Qoşulmama Hərəkatına uğurlu sədrlik Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir

883

2011-ci ildən Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunan Azərbaycan ötən dövr ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə edib və böyük nüfuz qazanıb.
2016-cı ildə hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti zirvə görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üçün rəhbərliyi Azərbaycana həvalə etmək qərarı yekdilliklə qəbul edildi. Bu qərar ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu ildə keçirilən XVIII Zirvə Görüşündəki çıxışı zamanı prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.
Ölkə başçısı həmin Zirvə Görüşündəki çıxışı zamanı bəyan etdi ki, biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəndən sonra təşkilatın fəaliyyətində böyük bir canlanma baş verdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına verdiyi töhfə iştirakçı ölkələrin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 13 iyul tarixli konfransındakı çıxışı zamanı təşkilatın artan nüfuzunu, eyni zamanda Azərbaycanın üzv dövlətlərlə münasibətlərə önəm verməsini vurğuladı və eyni zamanda çox mühüm məsələlərə toxundu.
Azərbaycanın beynəlxalq təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunu daha da artırır
Azərbaycan təşkilata sədrliyi dövründə mühüm təşəbbüslərlə çıxış edib və mühüm nəticələr əldə olunub. Ölkə başçısı ötən dövr ərzində irəli sürülən təşəbbüslər və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verdi.
Vurğulandı ki, qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 4 may 2020-ci il tarixdə həmin tədbir təşkil olunub.
İştirakçı ölkələrin əsas humanitar və tibbi ehtiyacları barədə məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin pandemiya ilə mübarizədə mövcud ehtiyaclarını müəyyənləşdirmək üçün bu məlumat bazasından istifadə edir.
Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizə mövzusunda Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.
Azərbaycan Qoşulmama Hərəkatı ölkələri daxil olmaqla 30-dan çox ölkəyə pandemiya ilə mübarizə ilə bağlı humanitar və maliyyə yardımı göstərib. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib ki, bunun da yarısı Qoşulmama Hərəkatına qatılan ölkələr üçün nəzərdə tutulub.
Azərbaycan iştirak etdiyi bütün beynəlxalq platformalarda “peyvənd millətçiliyi”nə qarşı çıxır. Azərbaycan ehtiyaclarından qat-qat çox peyvənd tədarük edən bəzi ölkələrin davranışını açıq şəkildə qınayır. Bu gün dünyada mövcud peyvəndlərin 82 faizdən çoxunu zəngin ölkələr alır, aşağı gəlirli ölkələrin payına düşən isə 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanlarını məhdudlaşdırır.
Bununla əlaqədar olaraq Azərbaycan Qoşulmama Hərəkatı adından BMT İnsan Haqları Şurasına bütün ölkələr üçün peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi barədə qətnamə təqdim etdi və bu ilin mart ayında yekdilliklə qəbul edildi.
Bununla yanaşı Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan sədr qismində təşkilat daxilində institusional bir gənclik şəbəkəsi yaratmaq imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər arasında parlamentlərarası əməkdaşlığı da inkişaf etdirmək niyyətindədir.
Azərbaycanın sədrliyi dövründə tarixdə ilk dəfə olaraq Avropa İttifaqının liderləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak etdilər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasını keçirmək təşəbbüsünü dəstəklədi.
Prezident İlham Əliyev iyulun 13-də keçirilən görüşdə iştirakçılara münaqişədən sonra bölgədəki vəziyyət, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanda gedən yeni proseslər barədə məlumat verdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan 30 illik münaqişəyə son qoyub, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Beləliklə Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.
Azərbaycan bundan sonra da əlindən gələni əsirgəməyəcək
Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək. Mütəmadi olaraq təşəbbüslərlə çıxış edən Azərbaycan bu dəfə də təkliflərini irəli sürdü. Ölkə başçısı qeyd etdi ki, pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı.
Beləliklə əminliklə deyə bilərik ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı ədalətli mövqeyi dünyadakı dostlarımızın sayını artıraraq beynəlxalq mövqelərimizi daha da gücləndirəcək.
Ramiz Hüseynov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər