim analarımız, atalarımız və QONŞUNUN UŞAĞIDIR.
Balaca olarkən yazılmamış bir vərəq kimi idik. Kim olacağıq, nə olacağıq bilmirdik. Analarımız, atalarımız, cəmiyyətimiz bizə öz xəyallarını sırıdı. Biz hansısa dini seçdik, hansısa partiyanı seçdik, hansısa yolu seçdik. Və bu seçimləri yaşayarkən bizə müqayisəni öyrətdilər. Məsələn, “Bax filankəsin uşağına ibrət götür”.
“Həmişə istəmişəm ki, qonşunun uşağı kimi oğlum olsun”. Bizim şüuraltımız artıq özünü daima kiminləsə müqayisə etməyə alışdırılır. Müqayisə obyekti olan “qonşunun uşağı”nı sevəcəyikmi? Təbii yox. Tədricən ona qarşı içimizdə rəqabət, paxıllıq və nifrət hissi formalaşır.
Bir gün qonşunun uşağı dərsdən pis qiymət alanda özümüzü necə hiss edirdik? Möhtəşəm. Bəlkədə özümüz yaxşı qiymət alanda heç bu qədər sevinmirdik. Qaça-qaça anamıza xəbər verirdik:
“Ana, filankəs dərsini bilmədi, müəllim ona 2 yazdı” Uşaqlıqdan bəri formalaşan bu düşüncə tərzi tədricən vərdişə və xarakterə çevrilir. Biz böyüyürük. Böyüdükcə bizdən üstün olan hərkəsi “qonşunun uşağı”na bənzədirik. Bütün uğurlu insanlar bizim üçün bu obraza uyğun gəlir. Bu şəxslərin uğursuzluğu təbii olaraq bizim sevincimizə səbəb olur. Milyarderlər, müğənnilər, siyasətçilər, idmançılar, tanınmışların uğursuzluqlarını eşidəndə nə düşünməliyik? Bu xəbərləri bizə deyən insanlar özləri nə ediblər? Minlərlə iş yeri açan, on minlərlə uşağa çörək verən bir milyarder iş adamının uğursuzluq xəbərini kim yazır?
300 AZN maaş alan bir jurnalist. Kim cəmiyyətə daha çox fayda verib? Bəs o jurnalist bu biznesmenin uğur xəbərini eyni sevinclə yazacaqdımı? Tutaqki o yazdı. Bəs yazılan iki eyni xəbərdən hansını daha çox oxucu oxuyacaqdı? Təbii ki uğursuzluq haqqında yazılanı. Bəzən cəmiyyətdə tanıdığım böyük işlər görən insanlar haqqında mənfi rəylər eşidirəm. Bu rəylərin real səbəbinin haradan qaynaqlandığını bildiyim üçün gülməyim gəlir bu danışıqlara. Böyük iş görən insanın böyük həcmdə faydası olacaq. Bəs səhvləri?
Elə səhvləri də böyük həcmdə olacaq. Məsələn, siz 1 000 AZN maaş alaraq bir işdə işləyirsinizsə, sizin maliyyə səhvləriniz yüzlüklər civarında dövr edəcək. Milyardlar qazanan insanların maliyyə səhvləri də milyonları əhatə edir. Bu tendensiya necə dayanacaq?
QONŞUNUN UŞAĞI sindromunun qarşısı necə alınacaq? Uşaqlarımızın müqayisəsi dayandığı zaman. Uşaqlara Allahın bir töhvəsi, unikal, təkrarolunmaz potensial kimi baxdığımız zaman. Hər uşaq dahidir. Bu dahiliyi görən və ya onu başqaları ilə müqayisə edib paxıllıq hissləri içində ömrünü məhv edən valideynlər var. Bəs siz hansı valideynlərdənsiniz?
Müzakirə qapadılmışdır.