Artıq Azərbaycanda koronavirus pandemiyasına görə 1 ilə yaxındır ki, toyların keçirilməsinə qadağa qoyulub. Toyların keçirilməsinə qoyulan qadağanın gələcəkdə demoqrafik problemlərə yol açacağı ilə bağlı fikirlər səsləndirilir. Bir çoxları Ramazan ayından sonra az insan sayı ilə toyların keçirilməsinə icazə verilməsini təklif edir. Ramazan bayramından sonra toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda toyların keçirilməsinə qoyulan qadağanın əsas səbəbi insanların sağlamlığının qorunmasıdır:
“Sırf pandemiyaya görə vətəndaşlarımız toy keçirə bilmirlər. Burada əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Koronavirus daha çox insanların kütləvi şəkildə toplaşdığı yerlərdə yayılır. Ona görə də toyların keçirilməsinə qadağa qoyulub. Əlbəttə, bu demoqrafik vəziyyətə öz təsirini göstərəcək. Çünki statistikaya baxanda görürük ki, ailə quranların sayında azalmalar var. Ramazan ayından sonra toyların keçirilməsinə gəldikdə isə, icazə məsələsi birbaşa Operativ Qərargahın səlahiyyətindədir.
Hesab edirəm ki, müəyyən normalar çərçivəsində toyların keçirilməsi məsələsinə baxıla bilər. Təbii ki, insanların kütləvi toplaşmaması şərti ilə. Yəni az sayda insan dəvət etməklə toyların keçirilməsinə baxıla bilər. Çünki nişanlı olan xeyli sayda cütlüklərimiz var. Nəzərə almaq lazımdır ki, pandemiyanın nə zaman bitəcəyi bəlli deyil. Ona görə də gənclərimiz böyük mərasim keçirmədən rəsmi nikaha girməklə ailə qura bilərlər. Bu gün bu yolla xeyli sayda ailə quran gənclərimiz var”.