Ramiz Əliyev: “ Sumqayıtda gəncin ictimai aktivliyini təmin edəcək mühit və şərait zəifdir ”

996

Ramiz bəy bu günlərdə “Sağlam Düşüncə” Gənclər Təşkilatının III hesabat-seçki konfransı keçirildi və təşkilata yenidən sədr seçildiniz. Təşkilatın ilk sədri də siz olmusunuz. Necə oldu ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatını yaratmaq qərarına gəldiniz?

Təşkilatı təsis etməkdə məqsədimiz Sumqayıt gənclərini maarifləndirmək və onların İctimai fəallıqlarını artırmaq idi. O zamanın fəal gəncləri kimi hər zaman öyrənib öyrətməyi özümüzə məqsəd seçmişdik və indi də o amalla addımlamaqda davam edirik. Mən də daxil olmaqla “Sağlam Düşüncə”-nin təsisçiləri UNİCEF-də könüllü olaraq ictimai fəaliyyətə başlamışıq. Sumqayıtda uşaq hüquqi və tibbi maarifləndirmə istiqamətində təlimlər keçirdik. Sumqayıtda gənclər sahəsində -ictimai maarifləndirmədə olan boşluqları nəzərə alaraq qərara gəldik ki, fəaliyyətimizi “Sağlam Düşüncə” Gənclər Təşkilatını təsis etməklə davam etdirək. O zaman çox gənc və təcrübəsiz olmağımıza baxmayaraq çox həvəsli, həm də təşəbbüskar idik. Məhz bu təşəbbüsün sayəsində Sağlam Düşüncə ideyası və Sağlam Düşüncə ailəsi formalaşdı.

Digər gənclər təşkilatlarında, ümumiyyətlə QHT sektorunda sədrlər demək olar ki ömürlük olur. Sizdə isə bir neçə dəfə seçkilər olub və sizdən öncə də təşkilatın sədri başqa bir gənc idi. Bu bir ənənədir yoxsa?

Təşkilatın nizamnaməsinə əsasən iki ildən bir ümumi yığıncaqda təşkilatın sədri və idarə heyətini seçkilər yolu ilə seçilir. Bu nizamnamənin şərtləridir və biz də buna əməl edirik. Bu seçkilər gənclərin inkişafı və özlərini təsdiq etmək üçün bir imkandır. İlk seçkilər 2008-ci ildə, ikinci seçkilər isə 2010-cu ildə olub. Bu ənənə digər əməkdaşlıq etdiyimiz gənclər təşkilatlarında da var. Bu onun göstəricisidir ki, gənclər təşkilatları gənclərin inkişafına və onların potensialının ortaya çıxarılması istiqamətində çalışır və digər gənclərin də qabağa çəkilməsinə önəm verirlər. Biz bununla onu göstərməyə çalışırıq ki təşkilat onu yaradanların mulki deyil, bizim təşkilat ideyalarımızı, məqsədlərimizi həyata keçirən bir qurumdu. Ətrafımızda da bu ideyaları qəlbində daşıyan gənclər toplaşıb. Buna görə də bu missiyaların həyata keçməsində daha çox güvənilən insan təşkilatın rəhbərliyinə seçilməlidir. Bu gün üzvlər düşündü ki, bunu ən yaxşı Ramiz Əliyev edə bilər və ona görə məni seçdilər, iki ildən sonra başqa adam haqqında belə düşünəcəklər və həmin adamı rəhbər seçəcəklər. Düşünürəm ki, bu normal prosesdir və təşkilata ancaq xeyir gətirə bilər.

Bu illər ərzində hansı işlər gördünüz? Qeyd etdiyiniz boşluqları doldura bildinizmi?

Bu illər ərzində bir çox layihələr həyata keçirmişik. Lakin bu o demək deyil ki, biz bütün boşluqları doldurmuşuq. Əsas odur ki, istək və hərəkət var. Bu da müsbət dəyişikliklər etmək üçün çox önəmlidir. Bununla bərabər çalışmışıq ki, təşkil etdiyimiz hər bir layihə gənclərimizi maarifləndirsin və cəmiyyətə fayda versin. 2008-ci il Mən “Mən İnsanam” – Sülh və İnsan Hüquqları Festivalı, 2009-cu il “No SMOKİNG” Tütün əleyhinə Mübarizə Kampaniyası, 2010-ci ildə “Səndə QİÇS-ə yox de!” mariffləndirmə kampaniyası, 2011-ci ildə “Aktiv Vətəndaşlıq” Layihəsi, 2011-ci il  “Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu” layihəsi, 2011-ci il Barkamp Azərbaycan Təşkilatı  ilə birgə “Sumqayıt  bloq günü” layihəsi, 2006-ci ildən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə Debat Təhsil Proqramı və başqa bu tipli uğurlu layihələr gənclərin ictimai aktivliyinin artırılması istiqamətində böyük yol oynamışdır. 2008-ci ildən etibarən Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” Proqramına qoşulmuşuq və proqram vasitəsi ilə gənclərimiz üçün beynəlxalq gənclər mübadiləsində iştirakına şərait yaratmışıq. Bu illər ərzində təşkilatımızın üzvləri Azərbaycanı və Sumqayıt şəhərini 20-dən çox ölkədə təmsil etmişdir. Avropa komissiyasının gənclər fəaliyyətdə proqramında Azərbaycanı təmsil edən azsaylı gənclər təşkilatlarından biriyik. Eyni zamanda bu yaxınlarda Avropa Komissiyası tərəfindən Avropaya Könüllük Xidməti üzrə sertifikat almış 9 Azərbaycan təşkilatından biriyik.

Artıq 6 ildir ki, Sumqayıtda debat proqramının icrası ilə məşğuluq. Kifayət qədər ciddi bir təbəqəni – yeniyetmə və gəncləri bu proqrama cəlb edə bilmişik. Gənclərimizin sağlam həyat sürməsi üçün bir çox layihələr həyata keçirmişik. Buna misal olaraq ictimai yerlərdə siqaret çəkməyə qarşı apardığımız kampaniyanı göstərə bilərik. Bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Tütünlə Mübarizə Koalissiyasının üzvü olaraq birgə 2011-2015-ci illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyasının layihə modelinin hazırlanmasında və “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanun Layihəsi hazırlanmasında yaxından iştirak etmişik. Biz gənclərimizin ictimai aktivliyini artırmaq üçün bu tipli layihələrimizi və kampaniyalarımızı yenə də davam etdirəcəyik. Bütün bu uğurlarımız tək bir fərdin deyil, Sağlam Düşüncə ailəsinin və komandasının əməyinin nəticəsi, uğurlu komanda quruculuğunun göstəricisidir.

Bəs bu layihələri hansı vəsaitlə həyata keçirirsiniz?

Təşkilat ilkin fəaliyyətinin 4 ilini könüllü ianələr və üzvlük haqqı vasitəsi ilə həyata keçirib. Respublikada üzvlük haqqı sistemi olan 3-4 təşkilatdan biriyik. Üzvlük haqqı sisteminin ən önəmli üstünlüklərindən biri odur ki, üzv üzvlük haqqı ödədikdə özünü daha məsuliyyətli hesab edir və təşkilatda təşəbbüslərinə həmişə dəstək axtarır. İkinci üstünlüyü odur ki, təşkilat maliyyə sıxıntısı yaşamır. Qrant layihələri olmadan da təşkilat layihələr həyata keçirir və təşəbbüslər dəstəkləyir. 2009-cu ildən etibarən isə artıq donor təşkilatların maliyyə dəstəyi ilə layihələrin icrasına başlamışıq. QHT şurası, SOROS fondu, British Consul, FİFA U 17, DNS, DELTA group, Gənclər İdman Nazirliyi, yeni yaranmış gənclər Fondu kimi istər Dövlət, istərsə də donor təşkilatları və kommersiya qurumları ilə əməkdaşlıq edirik. Bununla yanaşı üzvlük haqqı və ianələr də təşkilatın maliyyələşməsində öz payını saxlayır.

Ötən günlərdə daha bir seçkidə namizəd kimi çıxış etdiniz və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına sədr müavini seçildiniz. İki fəaliyyəti bir yerdə icra etmək sizə çətinlik törətmiyəcək ki?

Sağlam Düşüncə Gənclər Təşkilatı 2007-ci ildən ARGTMŞ üzvüdür və onun fəaliyyətində yaxından iştirak edir. Milli Şuranın seçkilərində yalnız üzv təşkilatlar namizədlər irəli sürə bilər. Mənim də namizədliyim Sağlam Düşüncə Gənclər Təşkilatı tərəfindən irəli sürülüb və  Milli Şuranın üzv təşkilatları  tərəfindən dəstəklənib. Hər iki təşkilatın uğuru üçün kifayət qədər güc və enerji lazımdır. Məhs bu amillər ayrı-ayrı fərdlərin yox komanda işinin nəticəsidir. Düşünürəm ki, komandanın uğurlu fəaliyyəti nəinki hər hansı bir fəaliyyətə maneəçilik törədilməsinin qarşısını alar, həmçinin gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. İnanıram ki, hər iki təşkilatın fəaliyyəti Azərbaycan Gənclər siyasətinin icrasına öz tövhəsini verəcək.

Təşkilatınız daha çox Sumqayıtda fəaliyyət göstərir. Şəhərdə ictimai fəallığı necə qiymətləndirirsiniz?

Şəhərdə ümumiyyətlə ictimai fəallıq heç də qənaətbəxş deyil. Sumqayıt gənclərinin daha çox ictimai fəallığı Bakıda özünü göstərir. Bunun bir çox səbəbləri var. Sumqayıt Təşkilatlarının maddi texniki bazasının zəif olması, gənclərin seçim imkanlarının az olması və digər amillər Sumqayıt Gənclərinin Sumqayıt təşkilatlarında fəallıq göstərmələrinə təsir göstərir. Əslində bu normaldır, çünki təklif tələbi qarşılamır. Sumqayıtda gəncin ictimai aktivliyini təmin edəcək mühit və şərait zəifdir və gənc bu mühiti Bakıda axtarır. Sumqayıt şəhərinin Bakıya yaxın olması da gənclərin paytaxta üz tutmasına gətirib çıxardır. Bunu nəzərə alsaq ki, Sumqayıt sakinlərinin böyük əksəriyyətini gənclər təşkil edir, ona görə də bu inkişaf mühitini Sumqayitda formalaşdırmaq lazımdır. Bizim təşkilatın əsas vəzifələrindən biri də Sumqayıt gənclərinin təşkilatlanmasına, onlarda vətəndaş məsuliyyətinin inkişaf etdirilməsinə yardımçı olmaq, şəhərimizin və ölkəmizin ictimai həyatında gənclərin iştirakçılıqlarını artırmaqdır. Bununla yanaşı, biz hər zaman qeyd etmişik ki, bir məqsəd və bir hədəf üçün çalışan bütün təşkilatlarla və müxtəlif qurumlarla əməkdaşlıq etməyə hazırıq. Layihələrimizə diqqət yetirsəz görərsiz ki, birgə layihələrimiz üstünlük təşkil edir.

Yeni Seçilmiş heyətiniz hansı yeniliklər etmək istəyir?

Fəaliyyətimizi daha da genişləndirmək və gənclər siyasətinə peşəkar yanaşma formalaşdırmaq üçün Təşkilatımızın ötən illərdə olan fəaliyyətinin SWOT analizini hazırlayırıq. Bu analizi həm təşkilat daxili, həm də təşkilat xarici aparılır. Bizimlə əməkdaşlıq etmiş, birgə layihələr icra etdiyimiz şəxslər və qurumlardan təşkilatımız haqqında düşündüklərini, gördükləri mənfi və müsbət cəhətlər toplayırıq. Bu tip analiz təşkilatın üzvləri  ilə də aparılır. Belə ki, ayın sonuna kimi Təşkilatın fəaliyyətinin yekun bir təhlili aparılacaq. Təhlilin nəticələrinə əsasən 2 illik strateji plan hazırlanacaq və bu strateji planlaşdırma üzrə də fəaliyyətimiz qurulacaq.  Biz hər  zaman təşkilatın fəaliyyətinin təhlilinin aparılmasına və nəticələrin yaxşılaşdırılmasına çalışırıq.

– Bir ictimai aktiv gənc kimi həmyaşıdlarınıza məsləhətiniz nə olardı?

Gənclərə  məsləhətim o olar ki, öyrənmək və inkişaf etmək heç bir zaman gec deyil və yaş məhdudiyyəti yoxdur. Gəncliyinizi qiymətləndirin, bu vaxtı boş kecirməyə dəyməz aktiv olun ki, vətəndaş cəmiyyətinin inkişafında sizin də payınız olsun.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər