Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı müvafiq göstərişlərini və tövsiyələrini çatdırdı, eyni zamanda regionlarda görülən işlər barədə ətraflı məlumat verdi.
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev regionların potensialından səmərəli istifadənin vacibliyini bəyan etdi. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulu regionların inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ötən dövr ərzində qəbul olunan hər bir proqramın uğurla həyata keçirilməsi növbəti sənədlərin təsdiqi üçün geniş imkanlar açır. Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən dinləyir, onların icrası ilə bağlı mühüm tapşırıqlar verir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Regionlarda məşğulluğun təmin olunmasına xüsusi əhəmiyyət verilir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Vətəndaş məmnunluğunun yüksəldilməsinin prioritet olması həyata keçirilən bütün dövlət proqramlarında zünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev ilk gündən bu fikri səsləndirdi ki, xalq görülən işlərdən razı olarsa, mən də razı qalacağam.
Dövlətimizin başçısı İlham Əliyev bu inkişafı uğurla davam etdirmək üçün yeni təyin olunan icra başçılarının özlərinin də təşəbbüskarlığının olmasının vacibliyini vurğuladı. Ölkə başçısı bildirdi ki, vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.
Ölkə başçısı bildirdi ki, hər üç rayonda bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, həm də turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq.
Prezident İlham Əliyev çıxışında dövlətin həyata keçirdiyi siyasəti aydın şəkildə bəyan etdi. Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarətin vacib olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, icra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir.
Vətən müharibəsinə əldə etdiyimiz tarixi qələbədən sonra Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var. Dövlətimizin baçısı bildirdi ki, bu gün biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın.
Dövlətimizin bütün istiqamətlər üzrə həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına hesablanıb. Aparılan uğurlu siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da güclənir. Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız bütün uğurlar Azərbaycan cəmiyyətində həmrəyliyi təmin edib və xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşərək həyata keçirilən xarici və daxili siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da Azərbaycanın böyük uğurlar əldə edəcəyinə inanır.
Təbrik Quliyev, Kimya elmləri üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü