QUBALI JURNALİSTLƏRİN İŞİNƏ XAÇMAZDA BAXILACAQ

1111

Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin cinayət işi baxılması üçün Xaçmaz rayon Məhkəməsində göndərilib.

 

 

APA-nın məlumatına görə, iş hakim Anar İbrahimlinin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası isə bu günə təyin olunub. Hazırda Xaçmaz rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilir.

 

Qeyd edək ki, həmin cinayət işi əvvəlcə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib və hakim Fizuli Pənahovun icraatına verilib. Lakin F. Pənahov bu hadisələrlə bağlı icraatında başqa bir cinayət işinin olduğunu bildirib və öz-özünə etiraz bildirib. F. Pənahov Quba rayon Məhkəməsinin sədri olduğu üçün işin başqa rayon məhkəməsinə verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. Sumqayıt Apellyasiya Məhkəməsi isə cinayət işini baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərib.

 

Xatırladaq ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev cinayət məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 ( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə cinayət məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə – yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.

 

Bu il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər