“Qondarma erməni “soyqırımı” məsələsi özünü dünyaya məzlum kimi təqdim etməyə çalışan ermənilərin, bu saxta iddialardan təzyiq kimi istifadə etməyə cəhd göstərən bəzi xarici siyasi qüvvələrin manipulyasiya vasitəsidir. Bu mənada, belə saxta iddiaların ABŞ prezidenti tərəfindən səsləndirilməsi, tarixi həqiqətlərin təhrifi yolverilməzdir. 1915-ci ildə baş verənlərin araşdırılmasına ciddi cəhdlə mane olan ermənilər özləri də bilirlər ki, tarixdə “erməni soyqırım” adlı bir hadisə baş verməyib. Tam əksinə, istər 1915-ci ildə, istər 1918-ci ildə, istərsə də 1990-93-cü illərdə ermənilər həm türklərə, həm də azərbaycanlılara qarşı soyqırımı həyata keçirib”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. Onun sözlərinə görə, tarixi təhrif edərək ortaya atılan və baş verməyən bir qondarma “soyqırımı” məsələsinə “ciddi” yanaşan xarici dövlətlər və ya dairələr nə üçün cəmisi 30 il öncə baş vermiş Xocalı soyqırımına əsl qiyməti vermirlər?
R.Hüseynov deyib ki, bu, bir daha dünyada fərqli standartların olmasından xəbər verir: “Ermənilər 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda, Zəngəzurda, Göyçayda və digər regionlarımızda on minlərlə günahsız insanı, 1992-ci ilin fevralın 26-da Xocalıda yüzlərlə dinc əhalini, uşağı, qocanı qətl edib, bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədiblər. Hər zaman vəhşiliyi, vandalizmi özünün dövlət siyasəti kimi qəbul edən, işğalçılığı, terrorizmi özünün ən ali məqsədi sayan ermənilər dünyada özlərinin məzlum obrazını yaratmaq istəyirlər. Ermənilər qondarma “soyqırımı” iddiaları kimi yalanlar üzərindən özlərinə yeni tarix yazmaq niyyətindədirlər. Amma bu baş tutmayacaq. Çünki tarixi təhrif edib yenidən yazman cəhdi yolverilməzdir”.