Qurban bayramının birlik fəlsəfəsi və tarixi qələbəmiz

710

Din insan mənəviyyatı ilə, bəzən də əxlaqi dəyərlərlə əlaqəli bir mədəniyyət sistemi, inanc sistemi və dünyagörüşünün məcmusudur. İslam – səmavi dinlərin ən gözəli ən fəzilətlisi kimi humanist dəyərləri özündə əks etdirən dərin fəlsəfi quruluşa malik bir sistemdir. Dinimizin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləridir. Bunlardan bir də Qurban bayramıdır. İsalamın mahiyyətini özündə etiva edən bu dini mərasim müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir.

Bütün səmavi dinlərdə – yəhudilik, xristianlıq və islamın özündə müxtəlif formada qurbanlıq ayini mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığından doğan ali məhəbbət durur. İnsanları halallığa, paklığa, paylaşmağa, qardaşlığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Qurban bayramı günləri insanımıza nəinki belə xüsusi günlərdə, həmçinin bizi daim bu cür birlik və bərabərliyimizi qoruyub saxlamağa ruhlandırır və bu ənənəni qırılmaz bağlarla möhkəmləndirir. Multikulturalizmi bir dəyər sisteminə çevirən Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər.

Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd edib. Azadlığımızın min-bir bəhanə ilə boğulduğu dövrlərdə belə əzmini itirməyən Azərbaycan dövləti müstəqilliyinin bərpası ilə bu günü müsəlman əhali tərəfindən layiqincə bayram etmək üçün əlverişli şərait yaradıb. Bütün dünyada tolerantlığın, multikulturalizmin danılmaz məkanı kimi tanınan Azərbaycanda bu cür bayramların xüsusi dəyər kimi qeyd olunması birlik, bərabərliyin, humanizmin təkrarlanan təntənəsinə çevrilib.

Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edir, ürəkdən sevinirlər. Dünyada nadir nümunə hesab edilə biləcək bu fakt Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı, məhz çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki cəmiyyətdə multikulturalizmin mövcudluğu bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərar olması deməkdir.

Tarix boyu Azərbaycan müxtəlif xalqlara və dinlərə mənsub insanların mehriban ailə kimi yaşadığı, qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitini formalaşdırmağı bacarıb. Bu birgəyaşayış xüsusi dəyər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz mahiyyətə malik idi. Son illər bu yönümdə həyata keçirilən dövlət siyasəti bu mühiti daha sistemli və möhkəm dayaqlar üzərində formalaşdırıb. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar dövlət siyasətinin bir parçası olmaqla mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik hisslərini daha da gücləndirir. Bu keyfiyyətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin, humanizmin nümunəvi məkanlarından biri kimi bir daha nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev dövlət başçısı kimi hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı dərin ehtiramla təbrik edirdi. Ümummilli lider insanımıza göstərdiyi dərin məhəbbətin nümayişi kimi Qurban bayramını çox vaxt soydaşlarımızla birgə keçirdi. Qurban bayramlarının birində Ulu öndər Heydər Əliyev xalqa müraciətində bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığını bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını, arzu və diləklərimizin Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəyini, Xalqımızın haqq işində qalib gələcəyini qeyd etmişdi. Daha sonra balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları günmün uzaqda olmadığını əlavə etmişdi. Ulu öndərin xalqımız üçün səsləndirdiyi bu bu arzu duaya çevrilərək xalqımızın alın yazısı oldu. Biz doğma yurd-yuvamıza Qarabağımıza qovuşduq. İllərdi məzarında əzab çəkən şəhidlərimizin ruhu dincliyə qovuşdu.

Ulu öndərin uğurlu siyasətinin davamçısı kimi dövlət başçısı Prezident İlham Əliyev bu ənənəni layiqincə davam etdirir. Prezident İlham Əliyev bayram günlərində birinci olaraq Azərbaycan xalqını təbrik edib və xoş arzularını çatdırır. Xalqımıza bu ehtiramın göstəricisi kimi Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etdi. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasın da bu diqqət və ehtiramın başqa bir nümunəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Prezident İlham Əliyev İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərar qəbul etmişdir.

Qurban bayramında Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan xalqının həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşdığını, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdiyini bildirib. Daha sonra ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səsləndiyini, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu əlavə etmişdir. Dövlət başçısı daha sonr fikrilərini bu Qurban bayramında da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyinin, xeyirxah əməllərinin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəyinə ümidvarlığını bildirməklə davam etmiş, bütün xeyirxah niyyətlərimizin, dua və diləklərinimizin gerçəkləşəcəyini, Uca Yaradanın mərhəmətinin heç zaman xalqımızın üstündən əskik olmamasını diləyib.

Qurban bayramında müsəlmanlar Allah yolunda öz etiqadlarının təcəssümü kimi hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Azərbaycan xalqının dillərdə dastana çevrilmiş qəhrəmanlıq yaddaşı bir daha təzələndi. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq göstəricisi, təmiz genetik köklərə sahibliyinin ifadəsi idi.

Öz dərin tarixi ənənəsinə, Vətəninə, millətinə, tarixi köklərinə sidq ürəkdən bağlı olan hər bir Azərbaycanlı öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi, qurban verdi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, bayrağımızı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, qoruyub saxlayıb bu günlərə gətirən məhz həmin dəyərlərdir. Necə ki, Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi də Vətən yolunda fədakarlığın təcəssümüdür. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın sidq ürəkdən oxunan dualarının qəbul olunduğunun bariz nümunəsi oldu. Bir daha Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə möhkəm can sağlığı, şəhid ataları və analarına dərin səbr diləyir, qarşılarında ehtiramla baş əyirik.

Esmira Şahbazova, Sumqayıt şəhər Mərkəzi Kitabxanasının əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər