Rafael Ağayev: Ermənilər nəticələrimə görə mənimlə salamlaşırlar – MÜSAHİBƏ (VİDEO)

1958

Karate üzrə beşqat dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayevin Oxu.Az saytına və Baku TV-yə müsahibəsi:

– Azərbaycan idmanında “Qızıl oğlan” deyiləndə millimizin sabiq futbolçusu, hazırda “Qarabağ”ın məşqçisi Zaur Tağızadə yada düşür. “Brilyant oğlan” ləqəbi isə sizə məxsusdur. Bunun tarixçəsi var?

– 2006-cı ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş dünya çempionatının qalibi olduqdan sonra Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos mənə bu ləqəbi verib. Çünki bunadək artıq iki dəfə Avropa çempionu olmuşdum. Düşünürəm ki, karyeram boyunca bu ləqəb mənimlə yaşayacaq, həyatdan köçdükdən sonra da cavan nəsil məni bu adla tanıyacaq.

– 34 yaşlı “Brilyant oğlan” son vaxtlarda qızıl medal qazanmaqda çətinlik çəkir. Brilyantın bütün tərəfləri işıldayır, yoxsa bəzi hissələri artıq sönməyə doğru gedir?

– Düz qeyd edirsiniz ki, bu il hələ qızıl medal qazana bilməmişəm. Üç finalda qızıl medalı əldən vermişəm. 34 yaşım var, elə bir insanam ki, yarışmağa gücüm çatmadığımı görsəm, gələn il keçiriləcək Olimpiadanı gözləməyib karyeramı bitirərəm. İstər dostlarımın, istərsə də arxamca danışan, kompüter arxasında “şirə dönənlər”in tənqidlərini normal qarşılayıram. Bütün idman növlərində atletin il ərzində maksimum 30 döyüşü olur. Karate Olimpiadaya daxil olduqdan sonra yarışların sayı çoxalıb. 1 il 3 ay ərzində 86 döyüş keçirmişəm. Elə idmançı var ki, ilk dövrələrdən uduzub qayıdır, onda yorğunçuluq hiss olunmur. Amma mən hər yarışda medal qazanmışam. Yalnız mayda İstanbuldakı yarışda ikinci döyüşdə zədələnərək medalsız qaldım.

Olimpiadaya uzun yol var, bu turnirdə iştirak etməyi yox, qızıl medal qazanmağı arzulayıram. Zədələrimin çoxu yorğunluqdan irəli gəlir deyə, bir qədər dincəlməli, bədənimi bərpa etməliyəm. Çox məşqdənsə, az məşq edib düzgün hazırlaşmaq lazımdır. Olimpiadaya 346 nəfərdən birbaşa dörd idmançı qatıla bilir. Çalışacağam ki, növbəti yarışlarda özümü çox yormadan Tokioya birbaşa vəsiqə qazanım. Hazırda III sıradayam. İki yarışı buraxsam belə, Olimpiya Oyunlarına çıxmaq şansım yüksəkdir. Son sözümü Olimpiadada dedikdən sonra karyeram barədə qərarımı açıqlayacağam.

– Qadın güləşçimiz Mariya Stadnik əksər vaxtlarda yapon idmançılarla qarşılaşanda çətinlik çəkir və artıq bu, mətbuatda onun üçün “yapon sindromu” adlandırılır. Siz də son vaxtlar karatenin vətənini təmsil edən ölkənin idmançıları ilə döyüşməkdə çətinlik çəkirsiniz. Bu sindromu qırmağın yolunu tapmısınızmı?

– Mən bunu “sindrom” adlandırmazdım. Ən çox 23 yaşlı Ken Nishimuraya uduzmuşam. Amma onu keçə bilməməyimlə bağlı baryerim yoxdur. Sadəcə, onunla döyüşüm alınmır. İki zərbə hesabına mənə qalib gələ bilir. Mənim qələbələrimdən isə hakimlər yorulub. Onunla görüşlərdə zərbələrim bəzən hesaba alınmır. Hakimlərə Rafaelin kimə və necə uduzması maraqlıdır. Mənim üçün ondan daha təhlükəli rəqib italiyalı Luici Buzadır. Bunu etiraf edirəm. Yapon idmançı isə öz ölkəsində qızıl medal qazana bilmir. Çünki öz meydanında çıxış edəndə arenanın ab-havası səni təzyiqdə saxlayır. Mən bunu Bakıdakı Avropa Oyunlarında hiss etmişəm. Heç bir rəqibim üçün “hədiyyə” deyiləm. Rafael hələ idmanla qurtarmayıb və tatamidə öz sözünü deyəcək.

– Rafael dostları seçəndə hansı xüsusiyyətlərinə üstünlük verir?

– Dostu idmanına, geyiminə, maşınına görə seçmirəm. Dostlarımın çoxu məndən 5-6 yaş böyükdür. Dostluq etməyi bacaran insanam. Allah beş dostumu əlimdən alıbsa, mənə bir qeyrətli, hörmətli dost yetirib. Həyatda dörd-beş dostum var. Həmçinin yoldaşlıq etdiyim bir çox idmançılar var. Bunlar Eduard Məmmədov, Fərid Mansurov, Rəşad Sadıqov, Zabit Səmədovdur. Onlarla vaxt tapıb ayda bir dəfə olsa, oturub dərdləşirik. Amma idmanda yoldaşlıq yox, qardaşlıq, dostluq etdiyim bir nəfər var ki, bu, güləşçi Hacı Əliyevdir. O da dostlarım içində məndən ən kiçiyidir. Onu Olimpiada mükafatçısı, üçqat dünya və Avropa çempionu olmağına görə yox, ürəyinə görə çox istəyirəm. Düşünürəm ki, məndən kiçik olsa da, ondan öyrənəcəyim çox şey var. Şəkil də çərçivədə yaxşı görünür – onunla çərçivədə bir-birimizin xətrimizə dəyməyəcək zarafatlarımız var. Arzulayıram ki, gələn Olimpiadada o da, mən də qalib kimi Vətənə dönək. Böyük dostlarımdan isə Vüqar və İlyas (müstəqil Azərbaycanın karate üzrə ilk çempionlarından biri olan İlyas Xəlilovu nəzərdə tutur – S.M.) qardaşlarım var. Onlar mənə həyatda çox dəstək olub.

– Bəs xarici karateçilər arasında dostlarınız varmı?

– İngilis dilində danışmağa çətinlik çəksəm də, bütün karateçilərə tatamidə hörmətlə yanaşıram. Bəlkə də elə idmançılar var ki, gözləri məni götürmür. Məsələn, Biz Ermənistan komandasına salam vermirik. Amma onlar mənim nəticələrimə görə uzaqdan da olsa, mənimlə salamlaşırlar. Bu da mənim üçün fəxrdir. Çünki tatamidə onları məğlub etmək üçün hər zaman əlimdən gələni etmişəm. Dünya karateçilərinin 80-90 faizi ilə salamım var. Amma Türkiyə millisindən Yasər Şahintəkin və Gökhan Gündüzlə yaxınam.

– Hansı döyüşlər heç vaxt yadınızdan çıxmayacaq?

– 2012-ci ildə Parisdəki dünya çempionatının və bu il Minskdəki II Avropa Oyunlarının finalında uduzduğum döyüşlər. Parisdə uduzduğum Luici Buzaya ümumilikdə 10 dəfə qalib gəlsəm də, hakimlərin qərarına əsasən qələbə ona verildi. O, qələbəsini qeyd edərkən qabağımda oynayıb rəqs etdi. Mən buna birmənalı olaraq pis baxıram. Halbuki mən ona qalib gələndə hər zaman əlini yuxarı qaldırmışam. Bir il sonra 7:1 hesabı ilə məğlub edib həmin hərəkətinə görə onu peşman etdim. Minskdə uduzduğum ukraynalı Stanislav Qoruna isə məni 4:0 məğlub etdi. Amma döyüşün əvvəlində vurduğum iki xallıq zərbə hesaba alınmadı. Ukraynalı isə mənə vurduğu üç xallıq zərbədən sonra bunu arxaya “salto” aşaraq qeyd etdi.

– Amma mən sizdən Minskdə müsahibə götürərkən onun miks-zonada sizə yaxınlaşaraq təskinlik verdiyini gördüm…

– Toydan sonra nağaranı sevmirəm. Soğan olsun, nağd olsun. Həyat davam edir. Hərənin bir yanaşması var. Görünür, belə olmasa, hər şey yaxşı olsa, həyat maraqsız olar. Peşəkar idmançı zirvəyə qalxdığı kimi enməlidir ki, yuxarıda olmağın ləzzətini bilsin. 34 yaşımda xırda nöqsanlara yol verməməyə və ən əsası, insanlığımı itirməməyə çalışıram.

– Uşaqlıqda karate məşqlərində çox sparrinqlərə zərbə vurub zədə yetirmisiniz. Hətta buna görə məşqçiniz Rafael Məmmədovun tənqidi ilə üzləşmisiniz. Çünki indiki karatedə kontakta icazə verilmir. Dünya karatesində söz sahibi olsanız, karatedə zərbələr zamanı kontaktın olmasına qərar verərdiniz?

– Doğrudan da əvvəllər karateyə gələndə qaydaları bilmirdim. Məni öyrətmişdilər ki, gedirsən, sadəcə rəqibi vurursan. Məşqçi dayanmağı əmr edən “yama” komandası verirdi, sparrinqim dayanırdı, mən isə onu vurduğum üçün danlanmışam. Nə olur-olsun, müəllim hər zaman düzdür. Yaxşı məşqçi ailədən sonra ikinci müəllimin sayılır. Mən karatedə çox şeyləri dəyişərdim. Məsələn, güləşdən fərqli, karatedə qələbə qazandıqdan sonra səcdə edib bayraqla fırlanmağa icazə verilmir. Necə olur ki, xristian əli ilə xaç hərəkəti edə bilir, müsəlman isə yox? Kimanon cırılıbsa, onu dəyişməyə bir dəqiqə vaxt verilir, bu müddətdə dəyişə bilmədinsə, yarışdan qovulursan. Güləşdəki kimi hesab bərabər olduqda, kim son xalı qazanıbsa, qələbəni ona verərdim. Bir qədər sərt vurmağı tətbiq edərdim. Raundların və ya dəqiqələrin sayını artırardım. Komanda yarışlarında isə döyüşün ortasında yerini öz millindən olan karateçiyə vermək kimi fərqli dəyişiklik edərdim.

– Atanız sizdən üçqat dünya çempionu olmağı istəmişdi. Siz isə beş dəfə ola bildiniz. Bəs bir ata olaraq öz övladınızın qarşısında nə tələb qoymağı planlaşdırırsınız?

– Həyatda indidən sonra nə etsəm də, valideynlərimin borcundan çıxa bilmərəmÖzüm futbolçu olmaq istəmişəm. Ona görə də istərdim ki, övladım futbolçu olsun. Əgər onda peşəkar futbolçu olmaq alınmazsa, karateçi olmasını istərdim. Amma cüdo və güləş də ola bilər. Yetər ki, insan özü də bu idman növlərinə maraq göstərsin. Düşünürəm ki, hər şeydən əvvəl bütün idmançılar bir il gimnastika ilə məşğul olmalıdır.

– İyunda İdmançılar İctimai Birliyinin rəhbəri təyin olundunuz. Bu təşəbbüs kim tərəfindən gəldi?

– Həqiqətən də mənim heç nədən xəbərim yox idi. Prezident Administrasiyasından mənə zəng gəldi və belə bir quruma rəhbərlik edəcəyim deyildi. Məni və mənə kömək edəcək dostum Hacı Əliyevə belə bir iş həvalə edildiyi üçün təşəkkürümü bildirirəm. Ümid edirəm ki, ümidləri doğruldacağam.

– II Avropa Oyunlarında gümüş medal boynunuzdan asılarkən hönkür-hönkür ağladınız…

– Hönkür-hönkür ağlamağım karyeramda 3-4 dəfə olub. Hətta olub ki, altı ay dostlarım da daxil olmaqla, heç kimlə ünsiyyət qurmayıb depressiyaya düşmüşəm. Bu dəfə də ağlamağım yenə qızıl medal qazana bilməməyimə görə idi. Ancaq gec-tez bu tilsimi qıracağam. Mən finalda 27 ildə heç vaxt etmədiyim səhvi etdim və rəqibdən gözlənilməz zərbə aldım. Rəqibimi bu zərbəyə görə bir daha təbrik edirəm, səhvdə isə özümü günahlandırıram. Görünür, rəqib zəif yerlərim üzərində “işləmişdi”.

– Sizin fransalı dünya çempionu Aleksandr Byamonti ilə maraqlı tarixçəniz var. İstərdim ki, bu əhvalatı danışardınız…

– Aleks Byamonti karatedə yaddaqalan dünya çempionlarından biridir. Çünki üçqat dünya və doqquzqat Avropa çempionudur. 16 yaşımdan üç il onun videokasetlərini izləmişdim. Atama söz vermişdim ki, üzləşsəm, ona qalib gəlməyə çalışacağam. Yeniyetmələrdə Avropa çempionu olsam da, onda böyüklərdə 19 yaşlı Rafaeli heç kim tanımırdı. Bu da mənim üstünlüyüm idi. 2004-cü ildə Moskvada böyüklərin Avropa çempionatında finalda onunla qarşılaşdım və qalib gəldim. Bir il sonra yaşadığım Sumqayıtda evimə məktub gəldi. Byamonti ingilis və fransız dillərində məni Fransada revanşa çağırırdı. Həmin şou yarışda da 3:2 hesabı ilə qalib gəldim. Ondan sonra Byamonti bəyan etdi ki, mənim karatedən getmək vaxtımdır, bu idman növünə yeni ulduz gəlir.

Hər bir müğənni bir mahnısı ilə “partladır”. Karatedə də bunu mən etdim. İndi eyni şeyi gənc karateçilər mənim üzərimdə etmək istəyirlər.Dostlarımın bəzisi deyir ki, Rafael, vaxtında idmandan getmək lazımdır. Mən isə düşünürəm ki, qızıl medal qazanıb karyeranı bitirmək insanın zəifliyidir. Əgər mən 75 kq çəki dərəcəsində 150 idmançı arasında ilk “üçlük”dəyəmsə, niyə idmandan getməliyəm?! Bizdə bir az eniş olan kimi, hamı səndən danışır, tənqid edir. Bunu həzm etmək çətin olsa da, artıq öyrəşmişəm. Amma bunun özü də mənim üçün stimul olur ki, hər zaman qızıl medal qazanmalıyam.

– Deyək ki, karyeranızı bitirdiniz. Öz yerinizə dünya karatesində layiqli davamçı olaraq kimi görürsünüz?

– Açıq və səmimi deyəcəyəm. Rafael Ağayevdən ən azı 20 il olmayacaq! Ola bilsin ki, kimsə beş və ya altı dəfə dünya çempionu olsun, amma Rafael kimi sevilən olmayacaq! Çünki Rafael karateyə çox şey – gözəllik, sevinc gətirdi. 11 il zirvədə olmaq asan məsələ deyil. 27 ildir ki, karatedəyəm, Olimpiadanı ancaq televizordan görmüşəm. Həyatda ən böyük arzum Olimpiya çempionu olmaqdır! Düşünürəm ki, karyeramı bitirdikdən sonra peşəkar karate olan kombat karateyə keçəcəyəm. Artıq bir dəfə belə bir qeyri-rəsmi yarış keçirib qalib olmuşam. Onda Rafaeli də bir qədər fərqli görəcəksiniz.

– Sizin xaricdə kifayət qədər çoxlu seminarlarınız olur. Bəs ingilis dili bilməməyiniz bu seminarlar zamanı çətinlik yaratmır?

– Orta məktəbi, demək olar, oxumamışam. Cəmi iki “beş”im olub. Biri əmək, digəri isə bədən tərbiyəsi fənnindən. Əməkdən qiyməti də müəllimə yalvarıb yazdırırdım (gülür). İngilis dilini bilməməyim məni çox dala salır. Bəlkə də bu dili bilsəydim, 7-8 il sonra Dünya Karate Federasiyasının prezidenti olardım. Hələ də gec deyil. Amma oxumaq barəsində problemliyəm. Öz “Facebook” profilimin “parol”unu bilmirəm. Bu profili belə Moskvada yaşayan dostum işlədir. Məhz o, seminarlarımı təşkil edir. Hansı seminara gedirəmsə, orada gərək türk və ya rus dilində bilən adam olmalıdır ki, problemlə üzləşməyim.

Əvvəl seminarlarım ilə 10 dəfə olurdusa, karate Olimpiya idman növü olandan sayı üçə endirmişəm. Bir də mənim “Adidas”la müqaviləm var. Bu şirkət də mənə xaricdə seminarlar təşkil edir. Portuqaliyadakı seminarımda 400 nəfərə dərs keçmişəm. Həmin insanlara gündə iki dəfə məşq keçməkdən başqa, hər birinə 20 dəqiqə isinmə hərəkətləri etdirirdim. Onların içində 50 yaşında qadın da, yeddi yaşında uşaq da olur. Elə göstəriş verməlisən ki, bunu hər biri edə bilsin. Bəzən görürsən ki, çoxunun karatedən anlayışı yoxdur, sadəcə, Rafaeli görmək, onunla şəkil çəkdirməyə gəlib. Dünya çempionatında bəzən 300 nəfər səninlə şəkil çəkdirir. Heç birinə də imtina cavabı vermirəm.

– Sonuncu sualım haradasa yarıciddi olacaq. Hacı Əliyev mənə verdiyi müsahibələrindən birində demişdi ki, Kriştianu Ronaldu hara getsə, həmin komandaya azarkeşlik edir. İndi sizin ortaq komandanız “Yuventus”dur. Ronaldu bu komandadan getdikdən sonra onu “Yuventus”un azarkeşi kimi saxlaya biləcəksiniz?

– Mən 1996-cı ildə “Yuventus” Çempionlar Liqasında “Ayaks”ı məğlub edərək qalib gəldikdən bəri bu komandaya azarkeşlik edirəm. Roberto Baccio və Alessandro Del Pyero bu komandada mənim kumirlərim olub. Ronaldunun gəlişinə isə sevinmişəm. Əzmkarlığında, idmanda öz sözünü deməsində Ronaldu ilə haradasa oxşarlığımız var. Hacı Əliyev isə mənlikdir, narahat olmayın. Onu bilmək olmur, bir gün “Qalatasaray”a, bir gün də “Yuventus”a azarkeşlik edir (gülür). Əsas odur ki, bizim dostluğumuz davam etsin. Biz azarkeşlik etməyə bir şey taparıq.

Səbuhi Musayev
Valeh Arifoğlu
Hüseyn Həsənov
Oxu.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər