Rəqiblərimizi tanıyaq

1074

Bildiyiniz kimi, sabah UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Təbii ki, sözügedən Avroliqa mövsümünü azərbaycanlı azarkeşlər üçün daha maraqlı olmasına səbəb Bakının “Neftçi” komandasının ölkəmizin futbol tarixində ilk dəfə Avropanın ən nüfuzlu ikinci klub turnirinin qrup mərhələsində iştirak etməsidir. Məlum olduğu kimi, flaqmanın sözügedən turnirdəki ilk rəqibi Serbiyanın “Partizan” komandası olacaq. Deməli, həm “Partizan”ı, həm də təmsilçimizin digər rəqibləri “İnter” (Milan, İtaliya) və “Rubin” (Kazan, Rusiya) komandalarını yaxından tanımaq maraqlı olardı.

 

 

“Partizan” (Belqrad)

 

Əsası 1945-ci ildə qoyulan komanda Serbiyanın müxtəlif vaxtlarda Yuqoslaviya Krallığı, Yuqoslaviya Federativ Respublikası və Serbiya-Çernoqoriyanın tərkibində olması üzündən bir neçə fərqli ölkə çempionatında çıxış edib. Serbiya Yuqoslaviyanın, daha sonra isə Serbiya-Çernoqoriyanın tərkibində olduğu vaxtlarda “Partizan” ümumilikdə 19 dəfə ölkə çempionu adını qazanıb. Belqrad təmsilçisi həmçinin 9 dəfə Yuqaslaviya kubokuna sahib çıxıb. Serbiya müstəqillik əldə etdikdən sonra da daxili birincilikdə uğurlu çıxış edən “Partizan” ardıcıl beş mövsüm ölkə çempionu olmaqla yanaşı, üç dəfə də Serbiya kubokunu qazanıb.

Serbiya təmsilçisinin Avrokuboklardakı çıxışına gəlincə, komandanın beynəlxalq təcrübəsinin yetərincə olduğunu demək olar. Belə ki, Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) keçirilməyə başlandığı 1955-ci ildə bu yarışın iştirakçısı olması ilə diqqət çəkən  “Partizan” ümumilikdə Çempionlar Liqasında 81 oyun keçirib ki, bunlardan 32-də qalib gəlib, 33-də məğlub olub, 16 matçda isə  heç-heçə qeydə alınıb. Komandanın Avropa Liqasında keçirdiyi oyun sayı isə 89-dur. Bunlardan 37-də qələbə qazanıb, 35-də məğlub olan paytaxt klubu 17 qarşılaşmada isə xalları yarı bölüb.

Xatırladaq ki, hazırda dünya klublarının reytinqində 125-ci olan Vladimir Vermezovicin “drujinası”   “ev” oyunlarını 32700 azarkeş tutumuna malik olan eyniadlı stadionda oynayır.

Qeyd edək ki, “Partizan”ın Avropa Liqasının qrup oyunları üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində aşağıdakı futbolçular yer alır:

Qapıçılar: 30. Nikola Petroviç, 33. Radiša Iliç, 88. Vladimir Stojkoviç

Müdafiəçilər: 2. Aleksandar Miljkoviç, 3.Vladimir Volkov, 5.Stefan Saviç, 6.Vojislav Stankoviç, 15.Ivan Ivanov, 18.Aleksandar Lazevski, 19. Branko Pauljeviç, 37.Stefan Aškovski, 40.Miloš Ostojic

Yarımmüdafiəçilər: 4.Medo, 7.Nemanja Tomiç, 8.Goran Lovre, 10.Zvonimir Vukiç, 11.Nikola Ninkoviç, 13.Nikola Aksentijeviç, 14.Darko Brasanac, 20. Dejan Babiç, 21.Saša Markoviç 22.Saša Iliç, 23.Filip Markoviç, 25.Stefan Baboviç, 39.Miloš Jojiç, 50.Lazar Markoviç, 99.Milan Smiljaniç

Hücumçular: 12.Stefan Scepoviç, 27.Mohamed Zubya, 44.Marko Scepoviç, 45.Aleksandar Mitroviç, 77.Filip Knezeviç

 

 

İnter (Milan)

Qrupun şəksiz favoriti olan “İnter”  1908-ci ildə yaradılıb. Həmin vaxt“neradzurra” nın heyətində italiyalı oyunçularla yanaşı, legionerlər də çıxış edirmiş. Amma bir müddət sonra komandadaxili anlaşmazlıq nəticəsində “İnter”də yalnız legioner futbolçular çıxış etməyə başlayıb. Yerli oyunçular isə klubun parçalanmasından yaranan “Milan”a üz tutub.

Qeyd edək ki, tam adı “İnternasionale” olan komanda müdafiə futbolunun təcəssümü olan “katenaçço”nun yaradıcılarıdır.

Komandanın ölkədaxili uğurlarından danışarkən, “göy-qaralar”ın ümumilikdə 18 dəfə “skudetto”nu qazandığını qeyd etməliyik. Xatırladaq ki, komandanın son 5 çempionluğu 2005-2010-cu illər aralığına təsadüf edib. “İnter”in ölkə daxilində  qazandığı titullardan bəhs edərkən, 7 dəfə İtaliya kubokunu,  5 dəfə isə İtaliya Superkubokunu qazandığını da vurğulamalıyıq. Xwsusən, 2010-cu il “göy-qaralar” üçün qızılla əlamətdar olub. Ölkə çempionluğu, ölkə kuboku, Superkuboku, Çempionlar Liqası əfsanəvi Joze Mourinyonun başçılığı ilə qazanıldı. 1964, 1965-ci illərdə Qitələrarası kubokun sahibi olan “İnter” 2 il əvvəl klublararası dünya çempionatında da zəfər çaldı.

İtaliya təmsilçisinin Avrokuboklardakı çıxışına gəlincə, komandanın dünyanın ən titullu klublarından olduğunu qeyd edə bilərik. İndiyədək 3 dəfə UEFA Çempionlar Liqasını (1963/64, 1964/65 və 2009/10), 3 dəfə isə hazırda Avropa Liqası adlanan UEFA kubokunu (1990/91, 1993/94, 1997/98) qazanan Milan təmsilçisi yuxarıda da qeyd etdiyimiz kimi, iki dəfə Qitələrarası kuboka, bir dəfə isə klublararası dünya çempionatının kubokuna sahib çıxıb.

Xatırladaq ki, hazırda Andrea Stramaççoninin rəhbərlik etdiyi komanda “ev” oyunlarını 80018 tamaşaçı tutumuna malik məşhur “Cüzeppe Meattsa” stadionunda keçirir.

Nəzərinizə çatdıraq ki, “İnter”in Avroliqanın qrup mərhələsinin oyunları üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində ümumilidə 25 futbolçu yer alsa da, onların arasında Deyan Stankoviç və Kristian Kivu kimi tanınmış futbolçuların adı yoxdur.“İnter”in təqdim etdiyi siyahıda olan oyunçular isə aşağıdakılardır: Qapıçılar: 1. Samir Handanoviç, 27. Vid Belek, 12. Luka Kastellazzi

Müdafiəçilər: 23. Andrea Ranoççia, 6. Matias Silvestr, 4. Xavyer Zanetti, 55. Yuto Naqatomo, 44. Matteo Biançetti, 42. Conatan Çiçero Moreyra, 31. Alvaro Pereyra, 25. Valter Samuel, 40. Xuan Xesus

Yarımmüdafiəçilər: 7. Filip Koutinyo, 10. Uesli Sneyder, 16. Qabi Mudinqayi, 24. Marko Benassi, 19. Esteban Kambiasso, 21. Valter Qarqano, 14. Fredi Quarin, 20. Joel Obi, 52. Andrea Romano

Hücumçular: 88. Marko Livaya, 22. Dieqo Milito, 8. Rodriqo Palasio, 99. Antonio Kassano

 

Rubin (Kazan)

 

Tatarıstan paytaxtı Kazanı təmsil edən komanda 1936-cı ildə Qorbunov adına zavodun bazasında yaradılsa da, sonradan fəaliyyətini dayandırıb və 1958-ci ildə bərpa olunub. Komanda yalnız son illərdə Rusiyanın iddialı kollektivlərindən olmağı bacarıb. “Rubin” tarixi ərzində  2 dəfə (2008, 2009) Rusiya çempionatının qızıl, 2 dəfə bürünc (2003, 2010) medalını qazanıb. Ölkə kubokunun son qalibi olan kazanlılar 2008/2009 mövsümündə finalda büdrəyib. Onlar, həmçinin Rusiya Superkubokunun 3 dəfə həlledici oyununda iştirak hüququ qazansalar da, yalnız bunun 2-də (2010, 2012) qalib gəliblər. 2010-cu ildə “Birlik Kuboku”nun da “qızıl”ını medal kolleksiyasına əlavə edən “Rubin” 2005 və 2006-cı illərdə “Manqa kuboku”, 2012-ci ildə “Marbella kuboku”na yiyələnib.

“Rubin” avrokuboklarda 6 mövsüm keçirib. Kazan klubu keçirdiyi 40 oyundan 13-də qələbə qazanıb, 13-də heç-heçə edib və 14-də məğlub olub.

Komanda ilk dəfə avrokubokların qrup mərhələsinə 2009-2010 mövsümündə qatılıb. Çempionlar Liqasının qrupuna düşən Kazan klubu “Barselona”nı məğlub etməklə sensassiyaya imza atmışdı. Yeri gəlmişkən bildirək ki, komandanın Avrokuboklardakı ən uğurlu mövsümü məhz həmin “futbol ili”nə təsadüf etmiş və Çempionlar Liqasının qrup mərhələsini 3-cü sırada tamamlayan kazanlılar mübarizəni Avropa Liqasında davam etdirmiş və bu turnirin 1/8 final mərhələsinə  kimi irəliləmişdi.

Xatırladaq ki, komandanı 2001-ci ildən türkmənstanlı Kurban Berdiyev çalışdırır. Maraqlıdır ki, sözügedən mütəxəssis həm də klubun vitse-prezident postunu tutur. Onu da qeyd edək ki,  “Rubin” “ev” oyunlarını Kazandakı 26 min 920 nəfərlik Mərkəzi stadionunda keçirir.

Sonda isə Tatarıstan təmsilçisinin UEFA-ya təqdim etdiyi iştirak ərizəsində yer alan futbolçuları təqdim edirik:

Qapıçılar: 1. Sergey Rıjikov, 24. Gedrius Arlauskis, 88. Alireza Haqiqi

Müdafiəçilər: 2. Oleq Kuzmin, 3. Kristian Ansaldi, 4. Sesar Navas, 19. Vitali Kaleşin, 25. İvan Markano, 27. Salvatore Bokketti, 76. Roman Şaronov

Yarımmüdafiəçilər: 6. Pablo Orbais, 8. Aleksandr Ryazantsev, 10. Alan Kasayev, 11. Karlos Eduardo, 20. Aleksey Yeryomenko, 23. Roman Yeryomenko, 61. Gökdəniz Karadəniz, 66. Bibras Natxo

Hücumçular: 55. Gökhan Tərə, 9. Sergey Davıdov, 22. Vladimir Dyadyun, 99. Salomon Rondon

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər