Müşfiq Ələsgərli: “İkramla bağlı Mətbuat Şurasının edəcəkləri bitmişdi, təəssüf ki, nəticə çıxarmadı”
Azərbaycanda reketliklə məşğul olan daha bir “jurnalist” həbs edilib. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Rəhimov İkram Rafiq oğlu tabeçiliyindəki şəxslərlə birlikdə realliq.info və digər “reket” informasiya saytları yaradıb.
“Həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib”, – deyə məlumatda qeyd olunur.
Bu hadisə mətbuatda reketçilik və ona qarşı mübarizə mövzusunu yenidən aktuallaşdırdı.
“Yeni Müsavat”a danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli söylədi ki, Mətbuat Şurası zamanında İkram Rəhimovla bağlı üzərinə düşən işi görüb: “Bəzən mediada çaşqınlıq yaranır. Ona görə də bir şeyi xatırladım ki, əslində Mətbuat Şurasının missiyası məhkəməyə qədər funksiyanı yerinə yetirməkdir. Çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Bu baxımdan İkram Rəhimov və onun saytı barəsində məsələyə əslində Mətbuat Şurası 2017-ci ildə baxıb. 2017-ci ilin avqust ayında quruma onun barəsində şikayətlər daxil olmuşdu. Biz sentyabr ayında onu iclasımıza dəvət edib, söhbətlər apardıq, yol verdiyi xətaları nəzərinə çatdırıb, bunu aradan qaldırmasını istədik. Lakin təəssüf ki, o, bütün bunlardan nəticə çıxarmayıb, fəaliyyətini bir qədər də intensivləşdirdi. Bu baxımdan biz 2017-ci ilin dekabr ayında onu növbəti dəfə dəvət etdik. Çünki onun haqqında daha ciddi şikayətlər gəlmişdi. Belə ki, həmin şəxsin həbsdə olan adamlara siyasi sığınacaq alması, jurnalist vəsiqəsi paylaması, eləcə də digər məsələlərlə bağlı bizə faktlar və şikayətlər daxil olmuşdu. Ona görə də növbəti dəfə çağırıb, bu halları nəzərinə çatdırdıq. Lakin təəssüf ki, yenə nəticə olmadı. Ölkədə prosedur belədir ki, məsələlər özünü tənzimləmə qurumları səviyyəsində həllini tapmırsa, o zaman şikayətçilər məcbur olub növbəti mərhələdə məhkəmələrə üz tuturlar. Təəssüf ki, məhkəmələrin çıxardığı qərarlar da bu adamlara təsir etmədi. Məhkəmələrin qərarı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun saytını bloklamışdı. Məsələ burasındadır ki, İkram Rəhimov bundan da nəticə çıxarmayıb, materialları başqa ”domain” üzərinə köçürdü. Həmin sayt da bloklandıqda, o, üçüncü bir saytı açdı. Nəticədə şikayətçilərin sayı durmadan artdı və Dövlət Təhlükəsizlik Xidməti onunla bağlı əməliyyat keçirdi. Demək istəyirəm ki, prosedur belədir. İkramla bağlı bizim edəcəklərimiz bitmişdi. İkram Rəhimovun rəhbərlik etdiyi sayt 2017-ci ildən Mətbuat Şurasının “qara siyahı”sında idi. Biz bacardığımız və səlahiyyətimiz çərçivəsində hər bir şeyi etmişik. Tövsiyə etmişik, dinləməyib, xəbərdarlıq etmişik. Buna da məhəl qoymayıb, adını “qara siyahı”ya salmışıq. Bizim bundan artıq edəcəyimiz hərəkət yoxdur”.
Media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında “reket jurnalist”lərlə mübarizənin necə aparılmasından danışdı. O bildirdi ki, “reket jurnalistikası”nın özünün mediaya və jurnalistikaya aidiyyəti yoxdur:“Bütün sahələrdə, məsələn, hüquq-mühafizə orqanlarının özündə, səhiyyədə və digər sahələr bu cür fırıldaqçılara, sui-istifadə edənlərə rast gəlmək olur. Polisin, DTX-nin və digər qurumların adından istifadə edən reketlər olur. Eləcə də qəzetin, mətbuatın adından istifadə edib, adamları hədələyən, şantaj edən və onlardan pul qoparmağa çalışan insanlar olur. Bu işlə Mətbuat Şurası, yaxud da hansısa media qurumu məşğul olmalı deyil. Bununla çox haqlı olaraq hüquq-mühafizə orqanları məşğul olur. DTX, Daxili İşlər Nazirliyi, prokurorluq bu işlə məşğul olmalıdır ki, medianın adından insanları şantaj edib, onlardan zorla pul qoparmaq olmaz. Ancaq burada təhlükəli məqam ondan ibarətdir ki, bəzi saytlar məmurları tənqid edirlər. Bunlarla reketləri bir-birinə qarışdırmaq olmaz. Yəni reket adından istifadə edib, jurnalistlərə təzyiq etmək doğru deyil. Mətbuat orqanlarını, medianın gözünü qorxutmaq olmaz. Buradakı həssas sərhədi dəqiq müəyyənləşdirmək lazımdır. Tənqidi materiallar yazan jurnalistləri reketçiliklə hədələmək də yolverilməzdir. Təbii ki, əgər hansısa bir şəxs, qurum vətəndaşları qorxuzursa, şantaj edirsə, yalançı məlumatlarla onları təhdid edirsə, bu adamlar barəsində ölçü götürülməlidir. Əslində burada həm mənəvi cəhət var, həm də kriminal nöqtə mövcuddur. Kriminal məsələlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Əgər jurnalistlər doğrudan da tənqid edirsə, cəmiyyət üçün təhlükəli məqamları araşdırırsa, burada hansısa reketlikdən söhbət gedə bilməz. Hər bir jurnalist materialları toplamalı, onun əsasında təhlil, tənqid etməlidir. Reket odur ki, yalançı məlumatların əsasında kimlərisə şantaj edib, pul qoparmağa çalışır, şəxsi mənafeyi üçün media vasitəsinin adından istifadə edir. Bu, yolverilməzdir. Doğru-dürüst çalışan, tənqid edən jurnalistə qarşı mübarizə aparmaq isə söz azadlığına, jurnalistlərin fəaliyyət azadlığına maneə yaratmaqdır”.