Qubadlı rayonu üzrə birinci rübdə görülən işlər müzakirə olunub

2045

Əhalisinin sayı 37 min 700 nəfər olan Qubadlı rayonunun məcburi köçkünləri respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Rayon üzrə cari ilin birinci rübündə 49 yeni iş yeri açılıb. Ümumiyyətlə son 14 ildə yeni yaradılan iş yerlərinin sayı 3 min 754-ə çatıb. Cari ilin ilk rübündə rayon sakinlərinin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. Müxtəlif yerlərdə keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qubadlı Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında səsləndirilib.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Xoşqədəm Əliyeva bildirib ki, birinci rübdə yerli gəlirlərin proqnoz məbləği 412 min 603 manat, yerli xərclərin icrası isə 407 min 523 manata qarşı 342 min 669 manat və yaxud 84,1 faiz icra olunub. Vergilər şöbəsində 1793 vergi ödəyicisi qeydiyyata alınıb. Vergilər şöbəsi hesabat dövründə 501 min 500 manat plana qarşı 680 min 600 manat vəsait toplayıb. Bu da planın 135,7 faizi, yəni 179 min 100 manat çox vəsaitin daxil olması deməkdir.

Cari ilin birinci rübünün yekunlarının təhlili göstərir ki, rayonda 7808 pensiyaçı qeydiyyatdadır. Onların 2447 nəfəri yaşa görə, 3958-i əlilliyə görə, 332 nəfəri ailə başçısını itirməyə görə, 1071 nəfəri isə sosial pensiya alanlardır. Hesabat dövründə əvvəlki vaxtlarda olduğu kimi pensiyaların, maaşların və digər müavinətlərin ödənilməsi problemsiz həyata keçirilib.

Məruzədə ilin üç ayında kənd təsərrüfatı sahəsində də müəyyən işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, rayon icra hakimiyyətinin köməyi ilə baramaçılığı inkişaf etdirmək üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş Çindən gətirilmiş və yerli sortlardan olan tut tinglərinə yaz aylarında qulluq edilməsi məqsədilə bütün tədbirlər görülür. Rayonda xüsusi ilə son illər arıçılığın inkişafındakı nailiyyətlər, arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşması onu deməyə əsas verir ki, bu sahə üzrə potensial var və ondan istifadə etmək lazımdır.

Hesabat iclasında təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sahələrdə görülən işlər də ətraflı müzakirə olunub.

İclasa yekun vuran Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qarşıda duran vəzifələrdən danışaraq, vəzifəli şəxsləri insanlara qarşı daha diqqətli, xoş əməllər üçün təşəbbüskar və fəal olmağa səsləyib, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər