Regionda kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyi qətidir

655

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında bir çox vacib məqamlara aydınlıq gətirildi. Mətbuat konfransında Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə çatdırdı və Azərbaycan dövlətinin ədalətli mövqeyini qətiyyətlə bəyan etdi.

Bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır

İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlərimiz çoxdur. Əhalinin öz doğma yurduna qayıtması üçün burada kompleks yenidənqurma işləri həyata keçirilməlidir. 10 min kvadrat kilometrdən çox ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Bu ərazilərdə yüz minlərlə mina basdırılıb. 10 noyabr tarixindən bu günə kimi minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Biz bunu edəcəyik. Bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb.

Regionda bütün kommunikasiyalar eyni zamanda açılmalıdır

Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu onu göstərir ki, Azərbaycan ötən dövr ərzində infrastruktura böyük sərmayə yatırıb. Bölgədəki bütün kommunikasiyaların açılmasının Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcəyini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan sərhədinə doğru dəmir yollarının və magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun dörd ölkəsi – Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır. Qeyd etdiyim kimi, bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və bu baxımdan ayrı-seçkilik olmamalıdır. Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək.

Beləliklə, Prezident İlham Əliyev bir daha kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyini, istəyini bəyan etdi.

Mövcud müasir nəqliyyat infrastrukturu Azərbaycanın layihələri qısa müddətdə həyata keçirməsinə imkan verəcək

Bütün kommunikasiyaların açılması münaqişə sonrası nizamlanmada vacib bir mövzudur və bu, Rusiya Prezidenti, Ermənistan Baş Naziri və Azərbaycan Prezidenti tərəfindən ötən il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb.

Bu gün Azərbaycan ərazisində artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsi mövcuddur. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna baxmayaraq, ölkəmiz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olub.

Şübhəsiz ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca Azərbaycan ərazisindən daşınacaq yüklərin həcmi artacaq. Çünki Azərbaycan qonşu və bölgədəki bütün ölkələrlə ikitərəfli yaxşı münasibətləri mövcuddur. Bununla yanaşı, Azərbaycandakı siyasi və iqtisadi sabitlik bu istiqamətdə müsbət dinamikanın olmasına şərait yaradacaq.

Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması ilə bağlı mühüm layihələr reallaşdırır.Bu bölgədə üç beynəlxalq hava limanı inşa ediləcək. Füzulidə inşa olunan hava limanı ilin sonunadək istifadəyə veriləcək. Zəngilandakı hava limanı gələn il, Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Bununla da Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

Azərbaycan həm də Xəzər regionunda ən böyük donanmaya sahibdir. Bu, ölkəmizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasını artırmağa imkan verir. Yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışı ölkəmizin logistik və nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Azad edilən ərazilər xarici investorlar üçün cəlbedici olacaq

Prezident İlham Əliyev azad olunmuş ərazilərin investisiya imkanları ilə bağlı da mühüm məqamlara toxundu, prespektivli sahələrə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var. İlkin hesablamalara görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir.

Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər.

Digər sahə turizm ola bilər, baxmayaraq ki, Ermənistan işğal olunmuş ərazilərdə təbiətimizə böyük ziyan vurub. Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir.

Azərbaycan müharibəyə son qoydu, indi sülh barədə düşünmək vaxtıdır

44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Prezident İlham Əliyev bu məsələlərə bir daha toxunaraq qeyd etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Beləliklə, ölkə başçısının münaqişənin bitməsi və sülh haqqında düşünməyin vaxtının gəldiyini qeyd etməsi bir daha sübut edir ki, Azərbaycan hər zaman sülhə hazırdır.

Elvin Səfərli, “yenisumqayit.az” saytının baş redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər