Regionda sülhün yaranmasına mane olanların cəhdləri nəticəsiz qalacaq

415

Son günlər ölkəmizin siyasi həyatı mühüm hadisələrlə əlamətdar oldu. Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, daha sonra Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri hər şeydən öncə Azərbaycanın milli maraqlarını beynəlxalq səviyyədə inamla və uğurla təmin etdiyini göstərdi.

Azərbaycanla Aİ arasında münasibətlərin hər iki tərəfin maraqları əsasında qurulduğunu və qarşılıqlı etimada söykənərək inkişaf etdiyini  bir çox aspektlərdən görmək mümkündür. Məsələn, hazırda Aİ Azərbaycanın əsas qlobal ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi Aİ üzvü olan ölkələrin payına düşür. Aİ-yə üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Siyasi sferaya gəldikdə, bu qurumun 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycanla Aİ arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədi isə Prezident İlham Əliyevin diplomatiyasının mühüm nailiyyətidir. “Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri respublikamızla bu təşkilat arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərdi. Şarl Mişel Azərbaycana səfəri çərçivəsində “Azərkosmos” ASC-ni ziyarət etməsi, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etməsi Aİ-nın ölkəmizin inkişaf səviyyəsi, eyni zamanda, perspektiv inkişaf istiqamətləri ilə maraqlanmasından xəbər verir. Aİ Şurası Prezidentinin Azərbaycanın regionlarına getməsi, Şamaxıda olması, Cümə məscidini ziyarət etməsi xalqımızın dəyərlərinə hörmətinin göstəricisi oldu.

Ermənistanda hələ də 10 noyabr üçtərəfli Bəyanatına qarşı cəfəng fikirlər eşidilməkdədir. Bu ölkənin revanşizm niyyətində olan, xülyadan ayılıb reallığı dərk etməyən siyasətçilərinin Aİ Şurası Prezidentinin səfərindən ümidləndikləri hiss edilirdi. Lakin Şarl Mişelin Bakı səfəri onların bu ümidlərinin üstündən xətt çəkdi. Məsələn, Şarl Mişel Bakıda Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışında “Dağlıq Qarabağ”, “status” və s. bu kimi ifadələr işlətmədi, Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri isə  sadəcə “mübahisə” adlandırdı.  Bu, Ermənistandakı revanşistlərə verilən aydın cavab olmaqla yanaşı, onu təsdiq etdi ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bunu nəzərə alır.

Göründüyü kimi, Aİ Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, respublikamızın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Aİ Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir.

Bu həftənin əsas siyasi hadisəsi olan Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri isə Azərbaycanla bu ölkə arasında siyasi-iqtisadi münasibətlərin qonşuluq və dostluq prinsiplərinə söykənərək daha da dərinləşdiyini göstərdi.  Qeyd edək ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə var və prezidentlərin Moskva görüşündə bu istiqamətdə  postpandemiya dövrünün yaradacağı imkanları nəzərdən keçirildi.

Təbii ki, bu səfərin ən mühüm məqamı iki dövlət başçısının Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsinin növbəti dəfə öz təsdiqini tapmasıdır. Hər iki dövlət başçısı bəyanatla nəzərdə tutulmuş razılaşmaların, həmçinin bütün kommunikasiyaların, o cümlədən  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin  – Zəngəzur dəhlizinin açılması məsələsində vahid mövqedən çıxış edir və bəyanatın müddəalarının yerinə yetirilməsində qətiyyəti nümayiş etdirirlər.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinin hüquqi-siyasi təsdiqi olan 2020-ci il 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələrin mövcudluğu məlumdur. Prezident İlham Əliyevin Moskvada Rusiyanın dövlət başçısı ilə keçirdiyi görüş bir daha təsdiqləyir ki, regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar edilməsində, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmayan həmin qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər