Ramiz Mehdiyevin məqaləsi müzakirə olundu

653

Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə “Azərbaycan” qəzetində nəşr olunan “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı məqaləsinin müzakirəsi keçirildi.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Nadir Qəhrəmanov “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin günümüz üçün əhəmiyyətini diqqətə çatdırdı. Rektor qeyd etdi ki, müəllif məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək qüdrətindən, onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi cəhətlərindən söz açaraq ətraflı araşdırmaları əsasında gerçək həqiqətlərin üzə çıxarılmasına nail olmuşdur. Səfəvilər dövləti dövründə Azərbaycanın geosiyasi vəziyyəti, bu dövrdə əldə edilmiş nailiyyətlərdən bəhs edən rektor məqalədə bütün bu məqamlara aydınlıq gətirildiyini bildirdi.

Daha sonra çıxış edən Tarix Fakültəsinin dekanı, professor Adil Baxşəliyev qeyd etdi ki, Azərbaycan müstəqillik qazanana qədər tariximizin Səfəvilər dövrünə doğru yanaşılmayıb, Sovet ideologiyası bu dövrə, eləcə də Şah İsmayıl Xətayi şəxsiyyətinə yanaşmada da özünü göstərib. Yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri araşdırılaraq üzə çıxarıldı. Bu mənada akademik Ramiz Mehdiyevin  araşdırması xüsusi olaraq qeyd edilməlidir.

Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov qeyd etdi ki, bu məqalə tariximizin böyük bir dövrünə yeni bir yanaşmanı özündə ehtiva edir. Məqalədə əsaslandırılır ki, Səfəvi dövləti həm milli atributları etibarilə, həm coğrafi, həm də idarəetmə baxımdan türk dövlətidir və bu məqalə Azərbaycana, onun tarixinə qarşı böhtan atanlara tutuarlı bir cavabdır.

Azərbaycan Tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev də vurğuladı ki, sözügedən məqalə tariximizin mühüm bir səhifəsinə verilən qiymət, yeni təfəkkürlü yanaşmadır.

Universitetin prorektoru, professor Yadigar Hüseynov isə qeyd etdi ki, akademikin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi yeni Səfəviçilik ideyasının əsasını qoydu, beləliklə, yazıda qoyulan tezislər tarixçilərimizin qarşısında yeni vəzifələr müəyyənləşdirdi.

Fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov da qeyd etdi ki, məqalə tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirdi, bundan sonra uzun bir dövr ərzində tarixçilərimiz məqalədə qoyulmuş problemlərin araşdırılması və təhlili ilə məşğul olmalıdırlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər