Avropada belə insanlara qarşı həbs cəzası var, bizdə isə…
Valideynləri tərəfindən atılan uşaqlar cəmiyyətin hər zaman qanayan yarası olub. Küçəyə atılan, doğulandan sonra başqa ailələrə verilən, uşaq evinə qoyulan körpələr… Bu, bütün dünyada da, Azərbaycanda da çox aktual müzakirə olunan mövzulardır.
Bəs hüquq nə deyir? Bu cür valideyn(lər) hansı formada cəzalandırılmalıdır? Bu cür hallarda valideynin öz məsuliyyətini yerinə yetirməməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi vacib sayılır. Ən ağır cəza isə valideynlik hüququndan məhrum edilmədir. Bəs bunun üçün nə etməli? Yerli icra hakimiyyətinin himayədarlıq və qəyyumluq şöbəsinin komissiyası tərəfindən məhkəmədə məsələ qaldırılır. Valideyn yalnız məhkəmə qərarı əsasında valideyn hüququndan məhrum edilir. Bundan başqa, atılmış uşaqlarla bağlı valideyn uşağın alimentini ödəmədiyi halda da valideyn hüququndan məhrum edilə bilər.
Tərk edilən uşaqların 99 faizi övladlığa verilir
Amma uşaqların küçəyə, xəstəxana, məscid qapısına, varlı evlərin qarşısına atılması nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində geniş yayılmış haldır. Məsələn, Türkiyədə hər il orta hesabla 500 körpə küçəyə atılır. Son 8 ilin statistikası isə qorxuncdur. Belə ki, İstanbul, İzmir, Ankara və Adana başda olmaq üzrə ölkə miqyasında tam 4 min uşaq demək olar ki, ölümə tərk edilib. Türkiyəli sosioloq Ercan Tatlıdil bu faciəni “sürətli qloballaşma ilə birlikdə gənclərin ata-ana sevgisindən uzaq olması” ilə əlaqələndirir.
Bundan başqa, sosial nəzarət mexanizminin geniş yayıldığı vilayətlərdə nikahdankənar uşaq sayı da xeyli aşağıdır. Ümumiyyətlə, böyük şəhərlərdə yalnızlığa düşən gənclərin adət-ənənənin xaricinə asanlıqla çıxdığı faktdır. Amma evli kişidən dünyaya uşaq gətirən qadınlar tamam fərqli davranır. Belə ki, onlar bu yolla dünyaya gələn uşağa heç bir vəchlə sahib çıxmaq istəmirlər. Körpələr birbaşa onu dünyaya gətirən anaları tərəfindən parka və ya binanın qapısına atılır.
Məsum körpələrin hekayələri qəzet səhifələrində tez-tez yer alır. Məscid qapısına, xəstəxana bağçasına, zibil yeşiyinin yanına qoyulan uşaqları ya həmin saatlarda vəzifə başında olan polislər, ya da səhər namazına gedən insanlar tapır. Ümumən uşaqların sübh saatlarında deyilən məkanlara atıldığı qeydə alınıb. Amma bəzən bu hekayələr xoş sonluqla bitmir. Belə ki, zibil qutusunun yanına atılan uşağı vəhşi itlər parçalayır, qışdırsa, bu körpələr soyuqdan donur və sair.
Tərk edilən uşaqların çoxluğu hər nə qədər ürəkləri sızıldatsa da, işin sevindirici tərəfi də var. Bu uşaqların 99 faizi övladlığa verilir və isti bir yuvaya qovuşur. Övladlığa uşaq götürmək istəyən ailələrin xüsusən 0-1 yaş aralığındakı qız uşaqlarını tərcih etdikləri də vurğulanıb.
Uşaqlar ən çox hara atılır?
Evli bir kişi ilə münasibətdən dünyaya gələn, atanın öz familiyasını vermədiyi, qadından da, körpəsindən də imtina etdiyi zaman bu sayaq cinayətlər yaşanır. Belə qadınlar çox vaxt hamilə qalarlarsa, sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümid edirlər. Ona görə də hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına da gəlmir. Amma uşaq dünyaya gələndən sonra da vəziyyət dəyişməyincə, çıxış yolu olaraq uşağı atmağı üstün tuturlar. Bundan başqa, tənha ana olmağı tərcih edən qadınlar ilk günlər bunun çətinliyini dərk edib, riskli addım atırlar. Bu halda da hər kəs öz mənəvi durumuna, insanlığına uyğun addım atır. Körpəsindən imtina etdiyi halda, onun yaşamasını arzulayan qadınlar isə daha humanist yol seçirlər. Belə ki, onlar xəstəxana, məscid və ya tanıdıqları bir sonsuz ailənin qapısını seçərək, övladlarına yaşam və ailə haqqı tanıyırlar.
Dünya uşaq qutusu təcrübəsindən istifadə edir, bizdə isə qutu yox…
Bu sayaq hallar daha çox seriallarda, filmlərdə görürük. Özü də təkcə Şərq ölkələrinə xas bir hal deyil. Dünyanın bir çox ölkələrində uşağından imtina edən qadınlar üçün B variantı da var. Məsələn, Rusiyanın Soçi şəhərində arzulanmayan uşaqlar doğulanda doğum evi və dövlət binalarının yanında Baby-Box adlı özəl qutular yerləşdirilir. İstəyən ailələr dövlətin müdafiəsinə verilmək üzrə yeni doğulan uşaqlarını qutuya qoyurlar. Əgər qadın hər hansı bir səbəblə uşağından gizli bir şəkildə vaz keçmə qərarı alırsa, bu durumda öz körpəsini bu qutuya qoyur. Qutuda qapılar qapanır-qapanmaz aydınlatma, klima və isitmə sistemləri dərhal fəaliyyətə başlayır.
Ananın düşünmək üçün 30 saniyə zamanı qalır. Əgər ana qərarını dəyişdirərək uşağını geri almağı düşünürsə, ona 30 saniyəlik bir haqq verilir. Bu zaman içində qutunun qapısı açıq qalır. Amma sonra qutuların qapısı avtomatik olaraq qapanır.
Qutunun özəl bir funksiyası var. Uşaq qutuya qoyulandan sonra doğum evinə özəl bir siqnal gedir. Qutunun xarici pəncərəsində isə qırmızı işıq yanmağa başlayır. Bu siqnalın ardınca doğum evinin növbətçisi qutuya yaxınlaşaraq körpəni alır.
Körpəsini qaytarmaq istəyən anaya daha sonra bir şans da verilir. Amma ana uşağın ona aid olmasını genetik analizlə təsdiqləməlidir.
Rusiyada bu cür qutulara ciddi ehtiyac var. Ölkənin Səhiyyə Nazirliyindən yayılan məlumatda bildirilir ki, onlar uşaqları daha çox dəmir yolu stansiyalarından, ac və soyuq yerlərdən yığırlar.
Uşağı atmaq üçün Avropa ölkələrinin bir çoxunda bənzər üsullar on ildən artıqdır ki, istifadə olunur. Uşaqlar həmin qutuların içində saatlarla yaşaya bilirlər. Təxminən 3-5 dəqiqə ərzində gələn siqnaldan sonra uşaqlar həmin qutulardan götürülür.
Ümumiyyətlə, “körpə qutusu” sistemi 10 il öncə Avropada tətbiq olunmağa başlayıb. Bu sistem ilk dəfə Macarıstanda tətbiq olunmağa başlayıb, daha sonra isə Almaniyada yayılıb. Hazırda düz 13 ölkədə bu qutulardan istifadə olunur. Avstraliya, Belçika, Çexiya, Macaristan, Hindistan, İtaliya, Fransa, Yaponiya da bu sıradadır.
Bir Qərb ölkəsində xəstəxana və sosial mərkəzlərin divarlarında kiçik pəncərə, poçt qutusuna bənzəyən bir qapaq görsəniz, heç vaxt maraqlanıb açmayın. Çünki qarşınıza kiçik bir uşaq çıxa bilər. Arxa tərəfində özəl isidilmiş mini yataqların yer aldığı bu qapaqlar istənməyən yeni doğmuş körpələrin saxlanması üçün nəzərdə tutulub.
Körpə qutularının ən çox istifadə olunduğu ölkə Almaniyadır. Burada 80 mərkəz var. Körpələrə 8 həftəlik baxım tətbiq olunur. Əgər bundan sonra da ana qərarından vaz keçməzsə, onu övladlığa verirlər. Məsələn, 2015-ci ildə Hamburqda qutulara qoyulan 22 körpədən 7-sinin anası qərarından vaz keçərək, uşaqlarını geri alıb. Avstraliyada isə atılan uşaqlara isə sosial xidmət 6 ay baxır. Daha sonra isə övladlığa verilir.
Çexiyada Sosial İşlər Nazirliyi 2006-cı ildə körpə qutularını qanuniləşdirdi. Amma ölkə polisi bəyanat verdi ki, polis tərk edilmiş uşaqların analarını axtaracaq.
Yaponiyada uşağını atan ananı 5 il həbs gözləyir
Yaponiyada isə bir uşağı tərk etmək anasına 5 ilə qədər həbs cəzası olaraq qayıdır. Ancak Jikei Xəstəxanası özəl icazə sayəsində körpə qutusu sistemini tətbiq etməyə başlayıb. İngiltərədə bu sistemdən istifadə olunmur. Əksinə, iki yaşından daha kiçik bir uşağı övladlığa verən analar 5 ilə qədər cəzalandırılır.
Çexiyada isə hökumət uşağını atan anaya düşünmək üçün 1 həftə vaxt verir. Bəzi ölkələrdə körpə qutuları haqqında neqativ müzakirələr olsa da, Hindistanda bunun tam tərsi baş verir. Hindistan hökuməti bu sayaq qutuların çoxalması üçün səy göstərir. Bunun səbəbi isə ölkədə çox da rəğbət görməyən qız körpələridir. Ötən il keçirilən bir araşdırmada 500 mindən çox qız uşağının abort edildiyi üzə çıxdığından ölkədə insanların istəmədikləri uşaqlarını qoymaları üçün hardasa hər yerə körpə qutuları yerləşdirilir.
Kilsə divarındakı yetim beşiyi
Ilk dəfə 1198-ci ildə İtaliyada istifadə edilməyə başlanan körpə qutularına o zamanlar “yetim beşiyi” adı verilirdi. Papa III. Innocent, ailələrin arzulanmayan körpələri öldürmək yerinə buralara gizlicə qoyulmasını uyğun hesab edirdi. Silindir şəklindəki bu beşiklər kilsələrin xarici divarına bərkidilmişdi. Analar körpələrini bu silindirin içinə qoyub çevirdikləri zaman uşaq kilsənin içinə girirdi. Bunun 19-cu yüzilə qədər istifadə edilmiş bir nümunəsi də hələ Vatikandakı Santo Spirito xəstəxanasında saxlanılır. Bu sistem 1709-cu ildə Hamburqda bir yetimxanada istifadə olunmağa başlandı. Amma ora qoyulan körpələr yetimxananın potensialını aşdığı üçün beş il sonra vaz keçildi. Bu dövrdə Fransa və İrlandiya kimi ölkələrdə də tətbiq olunan sistem 19-cu əsrdə sona çatdı.
Bir çox ölkələrdə uşaq qutuları haqqında neqativ mübahisələr davam etdiyi halda, Hindistanda bunun tamamən əksi baş verir. Hindistan hökuməti qutuların çoxaldılması üçün cəhdlər edir. Bunun səbəbi isə ölkədə çox da sevilməyən, qəbul edilməyən qız uşaqlarıdır. Ötən il aparılan bir araşdırmada məlum olub ki, 500 mindən artıq qız uşağı abort etdirilib. Buna görə də ölkədə insanların istəmədikləri uşaqları atmaları üçün haradasa hər yerə uşaq qutusu yerləşdirmələri lazımdır. İndiyə qədər atılan qız uşaqlarının çoxu yeni bir ailə yanına yerləşdirilib.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”