Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışında iştirak etdi. Dövlətimizin başçısının bölgəyə səfəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. Əslində, prezident İlham Əliyev bölgəyə səfərindən öncə – həm ilin 9 ayının yekunlarına həsr olunmuş sosial-iqtisadi müşavirədə, həm də kadr və struktur islahatlarından sonra yeni təyin olunmuş struktur rəhbərlərini qəbul edərkən regionların sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilərə xüsusi olaraq diqqət ayırmış, toplantılarda müvafiq qurumların tapşırıqlarını yerindəcə vermişdi.
Statistika nə deyir?
Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib və bu inkişafda regionların göstəriciləri əhəmiyyətli yer tutur. Bu dövr ərzində ümumi daxili məhsul təxminən 3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb.
Valyuta ehtiyatlarının bu həcmdə artımı olduqca mühüm detaldır – paytaxt və bölgələrdə həyata keçirilən infrastruktur layihələrinə, eləcə də digər nəhəng addımlara kifayət qədər investisiya yatırıldığı halda dövlətin maliyyə ehtiyatlarının bu qədər artımı həm də xərcləmə siyasətinin düzgün qurulduğundan xəbər verir.
Həyata keçirilən əsas infrastruktur layihələri regionların payına düşür. Son 15 ildə 15 min kilometr yol çəkilib ki, bunun çox hissəsi kənd yolları və regionlardakı şəhərlərarası avtomobil yollarıdır. Təkcə cari ilin 6 ayında təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Qazlaşdırma prosesi isə 95 faizi ötüb. Bütün regionlarda sosial inzibati binalar, eləcə də xidmət infrastrukturu ciddi şəkildə inkişaf etdirilib. Eyni zamanda yeni müəssisələr, istehsalat sahələri yaradılıb.
Regionlarda 9 sənaye parkı və məhəllələri qurulub və bu park və məhəllələrdə 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq investisiya kimi qoyulub.
Əhəmiyyətli tsikl
Yuxarıda bəhs etdiyimiz 9 sənaye parkı və məhəllələrin yaradılması nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Qeyd edək ki, həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub. Onun da 300 milyon manatlıq hissəsi xarici bazara çıxarılıb. Bu, o deməkdir ki, proqram regionların inkişafı ilə ixracat arasında bir tsikl formalaşdırır. Regionlarda istehsal olunan məhsul qeyri-neft sektorunun inkişafı olmaqla yanaşı, daxili tələbatı ödədikdən sonra ixrac olunmaqla “Made in Azerbaijan” brendini dünyaya çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının potensialının daha geniş olduğunu vurğulayır və onun tam realizəsini hökumət qarşısında vacib tələb kimi qoyur: “Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır”.
Növbəti proqram nə vəd edir?
Bölgələrdə sənaye sahəsi ilə yanaşı, aqrar sektorda da iri müəssisələrin yaradılması istiqamətində ardıcıl iş aparılır. Regionlarda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Hazırda 22 aqropark fəaliyyət göstərir, ilin sonuna qədər isə daha 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir.
Bu layihələrin icrası üçün ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq ki, bu da regionların sosial-iqtisadi inkişafını stimullaşdırmaqla yanaşı, yeni iş yerləri deməkdir. İlkin hesablamalara görə, sözügedən layihələrin icrası 4 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.
Bu isə o deməkdir ki, növbəti dörd ildə biz regionların inkişafı ilə bağlı müəyyən edilmiş prioritetlərin həllinə, regionların yeni inkişaf mərhələsinə çıxacağına şahidlik edəcəyik.
2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır. Bir az da irəli gedərək, iqtisadçıların daha bir proqnozunu bölüşək: 2023-cü ilə qədər ölkədə ÜDM-in 97,7 milyard manata çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.
Hansı regionlar öz xərclərini qarşılayır?
Regionların dotasiyadan azad olunaraq öz xərclərini qarşılaması gözləntisi uzun illərdir ki, aktualdır. Sevindirici haldır ki, bir vaxtlar yalnız Bakının öz xərclərini ödəyə bildiyi halda, indi 39 regionun öz hesabına yaşaya biləcəyi faktı regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramların effektiv nəticəsini ifadə edir.
Gələn ilin də dövlət büdcəsinin layihəsi hazırlanarkən dotasiyadan imtina edən şəhər və rayonların sayı artdı. Belə ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir rayonları büdcədən maliyyələşməyəcək.
Ümumilikdə isə gələn il 39 şəhər və rayon dövlət büdcəsindən maliyyə almadan özünü yerli gəlirlər hesabına təmin edəcək.
Xatırladaq ki, bu il 35 şəhər və rayon büdcədən maliyyələşmir.
Vüsal Məmmədov,
Analitik Qrup