Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı qarşılıqlı əməkdaşlıq təcrübəsi ilə möhkəmlənən qardaşlıq münasibətləri birləşdirir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır.
Bu fikri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. O, iki ölkə liderlərinin böyük xidmətləri sayəsində bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb: “İkitərəfli münasibətlərin belə yüksək səviyyədə olmasına ən bariz sübut, xalqlarımızın dostluğunun və qardaşlığının təzahürü, o cümlədən Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin göstəricisi kimi ölkə Prezidenti İlham Əliyevin Qazaxıstanın “Altın kıran” (Qızıl qartal) ordeni ilə təltif olunmasını göstərə bilərik”.
Sədr avqustun 24-də Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü və imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin həm iqtisadi, ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər açdığını bildirib.
“İkitərəfli görüşlər çərçivəsində səfərin gündəliyinin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, bir sıra sənədlər imzalandı. İmzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha geniş hüquqi bazasını yaratmış oldu. Bu sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti var. Adından da göründüyü kimi, qəbul olunmuş Bəyannaməyə əsasən bu gün artıq Azərbaycanla Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq dövlətlərdir. Təbii ki, qəbul olunmuş Bəyannamə hər iki ölkənin beynəlxalq arenada əməkdaşlığının inkişafı yollarını müəyyən edir, gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayır və çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaratmış olur. Buna nümunə olaraq, iyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünü qeyd edə bilərik. Bu, Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı üçün böyük perspektivlər açan yeni formatıdır”, – deyə Ramiz Hüseynov bildirib.
“Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib”, – deyən Ramiz Hüseynov aparılan danışıqların, imzalanmış sənədlərin, ümumilikdə, Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlığında yeni səhifə açdığını vurğulayıb.