Son zamanlar əhaliyə, xüsusən, gənclərə yanlış qidalanma pəhrizləri təlqin edən “diyetoloqlar” çoxalıb.
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Süfrə” dərgisinə müsahibəsində deyib.
Q.Təhməzli arıq insanların sağlam olması barədə fikirlərin yanlış olduğunu bildirib:
“İnsan normal çəkisində olmalıdır. Gənc xanımlar arıqlamaq üçün bütün günü meyvə yeyirlər. Soruşanda da deyirlər ki, diyetoloq məsləhət görüb. O dəqiqə bilinir ki, həmin “diyetoloqlar”ın təbabətdən xəbəri yoxdur. Meyvədə də fruktoza var. Ona görə də qədərində istifadə olunması tövsiyə olunur”.
Onun sözlərinə görə, qida və sağlamlıqla bağlı hər bir tövsiyənin arxasında elmi istinad, mənbə olmalıdır:
“İstər ekspertlər, istər diyetoloqlar, istərsə də həkimlər qida ilə bağlı xülyalarını insanlara fakt adı ilə təqdim etməməlidirlər. İnsanlarımız hər deyilənə inanıb, onu öz üzərilərində sınamamalıdırlar”.
Agentlik sədri şəxsi qidalanmasından da danışıb:
“Təbii qidalanmaya üstünlük verirəm. Rəngli, qazlı, şirin sulardan istifadə etmirəm. Şəkər, demək olar ki, rasionumda yoxdur. Tövsiyə edirəm ki, əhalimiz sağlam qoyun, quzu ətindən istifadə etsin. Son illər çox yanlış bir mif formalaşıb ki, qoyun əti ziyanlıdır. Əksinə, qoyun ətinin iç yağı, quyruğu orqanizm üçün çox faydalıdır. Quyruq yağından çox istifadə etmək lazımdır. Quyruq yağı damarların keçiriciliyinin artırılmasına səbəb olur.
Eləcə də rafinə olunmuş məhsullardan uzağam. Mövsümi meyvə-tərəvəz qəbul edir, yerli məhsullara üstünlük verirəm. Azərbaycan qidaları daha təhlükəsizdir, həm də orqanikliyini qoruyub saxlayıb”.
O vurğulayıb ki, insan orqanizmi üçün ən təhlükəli toksiki maddə şəkərdir:
“Blast hüceyrələr, yəni xərçəng şəkərlə qidalanır. Ona görə də şəkərli məhsulların istifadəsini məsləhət bilmirəm”.