Regional inkişaf proqramlarının uğurlu nəticələri Sumqayıtın timsalında aydın ifadəsini tapır – Vüqar Rəhimzadəsu

2151

1659Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Artıq bu məqsədə xidmət edən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası başa çatıb, dördüncü sənədin icrasına isə 2019-cu ildən start verilib. Bu gün böyük əminliklə deyə bilərik ki, Azərbaycanın bütün bölgələri arasında sağlam rəqabət gedir, irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr xalq tərəfindən dəstəklənir, atılan hər bir addımda insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir. Bölgələrimizin tərəqqisi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılmasının uğurlu nəticələri Sumqayıt şəhərinin timsalında aydın ifadəsini tapır.”

Bu fikirləri Trend-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, iki ilə yaxındır Yer üzünü bürüyən COVID-19 pandemiyasının dünya iqtisadiyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlayıb. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, şaxələndirmə siyasətinin həyata keçirilməsi, enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, onların uğurlu nəticələri Azərbaycanın hər bir çətinliyin öhdəsindən layiqincə gəlməsini, bütün qlobal kataklizmlərdən az itki ilə çıxmasını şərtləndirir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyev iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmamasını qarşıya mühüm tələb kimi qoydu. İnsanların sağlamlığının təminatı ilə yanaşı, iqtisadiyyatda durğunluğun baş verməməsi üçün zəruri addımlar atıldı. Sahibkarlığın inkişafı, iş adamlarına diqqət və qayğı pandemiyaya qarşı mübarizə tədbirlərində də öz prioritetliyini qorudu. Statistikaya müraciət etsək bunun aydın mənzərəsini görərik. Dünyada, o cümlədən ölkəmizdə COVID-19 pandemiyasının tüğyan etməsinə baxmayaraq 2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycanda qeyri-neft sənayesi sahəsində 16,4 faizlik artımın olması hətta sərt karantin rejimi şəraitində belə sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticə verdiyini bir daha təsdiqləyir. Bu baxımdan əminliklə demək olar ki, pandemiya şəraitində bu yüksək artım tempi xüsusilə diqqətəlayiqdir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə strategiyasının qeyri-neft sektorunun davamlı inkişafına, xaricdən idxalın, o cümlədən ölkədən valyuta axınının qarşısının alınmasına hesablandığını bildirən baş redaktor vurğulayıb ki, 2021-ci il yanvarın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında sulfat turşusu, şüşə tara məhsulları və vərəqə şüşə istehsal edəcək yeni zavodların təməlinin qoyulması qeyd olunan sənaye məhsulları üzrə xaricdən asılılığın aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan verir. V.Rəhimzadə söyləyib: “Bu, həm də yerli istehsalın canlanması, iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Son 18 ildə qeyri-neft sənayesinin inkişafını təmin edən mühüm amillərdən biri məhz sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılmasıdır. Sevindirici haldır ki, artıq Sumqayıt Cənubi Qafqazın ikinci mühüm sənaye mərkəzinə çevrilib. Burada yüksək ekoloji standartlara cavab verən müəssisələr yaradılır. Sumqayıt Kimya Parkında istehsal olunan sənaye məhsullarının ixracyönümlü olması ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sentyabrın 3-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə növbəti səfəri çərçivəsində onun iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və digər obyektlərin açılışının olması buna əyani sübutdur. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır. Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib”.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə yanaşı, qeyri-neft bölməsinin inkişafını da həyata keçirilən siyasətin ana xətti kimi öndə saxlayır. Qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin açılması öz növbəsində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi deməkdir. O da məlumdur ki, pandemiya dövründə özünüməşğulluq proqramının icrası da öz prioritetliyini qorudu. Ümumiyyətlə, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlərin həyata keçirilməsi əsas hədəflər sırasındadır. Prezident İlham Əliyev daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu məqsədə xidmət edən müəssisələrdən biridir.

Baş redaktor qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, bölgələrdə dövrün, zamanın tələblərinə uyğun müəssisələrin yaradılması, yeni texnologiyaların tətbiqi şəraitində qarşıya qoyulan vəzifələrin qısa zamanda icrası əsas hədəfdir. Bu isə öz növbəsində kadr potensialının artırılmasını bir tələbə çevirir. Əminliklə demək olar ki, ölkəmizdə bu istiqamətdə görülən işlər, həyata keçirilən təkmil islahatlar təqdirəlayiqdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər