Rafael Ağayev Azərbaycanı tərk etdi

760

Azərbaycanın karate ulduzu Rafael Ağayevin ölkədən getməsi ilə bağlı onun müəllimi olmuş Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayevin də fikirlərini öyrəndik. O dedi: “Rafaelin incik düşməsindən xəbərdaram. Deyim ki, mən özüm də 2 qat dünya çempionuyam və biz yarışlarda iştirak edərkən yalnız vətənimizin şərəfi və bayrağını ucaltmağı düşünmüşük. Və mən düşünmürəm ki, bizim idmançılar, o cümlədən, Rafael Ağayev maddi maraqlara görə, ölkəni həmişəlik tərk etsin.
Kim nə deyir desin, Rafael 8 yaşından mənim tələbəmdir. Mən onun xasiyyətini hamıdan yaxşı bilirəm. 4 gün bundan əvvəl biz görüşmüşük və o, mənə ölkəni tərk etməsi ilə bağlı bir kəlmə söz deməyib. Mənim ona bir müəllim kimi ərkim var. Əgər o mənə tərketmə barədə bir söz desə idi, onunla mən bilərdim neylərdim. Amma incik düşməyindən xəbərim var. Bu gün bizi qarşıdan heç bir mötəbər tədbir gözləmir. O, yenicə Belçikadan təlim-məşq toplantılarından qayıtmışdı. Onun Rusiyaya getməsinə səbəb Novosibirskin “Uspex” komandasında yüksəkixtisaslı karateçilərin təlim-məşq toplantılarına dəvət almasıdır. Tezliklə o vətənə geri dönəcək. Bakıya qayıdan kimi o, mənim rəhbərliyim altında məşqlərə başlayacaq. Arxayın ola bilərsiniz”.

***
17:31

Sentyabrın 7-si Azərbaycanın karate ulduzu, 4 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev qəfildən ölkəni tərk edib. Redaksiyaya daxil olan etibarlı, şübhədoğurmayan məlumata görə, bu gedişə səbəb onun Milli Karate Federasiyasından incik düşməsi və Rafael Ağayevə Rusiyanın Novosibirsk şəhərinin “Uspex” komandasından gələn yüksəkqonorarlı təklif olub.

İdmançının belə qəfil və səssiz ölkəni tərk etməsi Azərbaycan idmanı üçün heç də başucalığı gətirən hadisə olmadığı üçün biz Milli Karate Federasiyasına müraciə etdik. Federasiyanın prezidenti Yaşar Bəşirov dedi: “Bilirəm ki, Rafael bizdən incik düşüb. Rafaelin hazırda 27 yaşı var və o, artıq 12 yaşından, yəni 15 ildir ki, bizim Federasiyanın idmançısıdır. Onun getmə səbəblərini izah edəcəm. Amma əvvəlcə deyim ki, o, həmişəlik ölkəni tərk etməyib. Sadəcə olaraq, Rusiyanın Novosibirsk şəhərindən seçilən deputat, “Uspex” komandasının rəhbəri Venyamin Pakın dəvətilə həmin şəhərə gedib.

Səbəblərə gəlincə, qeyd edim ki, onun incik düşməyə tamamilə haqqı var. Çünki bizim Federasiyaya artıq 6 ildir ki, Beynəlxalq Bank sponsorluq edirdi. Amma son vaxtlar maliyyə çətinliyi yarandığından 8 aydır onlar bizim Federasiyanı maliyyələşdirə bilmir. Buna görə də, idmançılarımız, o cümlədən Rafael Ağayev 8 aydır ki, öz məvacib və mükafatını ala bilmir. Mən bununla bağlı, şəxsən ölkə rəhbəri cənab İlham Əliyevə və Gənglər və İdman naziri Azad Rəhimova müraciət etmişəm və inanıram ki, mövcud problemlərimiz yaxın vaxtlarda öz həllini tapacaq.

Kaş ki, məsələlər tez həllini tapa idi. Çünki Rafael kimi dünyaya səs almış qiymətli idman ulduzlarımzın ölkəni tərk etməsinə yol vermək olmaz”.

AzNews.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər