Xocalı soyqırımının 27-ci ildönümündə də, bununla bağlı Azərbaycanın dünya ölkələrində apardığı təbliğatın qarşısına keçmək istəyən ermənilər yenidən köhnə varianta əl atıblar. Bu məqsədlə 1988-ci ildə Sumqayıt şəhərində özlərinin törədiyi təxribatı yenidən gündəmə gətirən işğalçılar öz çirkin niyyətlərindən əl çəkmək niyyətində olmadıqlarını bir daha nümayiş etdirməyə başlayıblar. Halbuki 31 il əvvəl Sumqayıtda baş vermiş qanlı hadisələrin təşkilatçıları da, icraçıları da özləri idi. Həmin dönəmdə öz millətlərinin nümayəndələrinə qarşı qətliam həyata keçirən ermənilər uzun illərdir ki, öz cinayətlərinin məsuliyyətini də Azərbaycanın üstünə yıxmağa cəhd edirlər.
Teleqraf.com məsələ ilə bağlı yaranmış suallara tarixçi-alim Dilavər Əzimli ilə cavab tapmağa çalışdı.
– Dilavər bəy, hər il olduğu kimi, bu dəfə də ermənilər Xocalı soyqırımının ildönümü ərəfəsində Sumqayıt hadisələrini gündəmə gətirdilər. Əlbəttə, məqsəd bəllidir; vaxtilə Sumqayıtda Azərbaycana qarşı əl atdıqları təxribatdan istifadə edərək, dünya ictimaiyyətinin diqqətini Xocalıda həyata keçirdikləri soyqırımdan yayındırmağa cəhd edirlər. Sumqayıt hadisələri haqda fikrinizi bilmək istərdik, burada əsas məqsəd nə idi?
– Sumqayıt hadisələri erməni vəhşiliyinin və Azərbaycana qarşı erməni terrorizminin başlanğıcının birinci mərhələsi idi. Ermənilər özlərini məhv etməklə bu vəziyyəti yaratmağa başladılar. İndi isə bunu bizim üzərimizə yıxmağa çalışırlar. Necə ki, bir dəfə də belə bir addımı ötən əsrin əvvəllərində atmışdılar. Bu, erməni-rus birləşmələrinin həyata keçirdikləri əməliyyat idi ki, nəticədə Sumqayıtda qanlı hadisələr baş verdi. Əsas məqsəd də Azərbaycan ərazilərinin işğalına zəmin yaratmaq idi. Belə desək, işğala oradan başladılar. Həmin vaxt Azərbaycanda normal hakimiyyətin və arxamızda bizə dəstək verən qüvvənin olmaması səbəbindən bu təxribatın qarşısını almaq mümkün olmadı.
– Amma hadisələr başa çatdıqdan sonra keçirilən məhkəmədə ermənilər də etiraf etdilər ki…
– Qatil ermənilər azadlıqda qaldı. Bütün bu plan qabaqcadan hazırlanmışdı. Hətta hadisələr başlamamışdan az əvvəl ermənilər banklardan pullarını çıxarmışdılar. Belə bir hadisənin baş verəcəyi onlara əvvəlcədən xəbər verilmişdi. Bununla bağlı məhkəmədə iştirak edən ermənilərin öz ifadələri var. Həmin məhkəmədə iştirak edən Qriqoryan da etiraf etdi ki, ermənilər Sumqayıtda hansı vəhşilikləri törədiblər. Erməni qadınlara qarşı hansı zorakılıqlar etdiklərini və erməniləri soyuq silahlarla necə öldürdüklərini Qriqoryan məhkəmədəki ifadəsində etiraf etdi. Amma hadisə artıq baş vermişdi və vaxtında bunun qarşısını almaq mümkün olmadı.
– Bu təxribatın həyata keçirilməsi üçün niyə Sumqayıt seçildi?
– Sumqayıt təsadüfən seçilməmişdi. Bəlli idi ki, Sumqayıt qarışıq millətlərin yaşadığı şəhər idi. Sumqayıt həm də ermənilərin Qərbi Azərbaycanda millətimizə qarşı törədikləri vəhşiliklərdən sonra insanların üz tutduqları yer idi. Burada yaşayan ermənilərin sayı da kifayət qədər çox idi. Digər yandan, bir sıra məsələlər vardı ki, bunu həyata keçirmək üçün Sumqayıt əlverişli yer idi. Nəticədə SSRİ xüsusi xidmət orqanları ermənilərdən istifadə edərək, Sumqayıtda qanlı planını həyata keçirdi. Əsas məqsəd də Qarabağ məsələsində vəziyyəti ermənilərin xeyrinə dəyişmək idi.
Sonrakı mərhələlərdə də eyni ssenari Qarabağda davam etdirildi. Həmin ssenari əsasında Xocalıda dəhşətli soyqırım həyata keçirildi. İndi də bu məsələdə erməni-rus qardaşlığı davam edir.
– Erməniləri susdurmaq üçün hansı addımları atmaq lazımdır?
– Sumqayıt hadisələrini dərindən araşdırmalıyıq. Sumqayıt hadisələrinin beynəlxalq səviyyəyə qaldırılmasına nail olmalyıq. Hesab edirəm ki, biz məhkəmə prosesinə yenidən baxılmasına nail olmalıyıq. Bu məsələ bizə erməni terrorizminin açılmasına, onların həyata keçirdiyi qanlı planların ifşa olunmasına yardım edə bilər. Onsuz da günü-gündən ermənilərin bütün yalanları üzə çıxır, ermənilər öz it sifətlərini göstərməyə başlayırlar. Dünya artıq onları tanıyır. Dünyanın bir çox ölkəsində Xocalı soyqırımı ilə bağlı keçirilən aksiyalar, tədbirlər, nüfuzlu telekanallarda yayımlanan sənədli filmlər ermənilərin iç üzünü ortaya qoydu. Ermənilər bundan qəzəbləndilər. Buna görə də Sumqayıt hadisələrini ortaya atırlar. Amma biz bu məsələnin üzərinə getməklə bir daha ermənilərin vəhşi simasını ortaya qoya bilərik.
Hesab edirəm ki, Sumqayıt hadisələrinə yenidən baxmalıyıq. Düzdür, bu hadisələr haqda müəyyən qədər yazılıb, təhqiqatlar aparılıb, lakin bu məsələnin üzərinə beynəlxalq səviyyədə getməliyik.