Qubadlı rayonunun yeni inkişaf və tərəqqi dövrü başlayıb

672

 Zirvəsində qış, ətəyində bahar olan əzəmətli dağları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpaqları olan Qubadlı rayonu Zəngəzur mahalının ən qədim yaşayış məskənidir. Respublikamızın cənub-qərbində yerləşən Qubadlı rayonu qərbdən 120 km Ermənistanla, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun kəndlərinin əksər hissəsi Bazarçay və Həkəri çaylarının ətrafında yerləşir. Qubadlı rayonunun əsası 1933-cü ildə qoyulmuşdur, mərkəzi Qubadlı şəhəridir. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon kimi fəaliyyətə başlamışdır.

Qubadlı rayonunun öz təbii ehtiyatlarına, iqlim-torpaq şəraitinə və iqtisadi potensialına görə Azərbaycan iqtisadiyyatında mühüm əhəmiyyəti vardır. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 20 min hektarlıq Dövlət Təbiət Yasaqlığı yerləşirdi. Burada yaşı əsrlərlə olan nadir növlərdən ibarət 10-dan çox iri gövdəli ağac təbiət abidəsi kimi qorunurdu. Qubadlı, həmçinin qiymətli tikinti materialları ehtiyyatları yeraltı şirin su yataqları ilə zəngin diyar idi. Rayonun ərazilərdə fəaliyyət göstərən 17 sənaye müəssisəsi respublika iqtisadiyyatında mühüm yer tutur. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdir. Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min kub m. olan və mişar daşı istehsalı üçün yararlı, istismara cəlb edilmiş Hacılı tuf yatağı, kərpic istehsalına yararlı Xanlıqkənd (ehtiyatlan 990 min kub m.) gil yatağı, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar yatağı, istismar ehtiyatları 84 min kub m/gün olan Qubadlı yeraltı şirin su yatağı vardır.

Ötən əsrdə bu yurd yerimiz Ermənistanla həmsərhəd olduğu üçün dəfələrlə Erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmış (1915, 1918, 1920), kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulmuşdur. Azərbaycanın bu dilbər guşəsinin işğalı keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ”dənizdən-dənizə Böyük Ermənistan” yaradılması barədə xəyalpərəst daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir. 1993-cü il avqustun 31-də Qubadlı rayonu bütünlükdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon əhalisinə və dövlətə böyük həcmdə ziyan vurulub. Həmin vaxt 30 min nəfərə yaxın əhali məcburi köçkünə çevrilib. 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, 94 kənd və qəsəbə, 205 mədəni məişət obyekti, 12 tarixi abidə yandırılıb. Bir sözlə, mövcud olan bütün infrastrukturu darmadağın edən düşmən təbiətə də ciddi ziyan vurub, mədəni dini abidələri dağıdıb, tarixi yerləri məhv edib. Ermənilər Azərbaycanda möhkəmlənmək üçün yerli əhalini öz torpaqlarından qovmuş, həmin ərazilərdə qeyri-qanuni məskunlaşma həyata keçirmişlər.

Qubadlı rayonundan məcburi köçkün düşmüş əhali respublikamızın 42 şəhər və rayonunda məskunlaşmış və dövlətimiz tərəfindən hər cür şəraitlə təmin olunmuşlar. Bütün qubadlılar doğma ata-baba yurdlarına qayıdacaqlarına hər zaman inanıblar.. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarından birində göstərmişdir: “Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır… Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir.

Otuz ilə yaxın ermənilər Qubadlıda nə qədər vandallıq və vəhşilik göstərsələr də bu yerlərdən azərbaycanlıların izini silə bilməyiblər. Beş illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid, 190 əlil olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların azad edilməsi uğrunda Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən etibarən keçirdiyi hərbi əməliyyatlar nəticəsində yurdumuzun ən gözəl guşələrindən olan Qubadlı şəhəri və rayonun 41 kəndi Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və yüksək döyüş qabiliyyəti nəticəsində 25 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədəkarlıq tələb edirdi. Bölgənin işğaldan azad olunmasında böyük şücaət göstərən şəhid Röyal Cəfərov Qubadlıya Azərbaycan Respublikasının dövlət bayrağını sancan ilk şəxs olmuşdur. Bu rayonun işğaldan azad edilməsi bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun güclü ordusunun səyi nəticəsində Azərbaycan bir qarış torpağını da düşmənə verməyəcəkdir!

44 günlük Vətən müharibəsi bitdikdən sonra 2020-ci il 26 noyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının “Qubadlının azad olunmasına görə” medalının əsasnaməsi təsdiq edilmişdir. 9376 nəfər bu ordenlə təltif olunmuşdur.

Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş Planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanımına Qubadlı şəhərinin Baş Planı barədə məlumat verərək bildirib ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin ”S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnistutu tərəfindən hazırlanıb.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliyinin artırılması məqsədi ilə 24 noyabr 2020–ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncam imzaladı. Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin–elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı- Laçın və Xanlıq – Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişafı nəzərə alınmaqla inşasına başlanılmışdır. Respublikanın Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2021 – ci il oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olmuşlar və Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir. Başlanğıcını Hacıqabul-Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığında keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Digər yol infrastruktur layihələrindən biri də uzunluğu 26 kilometr, eni 7 metr olan Qubadlı –Eyvazlı avtomobil yoludur.

Ən önəmli yerlərdən birini tutan enerji təsərrüfatının qurulmsı işləri uğurla başa çatdırılıb. Ötən il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV – luq ”Qubadlı” yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanin tikintisi ilə paralel olaraq Qubadlını Azərbaycanın ümumienerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrikenerjisi ilə təchiz edilməsi üçün “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1“ .”Qubadlı- 2“ elektrikverilişi xətti çəkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanımı Mehriban Əliyeva yarımstansiyanın açılışındada iştirak ediblər.

Həmin gün Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətmətinin yeni hərbi hissə kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “ Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər silah sistemləri mövcuddur. Bununla bərabər, hərbi hissənin istifadəsində döyüş tenikaları, yüksək keçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək şəhərin ərazisini gəziblər. Həmin görüşdə Qubadlı şəhərinin və kəndlərin yenidən qurulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Yerli sakinlərin arzu və istəkləri şəhərin Baş Planında nəzərə alınıb.

Prezident İlham Əliyev 2022-ci il oktyabrın 19-da Qubadlı rayonu ərazisində  yaradılacaq ”Zabuxçay” və “Bərgüçadçay” su anbarlarının layihələri ilə tanış olmuş, “Azərişıq “ ASC nin 35 kilovatlıq yarımstansiyasının və Rəqəmsal ​İdarəetmə Mərkəzi-nin təməlqoyma mərasimində iştirak edib.

Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərinin işğaldan azad edilməsi, eyni zamanda infrastruktur layihələrin uğurla icra olunması, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gətirərək, yeni arzularla,  gələcək naminə quruculuq həvəsi ilə Qubadlıda həyat sürəcəklər.

İlham Əhmədov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər