Ramil Həşimzadə: “İndi elə yaşımdı ki, pula görə oynamıram”

1113
Cari mövsümün qış fasiləsinə qədər olan bölümünü “Sumqayıt” klubunda keçirən, davam etməkdə olan dövrələrarası fasilə zamanı isə  “Rəvan”a transfer olan Ramil Həşimzadə  Sportal.az saytına müsahibəsində həm, hazırkı hədəfləri, həm də gələcək planları haqqında danışıb.
– Bu mövsümün əvvəlində “İnter”ə keçidin gözlənilirdi. Klubun düşərgəsində də olmusan. Amma sonra nəsə alınmadı. Səbəb nə idi?
– Düzdü, “İnter”ə getdim. İki təlim-məşq toplanışı keçdim. Orda yaş limiti var idi. Sonra onu yığışdırdılar. Ona görə oynamağa getmişdim. “İnter” elə bir komandadır ki, düzdü, orda oynamaq olar, amma cavanlara elə də şans verilmir. “İnter” çempionluğa oynayan klubdu. Məşqçi ilə danışdım. O da razılıq verdi. Təzədən qayıtdım “Sumqayıt”a.
– Ötən mövsüm “Sumqayıt”da daha yaxşı çıxış etdin. Bu il Bernhard Raab sənə elə də çox etimad göstərmədi. Mətbuata da açıqlamalar oldu ki, Ramil Həşimzadə hələ formada deyil.
– Mən keçən il necə oynamışam, məşqlərdə olmuşamsa, yayda “Sumqayıt”a da qayıdanda elə olmuşam. Yəqin mənim “İnter”ə getməyim onun xoşuna gəlməyib. Ona görə də məni oynatmadı. Prinsip söhbəti var yəqin. Mənim indi elə yaşımdı ki, pula görə oynamıram. Əgər pula görə oynasaydım, “İnter”də qalardım. Oynamadığım klubda da nəyə qalıram? Özüm fikirləşdim rəhbərliklə danışdım. Razılıq əsasında çıxdım.
– Müqavilən var idi?
– Yaya kimi idi. Razılıq əsasında pozuldu.
– Bernhard Raabdan soruşdun ki, səni niyə oynatmırdı?
– Konkret mənə bir fikir demirdi. Əvvəl 5 oyun dalbadal əsas heyətdə oynadım. Özüm demirəm, qıraqdan baxanlar deyirdi ki, normal oynayıram. Özü də mənə demişdi ki, oyunum onu qane edir, yaxşı oynayıram. Ondan sonra bilmədim nə oldu. Yəqin başqa nəsə var imiş ki, məni oynatmırdı.
– “Rəvan”a keçidin ürəyincə oldu? Başqa təkliflər var idi?
– Bəli. Amma “Rəvan”da cavanlara daha çox üstünlük verilir. Mənim oyun üslubuma uyğun olan komandadı. Onu fikirləşib qərara gəldim ki, “Rəvan”a keçim.
– “Rəvan”da potensialını daha yaxşı açacağını fikirləşirsən?
– İnşallah, burda oynayıb özümü sübut edəcəm. Elə fikrim də var ki, “Rəvan”da yaxşı oynayım və milliyə dəvət alım.
– “Rəvan”la müqavilən nə qədərdi?
 – Bir il yarım.
– “Rəvan”ın ilk “altılıq”dan əlinin üzüldüyünü demək olarmı?
– İkinci dövrənin qurtarmağına,“altılığ”ın başlamağına 4 oyun qalıb. Həmin oyunlarda maksimum nəticə göstərsək, yəni qələbə qazansaq, rəqiblər də xal itirsə, yəqin ki, düşmək olar. Düzü, o da bir az çətin olacaq.
– İkinci “altılıq”da oynamaq səni həvəsdən salmır ki?
– Yox, niyə həvəsdən salsın ki? İkinci “altılıq”da olan komandalar zəif deyil. Düzdü, bir az fərq var. Çempionatda qalmaq, daha da yuxarıda qərarlaşmaq üçün bütün oyunlarda maksimum nəticə göstərməyə çalışacağıq.
– 3- 4 komanda var ki, çempionatı tərk edə bilər. Onların içində “Rəvan”ı da görürlər.
– Komandaya baxanda heç də zəif təsir bağışlamır. İkinci “altılıq”da olan klublardan zəif deyil. Məncə, ikinci “altılıq”da 1-2-ci, yəni çempionatın 7-8-ci yerini tuta bilər.
– Özünün gələcək planların nədi? Karyeranı Azərbaycanda davam etdirmək istəyirsən, yoxsa xaricdə?
– “Rəvan”a gəlməmişdən qabaq xarici klubların 1-2-dən təklif vardı.
– Hansı klublar idi?
– Yox, onu deməyim də. Adlarını desəm, bilinəcək.
– Hansı ölkədən olduğunu deyə bilərsən?
– Ölkələrdən biri Türkiyə idi. Sadəcə tam alınmadı deyə, burda oynayıram. İnşallah, təklif olar gedərəm. Pula görə demirəm, birincisi, özüm üçün oynayıram. Oynayandan sonra pul özü gəlir. Fikrim var ki, təklif olsa, gedərəm.
– Milli komandada oynamısan?
– Yox, millidə oynamamışam. Amma institutlarımızın turnirlərində olmuşam. Yaşım ancaq A milliyə düşür.
– Birdən-birə gec parlamağının bir səbəbi varmı? Aşağı qruplarda görünməmisən.
– Nə bilim. Nəyə görə belə olduğuna tam aydınlıq gətirə bilmərəm. Futbola elə də gec gəlməmişəm. Bəlkə də qismət belə imiş.
Raifə İBRAHİMOVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər