2016-cı ilin aprelində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun anasının Ağdamdakı məzarı illər sonra tapılıb.
Bu barədə Modern.az-a Raquf Orucovun xanımı Sevinc Orucova məlumat verib. Şəhid xanımı Raquf Orucovun anasının məzarını ziyarət edəcəyini söyləyib.
SSRİ-nin son illərində ermənilərin Dağlıq Qarabağa qarşı iddialarının artdığı və onların sərhədyanı bölgələri atəşə tutduğu bir vaxtda Rusiya Ordusunda yenicə xidmətə başlayan Raquf Orucov hərbi hissəni tərk edərək, vətənə dönür və Ağdamda xidmətə davam edir.
Həmin illərdə ermənilərin hücumu daha da genişlənir. Növbəti həmlələrin birində düşmən tərəfin atdığı güllələrdən əvvəlcə Raquf Orucovun dayısı Azər Rəhimov, 1993-cü il iyunun 12-də isə anası Raya Rəhimova şəhid olurlar. Düşmən Ağdamın Cinli kəndini işğal etdiyindən Raquf Orucovun anası öz kəndlərində dəfn olunmur. Ona görə də mərhum yaxınlıqdakı Çullu kəndində dəfn edilir.
Şəhid zabitin xanımı deyir ki, Raquf Orucov işğal illərində anasının məzarını ziyarət edib və onun itib-batmaması üçün ora nişanə qoyub:
“Raqufun şəhidliyindən təxminən iki il əvvəl olardı. O, Ağdamda hərbi hissə komandiri, kəşfiyyatçı idi, hər kolun yerini tanıyır, hər cığırın hara getdiyini bilirdi. Ağdamda tanımadığı yer yox idi. Anası şəhid olanda da onu Raquf dəfn etmişdi. Bir gün söhbət edəndə, təsadüfən dedim ki, sənin ananın məzarını ziyarət etmədiyinə inanmıram. Uzun danışmaq istəmədi, dedi, sən nə bilirsən ki, mən ora gedib-gəlməmişəm, işinlə məşğul ol!
Raquf həmişə Seyid Yusif ağa adlı yaxın dostu ilə dərdləşirdi. Şəhid olandan sonra bir dəfə Yusif ağa ilə görüşdük. Dedi mən sizə bir sirr açacam: Raquf anasının məzarını ziyarət etmişdi. Heç vaxt “Yasin” oxutdurmazdı, amma ziyarətdən sonra “Yasin” oxutdurdu.
Mən əslində bunu bilirdim. Anasını Ağdamın Cullu kəndində dəfn edib, çıxan kimi kənd işğal olunub, məzarın heç bir başdaşı, nişanəsi olmayıb. Raquf anasının məzarını ziyarətə gedəndə beton daşın qırıntılarını yığıb, məzara nişanə qoyub. Elə qoyduğu nişanələrə görə də indi həmin məzarı tapıblar. Kənd qəbirstanlığındakı sonuncu məzar olub. Biz artıq bu gün onun məzarını ziyarət etdik. Həmin ərazidə təhlükəsizlik təmin edilib”.
Qeyd edək ki, polkovnik-leytenant Raquf Orucov 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. Ağdam rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Raquf Orucovun ailəsi Sumqayıt şəhərindəki yataqxanalardan birində məskunlaşıb. Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində 2 il ərzində lazımi hərbi biliklərə yiyələnib.
1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra Bakıdakı hərbi hissələrdən birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üzbəüz mövqeyə Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi xidmətə başlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 ili tamam olanda mükafatlananlar sırasında Raquf Orucovun adı da olub.
1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit Raquf Orucov dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirib. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olub.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə xidmət edib. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olunub.
Raquf Orucov 2016-cı il aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olub və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.