sumqayitxeber.com Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar olaraq şəhərin quruculuğunda xidmətləri olmuş şəxslərlə bağlı silsilə yazıları təqdim edir. Növbəti yazımız şəhərin quruculuğunda yaxından iştirak etmiş Kamran Hüseynova həsr olunur.
Yaşlı nəsil arasında Azərbaycanda, o cümmlədən keçmiş SSRİ-də bir sıra vəzifələrdə çalışmış Kamran Hüseynovu tanımayan demək olar ki, yoxdur.
2013-cü ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai xadimi Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur. Bunu nəzərə alan prezident İlham Əliyev Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi üçün sərəncam verib.
Sərəncama görə, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ticarət və Sənaye Palatasının təkliflərini nəzərə almaqla Kamran Əsəd oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Qeyd edək ki, Kamran Hüseynov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovun atasıdır.
Modern.az saytı K.Hüseynovun həyat tarixçəsini təqdim edir.
Öncə Kamran Hüseynovun tərcümeyi-halıyla bağlı əsas məqamları qeyd edək.
1913-cü ilin dekabrın 15-də Qubadlı rayonunda anadan olmuş Kamran Hüseynov əmək fəaliyyətinə gənc yaşlarından başlayıb və 1934-cü ildən Bakının neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. 1938-40-ci illlərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 40-41-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil alıb. 1949-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstititunun tarix fakültəsini və Respublika Ali Partiya Məktəbini bitirib. 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb.
K.Hüseynov həmçinin 1941-44-cü illərdə iqtisadiyatın müxtəlif sahələrində fəaliyyət göstərib. 1944-45-ci illərdə Sumqayıt şəhər Partiya Komitəsinin sənaye və kadr işlər üzrə katibi, 45-47-ci illərdə indiki Binəqədi rayon Partiya Komitəsini birinci katibi işləyib. 1949-52-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən olub. 1952-53-cü illərdə Neftçala rayon Partiya Komitəsini birinci katibi, 54-58-ci illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi olub. 1958-61-ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsində çalışıb. 1961-68-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının katibi olub. 1968-80 ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. 1980-93-cü illərdə Respublika Ticarət və Səneya Palatasını sədri işləyib. 1993-ci ildən Ticarət və Sənaye Palatasında prezidentin müşaviri olub.
Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi fəaliyyəti olub. “Şöhrət” ordeni ilə təltif edilib. Həmçinin 90 illik yubileyində Rusiyanın Azərbaycandakı keçmiş səfiri Nikolay Ryabov Kamran Hüseynova “Xalqlar dostluğu” ordenini təqdim edib.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdəndir. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir.
Kamran Hüseynov müstəqil Azərbaycan Respublikasının ali mükafatı – «Şöhrət» ordeni ilə təltif edilib.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Hüseynov 2006-cı il aprelin 20-də 93 yaşında vəfat edib.
Əslində bu qədər böyük bir tərcümeyi-halın arxasında əzab əziyyətli uşaqlıq illəri dayanır.
Kamran Hüseynov uşaqlıq xatirələrini birində deyir:
“Taleyimdən razıyam. Qubadlı rayonunu Çərəli kəndində dünyaya göz açdım. İlk gəncliyimdən doğma kəndimdən çıxmalı oldum. İndi 90-ma doğru gedirəm. Mürəkkəb zamanlarda çətin sahələrdə əmək fəaliyyətinə başladım. Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Neftçala şəhərlərinin abadlaşmasında əməyim oldu. Azərbaycan neft sənayesinin inkişafı üçün çalışdım. Çərəli kəndi Qubadlıdakı Hərtiz dağının ətəyində yerləşirdi. Bu dağ dəniz səviyyəsindən 1073 metr hündür idi”.
Qubadlının Çərəli kəndində doğulmuş Kamran Hüseynovun soyu da maraqlıdır. Babası Məhəmməd ağa dövrünün təhsilli, ərəb-fars dillərində yazıb oxumağı bilən ziyalılarından imiş. O həmçinin kənddə mollalıq edər, el-obanın yas məclisini idarə edirmiş .
Ana babası isə sayılıb-seçilən bəylərdən olub. Dayısı Hüseynqulu bəy mahalın hörmətli şəxlslərindən biri kimi tanınıb. Dayıları İran və Türkiyədə təhsil alıblar. Atası Əsəd kişi əkin-biçin adamı olub, əlinin zəhməti ilə ailəsini dolandırıb.
Əsəd kişi ailə qurmaq fikrini qətiləşdirəndə onu bərkə çəkirlər. Elə həmin bu elçilikdə, daha doğrusu cavabı alıb geri qayıdanda indiyə kimi Qubadlı camaatı arasında, eləcə də bir çox bölgələrdə məşhur olan deyim də formalaşır. Kamran Hüseynovun xatirələrərindən:
“Mənim anamgil bəy nəslindən olduqlarına görə oxumuş savadlı adamlar idilər. Ona görə də anam Lalə xanımı atama vermək istəməyiblər. O vaxt rayonda Şahsənəm adlı bir ağbirçək var imiş. Atam gedib dərdini Şahsənəm arvada danışır. Deyir ki, “qızı verməmək üçün çoxlu qoyun-quzu, cürbəcür xərc istəyirlər”. Arvad deyir ki, “hamısını düzəldərik”. Atam gəlir xərci verir, qızın razılığını alırlar və qapıdan çıxanda Şahsənəm arvad deyir: “Sizə verdik bir dana. Sizdən aldıq bir sona. Di qalın yana-yana””.
Evlilik baş tutandan sonra gənc ailənin tikdiyi evi ermənilər yandırıblar.
K.Hüseynovun uşaqlıq illəri əzab-əziyyətli keçib. Özü etiraf edir ki, 8-9 yaşlarından işləməyə başlayıb. Əvvəlcə ona-buna çəpər çəkib, ot biçib, əvəzində heyvan alırmış. Sonra qardaşı böyüyür və onu məktəbə qoyurlar. O da gündüz öyrəndiklərini gecə qardaşı Kamrana öyrədirmiş.
Beləcə uşaqlıq illəri arxada qalır və yeniyetmə Kamranın Qubadlıdan kənara ilk səfəri gerçəkləşir. Bu səfər 1929-cu ilə təsadüf edir.
Kamran müəllim həmin səfəri belə xatırlayır:
“1929-cu il idi. Mən də rayon camaatına qoşulub Naxçıvana getdim. İlk dəfəydi başqa şəhərdə olurdum. Ordan özümə bir cüt üçburun çarıq aldım. Tay-tuşlarım o çarığın tamaşasına gəlirdilər. Sonralar dünyanın harasında səfərdə oldumsa, ordan aldığım tuflilər məni o çarıq kimi sevindirmədi”
Kamran Hüseynovun Bakıya ilk gəlişi də asan olmur. Parlaq gələcəyə sahib bu yeniyetməni həyat sanki hər addımda imtahana çəkir, bərkə-boşa salıb, ucalacağı zirvələrə hazır olub-olmadığını yoxlayırdı. Xeyli vaxt Bakıya gedəcəyini götür-qoy edəndən sonra bunu anası Lalə xanıma deyir. Təbii ki, Lalə xanım bu istəyə razı olmur. Həmin vaxt Bakıda neft səneyesində işçi qüvvəsinə ehtiyac var idi deyə, rayonlardan bura işləməyə gedənlər çox olurdu. Günlərin birində Qubadlıya nümayəndələr gəlir. Həmin vaxt 30-cu illər idi. Gənc Kamran anası və bacı-qardaşlarına kömək etmək üçün Bakıya gəlir.
Evdən çıxanda cibində cəmi 50 qəpiyi olur. Həmin gün 200 gənc Qubadlıdan Bakıya getməli imiş. Həkəri stansiyasında qəribə hadisə baş verir. Bir nəfər stansiyada ona yaxınlaşıb stansiya rəisi olduğunu deyir və bildirir ki, stansiyadakı kisələri vaqonlara yükləmək lazımdır. Bunun müqabilində isə ona 40 manat verəcək. Cibində cəmi 50 qəpiyi olan gənc Kamran üçün bu təklif göydəndüşmə olur və dərhal razılaşır. Mollu kəndindən olan Məhərrəm adlı yoldaşı ilə işi görüb quratarırlar və vaqonun gəlməyinə az qalmış stansiya rəisi aradan çıxır. Kamran birtəhər soraqlaşıb rəisin evini tapır və güclə 20 manatını ala bilir.
Kamran Hüseynovun çətin uşaqlıq illəri kimi maraqlı, eyni zamanda da qaynar gəncliyi, cavanlığı olub.
Onun Azərbaycanın bir sıra müəssisələri, sağlamlıq-istirahət zonalarının tikilib-qurulmasında xüsusi səyi və zəhməti olub. Sumqayıt, Mingəçevir, Neftçala şəhərlərinin inkişafı məhz onun adı ilə bağlıdır. İstisu, Bərdə, Masallı və digər bölgələrdə önəmli sosial obyektlərin inşasında da onun böyük zəhməti olub.
O vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev isə Kamran Hüseynovun işgüzarlığını xüsusilə yüksək qiymətləndirirmiş. O, həmişə Kamran Hüseynovu hökümətin içində-Nazirlər Sovetində çalışanlar arasında nadir şəxs kimi dəyərləndirib.
Kamran Hüseynov Ümumittifaq Həmkarlar İttifaqı Məkəzi Şurasının katibi olduğu illərdə o çox işlər görmüşdü. 1962-ci ilin iyun ayında ona xaricə səfər vizası verilir və o Məkəzi Hökümət adından Misir inqilabının 10 illiyi münasibəti ilə keçiriləcək rəsmi dövlət tədbirində təbrik nitqi söyləyir.
Bir dəfə SSRİ Nazirlər Sovetinin iclasında Xruşovun rəhbərliyi ilə iclasın gedişində kimya sənayesi naziri Fyodorov söz alır və bildirir ki, “mənim Sumqayıtda lavsan istehsal eyməyə ehtiyacım yoxdur. İstəyirəm lavsan istehsalını Kursk vilayətinə gətirim. Vilayətdə lavsan liftləri istehsal edən ayrıca kombinat tikək”. Bunun da səbəbi o idi ki, Kurs Xruşovun doğma vilayəti idi. Fyodorov sözünü bitirən kimi Xruşov deyir ki, “nazir deyilsən, sənə kim mane olacaq işini gör”. Qəflətən Kamran Hüseynovu salonda görür və pörtür. İclasdan sonra Kamran Hüseynov Bakıya Azərbaycan KP MK-ya və Nazirlər Sovetinə zəng vurur. Bildirir ki, Sumqayıtda kimya kombinatının tikintisini təcili başa çatdırsınlar. Çünki kombinat tiklməsə, obyekt Kurskda tikiləcəkdi və tikildi də.
Moskvadan qayıdıb Nazirlər Soveti sədrinin müavini olduğu dönəmlərdə Mərdəkanda neftçilər üçün tikilmiş xəstəxana, Sumqayıda Kimyaçılar Sarayı da onun rəhbərliyi ilə inşa olunub. Kamran Hüseynovun Nazirlər Sovetinin sədr müavini işlədiyi 12 ildə 1 milyon 100 min şagird onun vasitəçiliyilə tikilən məktəblərdə oxuyub.
İntiqam Valehoğlu